Modern.az

Bakıdan istefası tələb edilən Paşinyana kömək olacaq?..

Bakıdan istefası tələb edilən Paşinyana kömək olacaq?..

Analitika

27 May 2024, 13:16

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis etirazçıları saxlamağa başlayıb. Günortaya kimi, İrəvanda 270-dən çox etirazçı saxlanılıb.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.

Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Azərbaycanda bir çoxları düşünür ki, Bakıdan erməni cəmiyyətinə dəqiq mesaj göndərilməlidir ki, baş nazir Nikol Paşinyanı devirib sərhəd razılaşmalarından imtina etsələr, bu, onlara baha başa gələcək, elə bilməsinlər ki, danışıqlar sıfır nöqtəsinə qayıdacaq.

Hətta bəzi ekspertlər rəsmi Bakının Paşinyan hakimiyyətinə dəstək verməsinin vacibliyini önə çəkirlər.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korruopsiyas ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Paşinyanın hakimiyyətdən getməsi proseslərə ciddi təsir göstərməyəcək:


“Bu gün Ermənistanda baş verənlər onun dövlətçiliyinin zəifliyini, demokratiya və insan hüquqlarının ancaq sözdə olduğunu göstərir. Qonşu ölkədə baş verənlər onun daxili işidir. Orada baş verənlərin Azərbaycana və bundan sonrakı proseslərə ciddi təsiri olmayacaq. Azərbaycan bu gün öz hüquqlarını müdafiə etməkdə kifayət qədər qətiyyətlidir. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, o, Azərbaycanla razılığa gəlməlidir”.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycanın hüquqlarını müdafiə etmək üçün kifayət qədər yolları var:


“Qonşu ölkə bunu sülh və danışıq yolu ilə etməyə bilər. Lakin Azərbaycanın hüquqlarını bərpa etmək üçün kifayət qədər yolları var. Biz bunu 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatlarında gördük. Ermənistanda baş nazir Nikol Paşinyan, yaxud başqa kimsə olacaqsa, ilk növbədə Azərbaycanla normal münasibətlər qurmağa çalışacaq. Əgər Ermənistan 90-cı illərin metodundan istifadə edib özünə qapansa, bunun ağır zərbəsi ilk növbədə Ermənistan dövlətçiliyinə dəyəcək”.
 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Elşad Mirbəşiroğlu söyləyib ki, əslində Paşinyan ilk dəfə hakimiyyətə gələndə sələflərindən daha sərt mövqedə olub:


“Ermənistanda aksiyalar davam edir, bu proqnozlaşdırılırdı. Əslinə qalsa, bu, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin onun özü üçün yaratdığı problemdir. Hər zaman qeyd edirdik ki, Ermənistanda daxili siyasi durum gərgin olaraq qalacaq. Vəziyyətin daha da gərginləşmə ehtimalı mövcuddur. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra gərginlik mühiti daha da dərinləşdi. Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə sələfləri-Serj Sarkisyan və Robert Köçəryandan da sərt mövqe sərgiləyirdi. Biz bütün bunları yaxşı xatırlayırıq. Cıdır düzündə rəqs edən, “Qarabağ Ermənistandır, nöqtə” deyən həmin Paşinyan idi. O, öz hökumətinin fəaliyyət istiqamətlərindən biri kimi Qarabağdakı separatçıların dəstəklənməsini müəyyənləşdirmişdi. Bəli, Paşinyan bu gün müəyyən mənada konstruktiv mövqe sərgiləyir. Amma onun belə bir mövqe sərgiləməsini biz şərtləndirmişik. Bizim iradəmizlə Paşinyan reallıqlara boyun əydi. Sual qoymaq olar ki, nəyə görə Paşinyan 2020-ci ilə qədər, hətta ondan sonrakı dönəmdə də Azərbaycana qarşı barışmaz mövqe sərgiləyir, onu hər zaman əsassız olaraq ittiham edirdi? Sadəcə olaraq biz onun manevr imkanlarını əlindən çıxardıq, torpaqlarrmızı işğaldan azad etdik. Ona imkan vermədik ki, Azərbaycana qarşı mövqe sərgiləsin. Torpaqlarıımızı azad etdikdən sonra Ermənistana sülh şərtlərimizi təqdim etdik. Paşinyan isə Qərbdən aldığı dəstəklə Qarabağdan könüllü çıxmış ermənilər üzərindən nəsə etməyə cəhd göstərdi. Lakin bütün bunlar Azərbaycan Prezidentinin qətiyyəti iradəsi sayəsində fiaskoya uğradı. Bir daha təkrar edirəm ki, Paşinyan Azərbaycanın yaratdığı yeni reallığı qəbul edənə qədər müəyyən cəhdlər etdi. Lakin Paşinyan sonda hər şeyi dərk etdi. Bundan sonra cəmiyyətinə yeni reallıqları izah etməyə başladı. Azərbaycana qarşı mübarizə Paşinyan və hökumətini daha acınacaqlı vəziyyətə salırdı".
 

E.Mirbəşiroğlunun fikrincə, bütün bunlar hakimiyyətdə kimin olmasından asılı olmayaraq, məsələlərin Azərbaycanın istədiyi kimi olacağını deməyə əsas verir:
 

"Bu gün proseslər Azərbaycanın nəzarəti altındadır. Azərbaycan güc mövqeyini inamla formalaşdırıb. Bu mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. Hesab edirəm ki, baş verənlər Ermənistanın daxili işidir. Biz hər hansı formada bu ölkənin daxili işlərinə müdaxilə etmirik. Bu heç bizim marağımızda da deyil. Mən qeyd etdim ki, Paşinyanın əvvəlki mövqeyi ilə indiki mövqeyi fərqlənir. Buna görə də, Ermənistanda hansı siyasi rejimin olmasına baxmayaraq, Azərbaycanın yaratdığı yeni reallıqlar ümumi proseslərə təsir etmək gücündədir.  Ermənistan cəmiyyəti, ayrı-ayrılıqda siyasi dairələr çox aydın şəkildə dərk edirlər ki, Azərbaycana qarşı revanş acı nəticələrə gətirib çıxaracaq. Ermənsitandakı bütün dairələr bunu aydın dərk edir və Azərbaycana qarşı çıxmağa cürət etməyəcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri