Modern.az

Paşinyanın günahlandırdığı KTMT ölkələri hansılardır? - Ekspertlərin cavabı

Paşinyanın günahlandırdığı KTMT ölkələri hansılardır? - Ekspertlərin cavabı

Analitika

25 May 2024, 16:24

Ermənistan Baş naziri Nikol Paşinyanın ötən günkü çıxışı diqqət çəkib.

 

“Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar...

 

Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”,-o deyib.

 

Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu.

 

Bəs Nikol Paşinyan hansı iki dövləti nəzərdə tutur və niyə?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənsitan Baş naziri Nikol Paşinyan çıxışında Rusiya və Belarusu nəzərdə tutub:

 

“Rusiya Ermənistandakı səfirini baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” açıqlamasına görə geri çağırıb. Paşinyan “2 dövlət” dedikdə Rusiya və Belarusu nəzərdə tutub. Paşinyanın bu açıqlaması Kreml sahibi Vladimir Putinin narazılığına səbəb olub və Rusiya prezidentinin təlimatıyla xarici işlər naziri Sergey Lavrov nümayişkənarə şəkildə Sergey Kopırkini müvəqqəti geri çağırıb. Vladimir Putin Nikol Paşinyanın son açıqlamasıyla “qırmızı çizgiləri” aşdığı qənaətindədir. Putin Paşinyana xatırladıb ki, müharibənin qızğın çağında ona zəng edib və atəşkəs təklifi edib. Paşinyan Putinin təklifinə razılaşmayıb və nəticədə Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Putin ona görə Paşinyana bu xatırlatmanı edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsinə görə Paşinyan Rusiya hakimiyyətini deyil, özünü qınamalıdır. Həmin dövrdə atəşkəs bizim də maraqlara cavab vermirdi, işi yarımçıq qoymaq olmazdı. Bu baxımdan Paşinyanın atəşkəsə razılaşmaması Azərbaycanın da maraqlarına uyğun idi”.

 

 

Onun sözlərinə görə, Paşinyanın Belarusu nəzərdə tutmasının səbəbi isə həmin dövrdə Azərbaycanın bu ölkədən raketlər almasıdır.

 

Politoloq Zaur Məmmədov da Baş nazir Nikol Paşinyanın Rusiya və Belarusu nəzərdə tutduğunu düşünür:

 

“O birbaşa yolla demək istəyir ki, Rusiya və Belarus əvvəlcədən 44 günlük müharibənin başlayacağını bilirdilər. Buna baxmayaraq, bu ölkələr faktiki olaraq Ermənistana kömək etməyiblər. Lakin məsələ burasındadır ki, bununla, əslində, o Ermənistanın başda özü olmaqla hakimiyyətini də günahlandıra bilər.  Müharibənin tez-gec baş verəcəyi məlum idi. Aprel döyüşlərindən sonra Ermənistanın  həmin dövrdəki Prezidenti Serj Sarkisyan üzərinə öhdəlik götürmüşdü. Daha sonra həmin öhdəliyi Rusiya vasitəsilə üzərinə götürsə də, icra etməkdən imtina edir. Serj Sarkisyan Paşinyan hakimiyyətə gələndə çox yaxşı bilirdi ki, yaxın illərdə hansı məsələlər öz həllini tapmalıdır. Məsuliiyyəti üzərindən qaçırır. Paşinyan isə hakimiyyətə gələn kimi, müharibə ehtimalının yüksək olduğunu bilə-bilə “Qarabağ Ermənistandır” deyərək danışıqlardan de-fakto çıxmalı olur”.

 

Politoloqun fikrincə, hazırda məntiq Ermənistan daxilində  Rusiya və və Rusiya ilə bağlı olan bütün təşkilat və dövlətlərin imicinə zərbə gətirməkdir:

 

“Paşinyan hazırda bunu edir. Onun dünən MDB hökumət başçılarının iclasına özünün getməməsi, heç əvəzinə Mher Qriqoriyanı da göndərməməsi göstərir ki, Ermənistan Baş nazirinin yolu bəllidir. Hazırda Ermənistan daxilində Sırbizyanın təmsil etdiyi, əslində isə onun arxasında duran qüvvələrin  Rusiya ilə bağlı olması ilə bağlı Ermənistan hakimiyyətinin iddiaları var.Beləliklə, onlara demarş edirlər. Lukaşenko Bakıya səfər etdi. Daha sonra Putinin Belarusa səfəri zamanı Lukaşenkounun Cənubi Qafqaza səfəri ilə bağlı danışması onu göstərir ki, yaxın zamanlarda Cənubi Qafqaz yeni prosesləri görəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?