Modern.az

Rusiyanın Xankəndidə konsulluq açması kimə SƏRF EDİR...

Rusiyanın Xankəndidə konsulluq açması kimə SƏRF EDİR...

Analitika

29 May 2024, 16:32

Rusiya Federasiyası Xankəndidə konsulluq açmaq niyyətindədir. Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin çıxış edib.
 

Maraqlıdır, Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir? Məqsəd nədir?
 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi qrupunun üzvü Elşad Mirbəşiroğlu bildirib ki, Kremlin Xankəndidə Baş konsulluq açmaq istəyi ərazi bütövlüyümüzə dəstək kimi dəyərləndirilə bilər:
 

"Rusiya tərəfi Xankəndidə Baş konsulluq açmaq niyyətində olduğunu bildirib. Bunun cari il ərzində baş tutmasını arzulamaqdadır. Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində konsulluqları fəaliyyət göstərir. Amma Rusiyanın yalnız Bakı şəhərində konsulluğu var. Rusiya tərəfi qeyd edir ki, Xankəndidə konsulluğun açılması iki ölkə arasında diplomatik balansı təmin edəcək. Rusiyanın Xankəndidə konsulluq açmaq istəyini ermənilərə yaxşı bir mesaj kimi nəzərdən keçirmək mümkündür. Bu, onu göstəcək ki, Qarabağ əraziləri heç vaxt müzakirə predmeti olmayıb və olmayacaq. Rusiya Baş konsulluğunu Azərbaycan Respublikasının Xankəndi şəhərində açmaqla növbəti dəfə bu təsəvvürləri möhkəmləndirəcək elementləri ortaya qoyur. Vaxtilə separatçılar çox arzu edərdilər ki, belə bir təsisat formalaşdırılsın. Bu, heç vaxt baş verməyib. Həmin ərazilərin Azərbaycanın əzəli, tarixi, heç vaxt mübahisələndirilməyəcək bölgələri olduğu barədə təsəvvürlər şüuraltı da olsa, mövcud idi. Rusiya Azərbaycanın əzəli və əbədi torpağı olan Xankəndidə konsulluğunu açmaq istəyir. Bunu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi də nəzərdən keçirə bilərik".
 


Deputatın sözlərinə görə, gələcəkdə başqa ölkələr də işğaldan azad edilmiş ərazilərdə diplomatik təsisatlar qurmaq istəyə bilər:
 

"Məsələnin digər tərəfi ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev torpaqlar işğaldan azad olunandan dərhal sonra həmin ərazilərin dünyanın ən inkişaf etmiş məkanlarına çevriləcəyini demişdi. Bu gün həqiqətən də işğaldan azad olunmuş ərazilərimizin siması günbəgün dəyişir. Ən müasir quruculuq işləri həyata keçirilir, yüksək tələblərə cavab verəcək nəqliyyat infrastrukturları, hava limanları tikilir. Orada turizmin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Həmin imkanlardan istifadə iqtisadiyyatımıza da çox böyük fayda verəcək. Xarici ölkələrdən, o cümlədən Rusiyadan çoxsaylı turistlər gələcək. Bizə məlumdur ki, Rusiya vətəndaşları ən əsas səyahət istiqamətlərindən biri kimi Azərbaycanı müəyyələşdiriblər. Onlar burada göstərilən xidmətlərdən çox razı qalıblar. Düşünürəm ki, digər ölkələrin də gələcəkdə işğaldan azad olunmuş ərazilərdə özlərinin diplomatik təsisatlarını açmaq istəyi ola bilər. Mən məsələni belə dəyərləndirirəm.
Cənab Prezidentin dediyi kimi, həmin ərazilər dünyanın ən gözəl məkanlarına çeviriləcək. Düşünürəm ki, konsulluğun açılması Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin dinamik inkişafını göstərən amil kimi də dəyərləndirilə bilər. İki ölkə arasındakı əlaqələr müsbət məcrada inkişaf edir. Biz iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Rusiya regionları ayrıca olaraq Azərbaycanla uğurlu əməkdaşlıq sistemi qurmağı bacarıb. Əlaqələrin inkişafı səviyyəsi, münasibətlərin hazırkı xarakteri həm də iki ölkə arasında siyasi-diplomatik təmasların daha da intensivləşməsini şərtləndirir".
 

E.Mirbəşiroğlu vurğulayıb ki, Rusiyanın Xankəndidə konsulluq açıb-açmaması Azərbaycanın iradəsindən asılıdır:
 

" Azərbaycan hər zaman öz maraqlarından çıxış edərək addımlar atır. Bütün hallarda bu, belədir. Rusiya hazırda Xankəndidə konsulluq açmaq niyyətindədir. Lakin məsələ ilə bağlı son sözü Azərbaycan deyəcək".


Politoloq Elxan Şahinoğlu isə məsələ ilə bağlı fikirlərini belə izah edib:


"Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib. Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Xankəndidə konsulluq açması doğru deyil. Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!