Modern.az

İranda prezident seçkiləri: Nəticələr nəyi dəyişəcək?

İranda prezident seçkiləri: Nəticələr nəyi dəyişəcək?

Analitika

28 İyun 2024, 15:44

Bu gün İranda prezident seçkiləri keçirilir. Namizədlər Səid Cəlili, Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf və Mustafa Purməhəmmədidir. Seçkilərə qatılan 6 namizəddən 2-si seçkilərə 1-2 gün qalmış namizədliklərini geri çəkiblər. Yerdə qalan 4 namizəddən Məsud Pezeşkian islahatçı, digər 3 namizəd isə mühafizəkardır. Pezeşkianın namizədliyinin qeydə alınmasının seçici aktivliyini artırmaq üçün düşünülmüş addım olduğunu söyləyən təhlilçilər var.

 

Məhsa Əminin saxlanıldıqdan sonra müəmmalı şəkildə ölməsindən sonra ölkədə başlanan etirazlar xalqın böyük kütləsinin teokratik İran hakimiyyətindən qopmasında sonuncu və həlledici amil kimi çıxış etdi. Ənənəvi olaraq aşağı seçici aktivliyi ilə keçən İran seçkiləri arasında budəfəki seçki bu baxımdan daha da bariz nümunəyə çevriləcək.

 

Seçkilərin nəticəsindən asılı olmayaraq qeyd etmək lazımdır ki, İrandakı siyasi sistemdə birinci şəxs prezident yox, ali dini rəhbər postunu tutan şəxsdir. Ölkəni idarə edən real persona da məhz ali rəhbərdir və əsas səlahiyyətlər bu vəzifədə cəmləşib. İran prezidenti isə sadəcə ali icraedici funksiyanı yerinə yetirir və hökumətin fəaliyyətinə cavabdehdir.

 

Bundan başqa, dünyanın sivil ölkələrindəki normal seçki yarışından fərqli olaraq, İranda namizədlərin qeydə alınması proseduru qeyri-demokratik mahiyyəti ilə seçilir. Belə ki, hakimiyyəti xalqın iradəsinin təcəssümü nəticəsində formalaşan ölkələrin seçki qanunvericiliyində səsvermə prosesinə namizəd kimi qatılmaq hüququ olan şəxslərin konkret olaraq hansı kriteriyalara cavab verməli olduğu aydın şəkildə təsbit olunub.

 

Bu kriteriyalara cavab verən şəxslər seçkinin təşkilindən məsul olan orqanlara müvafiq sənədlərini təqdim etməklə namizədliklərini qeydə aldıra bilərlər. İranda isə namizəd olmaq istəyənlər hətta qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikləri halda da, xüsusi Şura tərəfindən qeydə alınmaya və seçkilərə buraxılmaya bilərlər.

 

 

Qısası, İranda prezidentliyə namizədləri xalqdan - seçicilərdən əvvəl "elita" seçir, "saf-çürük edir", sonra isə sistem üçün təhlükəsiz hesab olunan namizədlər yarışa buraxılır. Seçici aktivliyinin hər zaman aşağı olması da məhz bundan qaynaqlanır. İnsanlar bilir ki, onların seçiminə verilən bütün namizədlər son nəticədə hazırkı düzənin qorunmasına və davamına xidmət edəcək, sistemdənkənar heç kim siyasi mübarizədə sadəcə olaraq yoxdur.

 

Bununla belə, zaman-zaman teokratik İran hakimiyyəti islahatçı namizədlərin seçki platformasında müəyyən mötədil, yumşaq və nisbi liberal tezislərin yer almasına, xalqa müəyyən işıqlı vədlərin verilməsinə göz yumur, bəzən bunu təşviq edir ki, əhali seçkilərə gəlsin və insanların narazılığı, etiraz potensialı təbliğat-təşviqat dövründə müəyyən qədər realizə olsun. Obrazlı desək, qazan daşmamış qapağı qaldırılsın və buxar çıxsın.

 

Seçki gündəminə gəldikdə, bu seçkilərdə İrandakı miqrantlar, xüsusən Əfqanıstandan olan qaçqınlar əsas müzakirə mövzularından birini təşkil edir. İran rəsmi orqanlarının məlumatına görə, ölkədə 5 milyondan çox əfqan miqrant yaşayır. Miqrant məsələsinin gündəmə daşınmasının səbəblərindən biri də İrandakı iqtisadi problemlərin və sosial-iqtisadi tənəzzülün öz pik həddinə çatması ilə bağlıdır.

 

Uzun illər İranda əfqan miqrantlar yaşayıb, lakin bu seçkilərdəki qədər heç vaxt müzakirə edilməyib. İqtisadi problemlərin əsas səbəblərindən diqqəti yayındırmaq üçün miqrantların məsələsi ön plana çıxarılır. Bunda dünyanın müxtəlif regionlarında radikal sağın və irqçi siyasi qüvvələrin güclənməsi şəraitində qlobal dalğanın da rol oynadığını söyləmək olar.

 

 

BBC yazır ki, prezident seçkilərində əsas namizədlərdən biri və iki müddət İran parlamentinin sədri olan Məhəmməd Baqir Qalibaf təhlükəsizliyi təmin etmək üçün ölkənin şərqində Pakistan və Əfqanıstan sərhəddində divar çəkəcəyini açıqlayıb: "Qeyri-qanuni vətəndaşlar (immiqrantlar), narkotiklər, işsizlik və boşanma kimi bütün ciddi sosial problemlərin kökü... bütün ciddi problemlər ölkənin şərqindən qaynaqlanır".

 

Mötədil namizəd hesab edilən Məsud Pezeşkian da X hesabında yazıb ki, əfqan miqrasiyasının qarşısını almaq üçün sərhədlər tamamilə bağlanmalı və Avropa ölkələri ilə danışıqlar zamanı İrandakı mövcud miqrantların məsələsi tənzimlənməlidir. Bunu praktikada necə etməyi planlaşdırdığını açıqlamayan namizəd əfqan miqrantlarının İran iqtisadiyyatında mühüm rol oynadığını etiraf edib.

 

Seçkiöncəsi sosioloji rəy soğrularında namizədlərdən Mustafa Purməhəmmədinin dəstəyi marjinal səviyyədə göründüyü üçün onun qələbə ehtimalı 0-a çox yaxındır. Əsas rəqabətin iki mühafizəkar (Cəlili və Qalibaf) və bir islahatçı (Pezeşkian) namizəd arasında getdiyi məlumdur. Bəziləri hesab edir ki, mühafizəkar cinahda iki namizədin yarışması bu kəsimin səslərini böləcək və islahatçı elektoratın səsləri hesabına Pezeşkian qalib gələcək, amma nəzərə almaq lazımdır ki, Pezeşkiana səs vermək ehtimalı olan seçicilər - narazılar seçkiyə gəlməkdə o qədər də maraqlı olmayanlardır.

 

Lakin Səid Cəlili və Məhəmməd Baqir Qalibafın qələbəsini real hesab edən proqnozlar da var. Digər bir ehtimal isə heç bir namizədin səslərin yarısından çoxunu ilk turda toplaya bilməyəcəyi və seçkilərin taleyinin ikinci turda həll olunacağı yönündədir. Bir daha qeyd etmək lazımdır ki, İranda prezident real səlahiyyətlərə malik şəxs deyil və bu postu kimin tutması rəsmi Tehranın siyasi xəttinə az təsir edən faktorlardandır.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?