Modern.az

Xalq Cümhuriyyəti: 23 aylıq müstəqillikdə DİPLOMATİYANIN ÖNƏMİ

Xalq Cümhuriyyəti: 23 aylıq müstəqillikdə DİPLOMATİYANIN ÖNƏMİ

Analitika

28 May 2024, 13:56

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündən 106 il ötür.

 

28 May 1918-ci ildə qurulan Cümhuriyyətin diplomatiyası əslində bu tarixdən də əvvələ gedib çıxır. Cümhuriyyətin bərqərar olduğunu elan etmək üçün qurucu babalar Zaqafqaziya Seyminin süquta yaxınlaşdığı hiss edilən vaxtdan işə başlamışdılar. Yaranmış gərgin situasiyada hələ yaranmamış müstəqil Azərbaycanın potensial təbii müttəfiqi heç şübhəsiz ki, Osmanlı dövləti idi.

 

Seymə daxil olan gürcü və erməni kəsiminin qonşu Osmanlıya qarşı Brest-Litovsk sərhədlərini tanımamaq uğruna başlatdığı müharibədə çıxılmaz vəziyyətə düşən Azərbaycan nümayəndələri təbii ki, öz qardaşlarına qarşı silaha sarılmadılar. Məğlubiyyətə məhkum olan gürcü-erməni qüvvələri sonradan Osmanlının hüdudlarını tanımağa məcbur oldular.

 

Osmanlının şərtlərindən biri olan Zaqafqaziya Seyminin Rusiyadan müstəqilliyini elan etməsi məsələsi reallaşsa da, XX əsrin sonlarında və XXI əsrdə zaman-zaman gündəmə gələn "Qafqaz Evi" ideyası üçün Seym mirasını elə də uğurlu saymaq olmaz. Daxili ixtilaflar müstəqil respublikaların yaranmasını labüd edirdi. Bakıda Stepan Şaumyanın başçılıq etdiyi XKS hökumətini (Bakı kommunası) devirib Azərbaycan türklərinin yaşadığı bu əraziləri müdafiə etməyə biganə yanaşan Seymin gürcü və erməni kəsimi Osmanlı hüdudlarında xəyali "vətən" axtarışına çıxmışdılar.

 

Belə bir şəraitdə təsadüfi deyil ki, 26 mayda Gürcüstanın istiqlaliyyətini elan etməsindən sonra Seym dağılarkən və Azərbaycanla Ermənistan da müstəqil respublikalara çevrilərkən Milli Şuranın rəhbər heyəti İstiqlal Bəyannaməsinin imzalandığı mərasimdə yox, diplomatiya cəbhəsində - Osmanlı ilə müttəfiqlik sənədi imzalamaq üçün danışıqlarda idilər.

 

Müstəqilliyin ilk günlərində - 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti arasında imzalanan müqaviləyə əsasən, zəruri olduğu təqdirdə Osmanlı Azərbaycana hərbi yardım göstərmək öhdəliyi götürürdü. Məhz bu yardımın sayəsində - qəhrəman Nuru Paşa və şanlı Qafqaz İslam Ordusunun fədakarlığı bahasına Azərbaycan mövcudluğunu isbatlaya bildi.

 

Ordu quruculuğunun ilk kövrək addımları atıldığı vaxt xarici təcavüzdən Azərbaycanı məhz bu uğurlu diplomatik addımlar sayəsində əldə olunmuş dəstək qorudu. Məhəmməd Əmin Rəsulzadənin "Bakısız Azərbaycan başsız bədəndir" deyimi əsasında Bakının 15 sentyabr 1918-ci ildə azad olunması da məhz bu diplomatiyanın bəhrəsi hesab oluna bilər.

 

 

Doğrudur, burada I Dünya müharibəsinin gedişində doğan geopolitik şərait və böyük dövlətlərlə maraqların uzlaşması faktoru da az rol oynamadı, lakin istənilən halda qurucu babaların zirək və situasiyanı doğru qiymətləndirən praqmatik yanaşmaları olmasaydı, çətin ki, Azərbaycan Xalq Cümhuriyyətini kağız üzərindəki İstiqlaliyyət Bəyannaməsindən real həyata proyeksiya etmək mümkünləşə bilərdi.

 

Qeyd olunduğu kimi, cahan müharibəsinin getdiyi çətin tarixi şəraitdə hərbi gücü olmayan, yaxud çox məhdud olan bu quruluşun yeganə istinadgahı yalnız diplomatiya ola bilərdi. Tarix təkcə yarandığı günlərdə yox, sonradan da Cümhuriyyəti ağır beynəlxalq siyasi sınaqlarla üz-üzə qoydu. Yenə köməyə çatan qurucu babaların diplomatik fəhmi oldu.

 

Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin təbii və demək olar, yeganə müttəfiqi olan Osmanlı dövləti 1918-ci ilin sonlarında başa çatan I Dünya müharibəsində təəssüf ki, məğlub tərəfdə yer aldı. Bununla da imzalanan Mondros müqaviləsinə əsasən bütün digər bölgələrdən olduğu kimi, Osmanlı dövləti Cənubi Qafqazdan da çıxmalı oldu. Yerinə qalib dövlətlərdən gələnlər isə Xalq Cümhuriyyətini tanımaq istəmədilər.

 

Bu mərhələdə Fətəli Xan Xoyski başda olmaqla, Cümhuriyyət qurucularının müstəsna səyləri və diplomatik xidmətləri nəticəsində konsensus əldə olundu və dövlətin mövcudluğunu qorumaq mümkün oldu. Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət məhz güclü və uğurlu diplomatiyası sayəsində ayaqda qala bildi. Zamanla bir çox dövlətlə münasibətlər quran Azərbaycan həm xaricdə səfirliklər açdı, həm də xarici ölkələr Bakıda diplomatik nümayəndəliklər təsis etdi.

 

Paris Sülh Konfransında - dünyanın taleyinin həll olunduğu mühüm tarixi tədbirdə təmsil olunmaq haqqı qazanan Azərbaycanın çətinliklərlə də olsa, nümayəndə heyətinin Fransaya gedib çatması, orada böyük siyasi və diplomatik fəaliyyəti də Xalq Cümhuriyyətinin xarici siyasətinin aktivinə yazılmalıdır. Təsadüfi deyil ki, məhz bu siyasətin nəticəsində 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyi de-fakto tanındı.

 

Təəssüf ki, bir neçə ay sonra - 28 aprel 1920-ci il tarixində Xalq Cümhuriyyəti bolşeviklərin istilasına məruz qaldı və müstəqillik itirildi. Tarixin gedişində geosiyasi vəziyyət əlverişli olmadığı üçün süquta uğrayan Cümhuriyyət mövcudluğunu davam etdirə bilməsə də, həyati əhəmiyyətə malik siyasi miras buraxdı və 1991-ci ildə Milli Azadlıq Hərəkatı nəticəsində yenidən müstəqilliyə qovuşan Azərbaycan Respublikası bu Cümhuriyyətin varisidir.

 

28 May tarixi bu gün Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur və bu gün dövlət əhəmiyyətli əlamətdar günlərdən biri hesab edilir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi