Modern.az

Rusiya Qarabağda niyə səssiz QALDI...

Rusiya Qarabağda niyə səssiz QALDI...

Analitika

4 İyun 2024, 12:05

Britaniyalı analitik, Karnegi Fondunun aparıcı tədqiqatçısı Tom de Vaal Rusiyanın Cənubi Qafqaza təsirindən yazıb.

Modern.az saytının məlumatına görə, Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən məqaləsində bildirib ki, Cənubi Qafqaz regionu əsrlər boyu Rusiya üçün strateji əhəmiyyətə malik region olub.

Tomas de Vaal yazır ki, Sovet İttifaqının dağılmasından sonra Moskva yerli ərazi münaqişələrini manipulyasiya edərək, bölgədə öz təsirini saxlamağa çalışıb.

Britaniyalı analitikin sözlərinə görə, 2022-ci ildə Ukraynada başlayan müharibə və Qərbin sanksiyaları Rusiyanı Qafqazla bağlı siyasətində dəyişməyə məcbur edib.

“Hazırda Rusiyanın cənubda biznes tərəfdaşlarına və ticarət yollarına ciddi ehtiyacı var”, - o yazır.

Tomas de Vaal bildirib ki, Rusiyanın bu ilin yazında Qarabağdan çıxması çaşqınlıq yaradıb. Son üç onilliyin çox hissəsində azərbaycanlılar və ermənilər bu ərazi uğrunda vuruşublar. 2020-ci ildə Rusiya tərəfindən erməni əhalisini qorumaq səlahiyyətinə malik sülhməramlı qüvvələr əraziyə daxil olmasaydı, Azərbaycan Qarabağa nəzarəti tamamilə ələ keçirəcəkdi.

“Lakin ötən ilin sentyabrında Azərbaycan Qarabağa daxil olanda həmin sülhməramlılar fəaliyyətsiz idilər. Bununla belə, onların 2025-ci ilə qədər davam edən mandatı var idi. Onlar regionda Rusiyanın təsirini proqnozlaşdırmaqla yanaşı, bəzi ermənilərin Qarabağa qayıtmasına da şərait yarada bilərdilər.
Lakin Rusiya regionu tərk etməyi seçməklə Azərbaycana zəfər qazandırdı”, - Tomas de Vaal yazıb.


Onun sözlərinə görə, sülhməramlılar Qarabağdan çıxmağa başlayan kimi xarici müşahidəçilər Rusiya ilə Azərbaycan arasında hansısa sövdələşmənin əldə olunduğunu güman etdilər.

“Bakı Şərq-Qərb enerji siyasətinin oyunçusudur, iki boru kəməri ilə Gürcüstan və onun yaxın müttəfiqi Türkiyə vasitəsilə nəql olunan neft və qazı Avropa və beynəlxalq bazarlara çatdırır. İranla həmsərhəd olan Azərbaycan həm də Moskva ilə Yaxın Şərq arasında şimal-cənub qapısı rolunu oynayır”, - britaniyalı analitik qeyd edib.

Onun fikrincə, 2020-ci ildəki II Qarabağ müharibəsindən sonra Rusiya Azərbaycana qarşı yeni strateji dönüşə başladı.

“Görünür, sülhməramlıların çıxarılması Bakı ilə Moskva arasında tam razılaşmanın əsas tərkib hissəsidir. Rusiya sülhməramlıları getdikdən cəmi beş gün sonra Əliyev Moskvaya getdi və orada iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə etdi. Danışıqlardan sonra Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Azərbaycan öz dəmir yolu infrastrukturunu modernləşdirəcək və bu, Rusiya ilə ticarəti əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Tomas de Vaala görə, Azərbaycanla ticarəti genişləndirmək və yeni ticarət yolları yaratmaq Ukraynadakı müharibənin yaratdığı iqtisadi boşluğu kompensasiya etməyə çalışan Rusiya üçün Qərblə yarışın bir hissəsidir.

“Müharibə başlayandan sonra Qərb hökumətləri və şirkətləri “Orta Dəhliz” adlanan, Çin və Mərkəzi Asiyadan gələn yüklərin Rusiyadan yan keçərək Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropaya daşınmasını təmin edən marşrutu modernləşdirməyə çalışıblar. Rusiya da öz növbəsində Gürcüstan və Azərbaycan vasitəsilə Yaxın Şərq və Hindistanla əlaqələrini genişləndirməyə çalışıb”.

Tomas de Vaal yazır ki, Rusiyanın Cənubi Qafqazda dəyişən ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarının bərpasıdır.

“Ən cəlbedici marşrut Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı, Ermənistanın cənubundan keçən və Azərbaycanı həm İran, həm də Türkiyə ilə həmsərhəd olan Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yolu xəttidir. 47 millik marşrutu yenidən açmaqla Moskva Ukraynada döyüşən rus qoşunlarının mühüm silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsinə malik ola bilər”.


Analitik yazır ki, hələ 2020-ci ilin noyabrında Putin, Əliyev və Paşinyan Qarabağda münaqişəni rəsmən dayandıran və Rusiya sülhməramlı qüvvələrini bölgəyə gətirən üçtərəfli bəyanat imzalayanda Moskva “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı razılığa gəldiklərini düşünürdü. Çünki bəyanatda regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını tələb edən müddəa var idi və Ermənistan ərazisindən Naxçıvana gedən marşrut xüsusi qeyd edilirdi. Üstəlik, bu marşruta nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində olacağı da bildirilib.
Lakin Ermənistan və Azərbaycan həmin marşrutun əməliyyat şərtləri ilə bağlı razılığa gələ bilmədi.

Tomas de Vaala görə, əgər “Zəngəzur dəhlizi”nə nəzarət Rusiyanın əlincə cəmləşərsə, bu, Qərb üçün bir kabus ola bilər.

"Ermənilər strateji əhəmiyyətli sərhəd bölgəsinə nəzarəti itirəcəklər. ABŞ və onun Qərb müttəfiqləri Rusiyanın İranla arzu edilən quru yolu və dəmir yolu əlaqəsi yaratmaq istiqamətində böyük addım atacağını görəcəklər", - Tomas de Vaal yazıb.

Onun sözlərinə görə, Moskvanın İrəvanla münasibətləri 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab” Paşinyanı hakimiyyətə gətirəndən sonra soyumağa başlayıb.

“İrəvan üçün bardağı daşıran son damla ötən ilin payızında Rusiyanın səssiz razılığı ilə Qarabağ ərazisinin zəbt edilməsi oldu. Kreml təhlükəsizlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Paşinyan öz ölkəsini qətiyyətlə Qərbə doğru aparmağa başladı. Ancaq bu dönüş son dərəcə əlverişsiz bir anda baş verib".

Tomas de Vaala görə, bölgədəki iri regional güclər - İran, Rusiya və Türkiyə Qərbin strateji təsirini azaltmaq və öz təsirlərini artırmaq məqsədi daşıyan ortaq bir gündəliyə sahibdirlər.

Analitikin fikrincə, Ermənistanı Qərbə yönəldən Paşinyan bir çox risklərlə üz-üzədir. Ermənistan Rusiya enerjisindən və Rusiya ticarətindən hədsiz dərəcədə asılıdır: Moskva qazının 85%-ni, buğdanın 90%-ni və Ermənistanın elektrik enerjisinin 1/3-ni təmin edən yeganə atom elektrik stansiyasının bütün yanacağını təmin edir. Ermənistan iqtisadiyyatı hələ də güclü şəkildə Rusiya bazarına yönəlib. Bu əlaqələr Moskvaya böyük iqtisadi təsir rıçaqları verir.


Bakı və İrəvan arasında yeni müharibə ehtimalına toxunan Tomas de Vaal yazır:

“Bakı və İrəvanın müharibədən qaça bilməsi əsasən, Qərb dövlətlərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, belə nizamlanmanı təmin etmək üçün nə dərəcədə siyasi və maliyyə resursları yatırmağa hazır olmasından asılıdır”.

Analitikin fikrincə, hazırda Moskvanın bütövlükdə regiona münasibətdə nəzərə çarpan institusional siyasəti yoxdur.

Britaniyalı tədqiqatçı qeyd edib ki, nəticə etibarilə regionun üç ölkəsi tamamilə fərqli yanaşmalara malikdir. Məsələn, Azərbaycan, deyəsən, Putinin biznes tərzinə üstünlük verir.
Ermənistan Rusiya ilə əlaqələri kəsməyə ən çox həvəslidir.
Bütün bunlar Rusiyanın regionda davranışını son dərəcə gözlənilməz edir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var