Modern.az

Pianoçu, velosiped həvəskarı, orta məktəb müəllimi - Yeni NATO baş katibi KİMDİR?

Pianoçu, velosiped həvəskarı, orta məktəb müəllimi - Yeni NATO baş katibi KİMDİR?

Analitika

27 İyun 2024, 15:44

NATO-nun baş katibi vəzifəsinə təsdiqlənən Niderlandın sabiq baş naziri Mark Ruttenin sələfi Yens Stoltenberqdən xaraktercə və siyasi baxışlarına görə fərqlənməsinin hərbi alyansın taleyinə, ümumi kursuna hansı miqyasda təsir edəcəyi müzakirə mövzusudur.

 

Ona rəqib olan Rumıniya prezidenti Klaus İohannisin yarışdan çəkilməsindən sonra bu vəzifəyə yeganə namizəd olan Rutte NATO-nun baş katibi vəzifəsinə təsdiqləndi. Ruttenin oktyabrın 1-də Yens Stoltenberqin yerinə vəzifəyə keçəcəyi gözlənilir.

 

Bəs Mark Rutte kimdir?

 

Modern.az dünya mətbuatının müxtəlif səhifələrinə nəzər salaraq onun haqqında yazılanları bir yerə toplamağa çalışıb.


Rutte Niderlandda koalisiya hökumətinin dağılmasından sonra 7 iyul 2023-cü ildə istefa verib və yeni hökumət qurulana və aktiv siyasətdən ayrılana qədər baş nazir vəzifəsini davam etdirəcəyini bəyan edib. Stoltenberqin səlahiyyət müddətini daha bir müddət uzatmayacağı məlum olanda Rutte NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb. Qısa müddətdə bir çox ölkənin dəstəyini qazansa da, Macarıstan, Türkiyə, Slovakiya və Rumıniya Ruttenin namizədliyini əvvəlcə dəstəkləməyib.

 

 

Rutte siyasi karyerasında tez-tez Ukraynanı dəstəkləyən açıqlamaları ilə gündəmə gəlirdi. O, Rusiya prezidenti Vladimir Putini tənqid etsə də, NATO-nun 32 ölkəsinin hamısının konsensusa malik olmasını təmin edəcək qədər mərkəzi mövqe tutan siyasətçilərdən biri kimi görünür.

 

Tramp və Ərdoğanla yaxşı münasibətləri olan Rutte və onun rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) qaçqınlarla bağlı siyasətində həddən artıq mötədil olduğu üçün daim tənqid edilib. Bu tənqidlərdən sonra onun 4 partiyadan ibarət koalisiyasının dağılmasından sonra ölkədə ultra-sağçı Qirt Vayldersin qələbə çaldığı erkən seçkilər Ruttenin karyerası boyunca ən böyük siyasi məğlubiyyəti hesab edilir.

 

O, 2 iyun 2024-cü ildə vəzifəsini təhvil verdi. Lakin Ruttenin siyasətdən getməsi çox çəkmədi. Yens Stoltenberqin daha bir müddət vəzifəsinə davam etməyəcəyi məlum olanda Rutte baş katiblik üçün alyans dövlətlərinin nəbzini yoxlamağa başlayıb. O, aylarla pərdə arxasında "seçki kampaniyası" aparıb.

 

ABŞ ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı olan Rutte də Rusiya prezidenti Vladimir Putini tez-tez tənqid edən liderlər arasındadır. Ukraynanın dəstəklənməsinin qatı tərəfdarı olan Rutte üçün bir çox müttəfiq dövlətləri razı salmaq çətin olmadı. Bununla belə, Ruttenin vəzifəsi həm də onun namizədliyinə qarşı çıxan ölkələri razı salmaq idi. Macarıstan, Slovakiya və Rumıniya Ruttenin namizədliyini dəstəkləməyib. Rutte üçün Orbanı razı salmaq asan olmadı.

 

 

O, Macarıstanın baş naziri Viktor Orbanı əmin edib ki, Macarıstan NATO çərçivəsində Ukraynaya hər hansı hərbi və ya maliyyə yardımı göstərmək məcburiyyətində olmayacaq. İyunun 18-də Orban verdiyi açıqlamada deyilir: “Baş nazir Mark Rutte də razılaşmamızı dəstəkləyir və onun davamını təmin edəcəyini deyir. Biz hesab edirik ki, o, NATO-nun gələcək baş katibi olmalıdır".

 

Qeyd edək ki, Orban bundan əvvəl Stoltenberqdən ölkəsinin NATO-nun Ukraynaya yardım planlarında iştirak etməyəcəyinə dair zəmanət almışdı...

 

Rutte şəxsi həyatda

 

Məlumdur ki, Rutte adətən evdən işə velosipedlə gedir. Həm də istedadlı pianoçu olan sabiq baş nazir bir dəfə Haaqanın mərkəzi dəmiryol vağzalında ictimaiyyət qarşısında pianoda ifa edib. Ətrafındakıların fikrincə, Rutte yumor hissi, şən xasiyyəti və hazır cavabları ilə seçilir.

 

Ruttenin başqa bir xüsusiyyəti böhranların idarə edilməsində çox uğurlu olmasıdır. Mark Rutte çıxışlarından birində deyib: “Əsl liderlik müxtəlif baxışları dinləmək və anlamaq bacarığı tələb edir”.

 

Niderland şirkətinin Şərqi Hindistandakı nümayəndəsi İzak Ruttenin 6 övladının ən kiçiyi Mark Rutte 14 fevral 1967-ci ildə Haaqada anadan olub. Uşaqlıqdan fortepianoda ifa edən Ruttenin məqsədi konservatoriya təhsili almaq imiş,amma sonradan fikrini dəyişərək Leyden Universitetinin Tarix fakültəsinə daxil olur. 1992-ci ildə magistr dərəcəsini bitirir.

 

 

O, insan resurslarının idarə edilməsi sahəsində uzun illər çalışıb. Siyasətdə sürətli yüksəliş nümayiş etdirən Rutte 2002-ci ildə xristian demokrat baş nazir Yan Peter Balkenendenin rəhbərlik etdiyi koalisiya hökumətində sosial məsələlər və məşğulluq üzrə dövlət naziri olub. O, daha sonra təhsil, mədəniyyət və elm naziri kimi hökumətdə təmsil olunub.

 

Sonralar hökumət başçısı olan siyasətçi Niderlandın ən uzun müddət vəzifədə olan baş naziri kimi 14 il fasiləsiz olaraq bu vəzifəni tutub. Baş nazir olduğu müddətdə bir çox siyasi böhranla üzləşən Rutte bütün bunlardan asanlıqla keçərək yoluna davam etməyi bacardığı üçün heç bir şeyin yapışmadığı “Teflon” ləqəbini alıb. İtaliya, Yunanıstan və Portuqaliya kimi ölkələrə qarşı sərt münasibətinə görə Cənubi Avropada baş verən iqtisadi böhran zamanı “Cənab Xeyr” ləqəbini alan Rutte son illərdə “Cənab Oldu” adlandırılır.

 

Siyasi şərhçilərin fikrincə, ən kritik anlarda belə sakit və gülərüz qalan Rutte gözlənilməz ittifaqlar qurmaq və saxlamaqda mahir siyasətçidir.

 

Köhnə model "Saab" avtomobilinin sahibi olan Rutte bir neçə il əvvələ qədər smartfondan istifadə etmirdi. Telefonunda yazılan mesajları sildiyi üçün siyasi rəqibləri tərəfindən tənqid edilən və məlumatları gizlətməkdə günahlandırılan Rutte köhnə model "Nokia"da yer qalmadığı üçün mesajları daim sildiyini bildirmişdi. Bu müzakirələrə görə Rutte "Nokia" ilə vidalaşaraq 2022-ci ildə smartfona keçib.

 

Vərdişlərini asanlıqla dəyişməyən Rutte müntəzəm olaraq kofe içmək, səhər yeməyi və nahar üçün eyni məkanlara üstünlük verir. Subay və tək yaşayan Rutte anasına olan bağlılığı ilə də tanınırdı. Rutte 2020-ci ildə koronavirus pandemiyası zamanı 96 yaşında vəfat edən anası Miek Rutte ilə hər həftə ikilikdə nahar edirmiş.

 

Niderlandın baş naziri olaraq aylıq 10 min avro civarında maaş almış siyasətçi NATO-nun baş katibi olanda daha yüksək gəlir əldə edəcək. NATO baş katibinin maaşı hazırda ayda 26,5 min avroya yaxındır. Bu artımın Ruttenin təvazökar həyatını çox dəyişməyəcəyini deyirlər.

 

 

Hazırda Rutteni narahat edən yeganə məsələ onun illərdir davam etdirdiyi orta məktəb müəllimi işini saxlaya bilib-bilməyəcəyidir. 2010-cu ildə Niderlandın baş naziri olduqdan sonra Rutte həftədə bir gün Haaqadakı orta məktəblərdən birində sosial elmlər müəllimi kimi fəaliyyət göstərir. Müəllimlikdən böyük zövq aldığını bildirən Rutte bir qədər sərt və intizamlı sayılsa da, şagirdləri tərəfindən sevilir.

 

Rutte NATO-nun Brüsseldəki işi ilə yanaşı, mümkün olduğu qədər Haaqada yaşamağa davam edəcəyini, ona görə də tədrisi davam etdirməyin yollarını axtardığını bildirib. Nazirlər Kabinetinin son iclasından sonra Rutte NATO-dakı yeni vəzifəsinə baxmayaraq, müəllimlik fəaliyyətini davam etdirə bilməyin yollarını araşdıracağını söyləyib.

 

Rutte Anders Foq Rasmussen və Yens Stoltenberqdən sonra bu vəzifəyə təyin olunan üçüncü keçmiş baş nazir və dördüncü Niderland siyasətçisi olacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?