Modern.az

Türkiyədə iqtidar-müxalifət dialoqunu zəruri edən SƏBƏBLƏR

Türkiyədə iqtidar-müxalifət dialoqunu zəruri edən SƏBƏBLƏR

Analitika

2 İyul 2024, 14:04

Türkiyənin daxili siyasətində son dövrlər ciddi hadisələr baş verir. Bələdiyyə seçkilərinin başa çatmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətlə dialoqa başlayıb.

 

O, ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni lideri Özgür Özellə bir neçə dəfə görüşüb və müzakirələr aparıb. Ərdoğan, həmçinin İYİ partiyasının keçmiş lideri Meral Akşenerlə də danışıqlar aparıb. Müzakirələrin detalları açıqlanmayıb.

 

Seçkilərdə AKP ilə eyni ittifaqda təmsil olunan MHP lideri Dövlət Baxçalı isə Ərdoğanın CHP sədri ilə görüşünü tənqid edib.

 

Türkiyədə iqtidar-müxalifət dialoqu nədən qaynaqlanır? Bundan sonrakı proseslər necə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Qlobal Jurnalistlər Şurasının üzvü, şərhçi Neşat Gündoğdu bildirib ki, AKP ötən il baş tutan parlament seçkilərdə istədiyi mənzərəni görə bilmədi.

 

"Prezident Rəcəb Tayyib Ərdoğan elə birinci turda seçkini qazanacağını düşünürdü. Lakin, bu, belə olmadı. İkinci turda qazanılan qələbədə də ülkücülərin səsi rol oynadı. Bu da Prezident Ərdoğana yeni addımlar atması üçün əsas verdi. Bundan əlavə, hazırki hökumət sisteminə uyğun olaraq 40 faiz səs toplayan namizədin Prezident seçilməsi üçün cəhdlər vardı. Bəzi millət vəkillərinin vasitəsilə ictimaiyyətə bu fikirlər yayılırdı. Lakin bu da bir nəticə verməmişdi. Prezident Ərdoğanın hazırki hökumət sistemini dəyişdirmək istiqamətində bir düşüncəsi olduğu ilə bağlı fikirlər yarandı. Bu səbəbdən parlamentar sistemə keçid fikri müzakirə olunmağa başladı. Müxalifət cinahı parlamentar sistemə keçməyə çalışdı. Lakin MHP bu parlamentar sistemə keçid məsələsində sərt münasibət sərgilədi. Hər hansı dəyişikliyin, geridönüşün olmayacağından bəhs etdi. Konstitusiya görüşmələri oldu və MHP 100 maddəlik konstitusiya təklifi hazırladı. Həmin təklif AKP ilə müzakirə olundu. Lakin ictimaiyyətə bununla bağlı heç bir informasiya yayılmadı. Yəni arxa planda yeni konstitusiyanın hazırlanması ilə, sistemin dönüşdürülməsi, yaxud dəyişdirilməsi seçkinin ən azından AKP-nin yenidən qazanacağı vəziyyətə gəlməsi əhəmiyyətli idi. MHP isə heç bir zaman belə bir pozisiyada olmadı. MHP bu şəkildə davranaraq AKP-ni qısqaca aldı. AKP MHP-yə bağlı oldu. MHP bir şeyi istəyəndə edir, istəmədikdə edə bilmir. 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra AKP-yə PKK-nın məclisdəki "təmsilçisi" HDP dəstək versəydi, MHP-nin yerinə AKP-nin keçəcəyi və daha liberal olacağını deyənlər olduqca artıqdır. Bu gün AKP liberal və mərkəzdə olan partiya olmasına baxmayaraq, MHP ilə həddindən artıq bağlandığı üçün milliyyətçi fikirlər irəli sürür. Bu isə onun seçici kütləsinin bir hissəsini itirməsinə səbəb oldu. İndi AKP özünə həll yolu axtarır. Bu həll yolunu sistem və konstitusiya dəyişikliyində görür. Konstitusiya dəyişikliyində isə istəklərini təlqin edən MHP var. Ona görə də AKP-nin MHP-yə qarşı "kozır" hazırladığına şahidlik etdiyimiz dövrə daxil olduq. Konstitusiya dəyişikliyi ilə əlaqədar parlamentdə HDP-nin qapısı döyüldü. AKP illərdir ki, MHP ilə birgə bunun əleyhinə idi. Siyasi partiyalarla sürətli şəkildə işbirliyi quruldu. Məsələn, Böyük Birlik Partiyası ön plana çıxarıldı. Yenidən Rifah Partiyası yüksəlişə keçdi. Bunların çoxu MHP ilə arası yaxşı olmayan partiyalardır. Fəqət AKP lazımi səsi toplamaq üçün bu addımları atmaqdan geri durmadı".

"Gəldiyimiz dövrdə yeni konstitusiya, iqtisasdi durumun yaxşılaşması üçün nələr ediləcək, erkən seçki olacağı halda MHP ilə birgə hərəkət edilə bilərmi kimi məsələlər önəmlidir. Çünki MHP-dən ayrılan İYİ Partiyanın sabiq lideri Meral Akşener "getmərəm" dediyi sarayda Ərdoğanla görüşdü. Hazırda siyasətdə inanılmaz hərəkətlilik, dinamika var. Bu da seçkidən sonra "Cümhur İttifaqı" arasında baş verdi. Bunun da səbəbi iqtisadiyyatdan qaynaqlanaraq, hakim partiyaya inamın düşməsi ilə bağlıdır. Baş verənlərin əks-təsirinin necə olacağını zaman göstərəcək", - jurnalist əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”