Modern.az

Hansı namizəd İran prezidenti kimi Azərbaycanla münasibəti DƏYİŞƏCƏK?

Hansı namizəd İran prezidenti kimi Azərbaycanla münasibəti DƏYİŞƏCƏK?

Analitika

28 İyun 2024, 16:24

Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə 4 namizəd mübarizə aparır: Səid Cəlili, Məhəmməd Baqir Qalibaf, Məsud Pezeşkian, Mustafa Purməhəmmədir. 
 

Maraqlıdır ki, qalib gələcək yeni Prezidentin Azərbaycanla bağlı siyasəti necə olacaq?
 

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Azərbaycan-İran Parlamentlrəarası İşçi Qrupunun üzvü olmuş Aydın Mirzəzadə bildirib ki, İran Azərbaycan üçün əhəmiyyətli ölkədir:
 

“İran bizim qonşumuzdur. Bizim ümumi tariximiz, mədəniyyətimiz var. Düzdür, İrandakı müəyyən dairələr iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edir. Buna baxmayaraq, ölkələrimiz mehriban qonşuluq şəraitində yaşadıqlarını dəfələrlə sübut edib. Bu gün İranda keçirilən prezident seçkilərində kimin qalib gəlməsini xalq müəyyən edəcək. Azərbaycan İran xalqının seçiminə hörmətlə yanaşacaq”.
 

"İnanıram ki, yeni seçilən dövlət başçısı Azərbaycanla münasibətlərə böyük önəm verəcək. Seçkiqabağı təbliğatda namizədləri biz qonşu ölkələrlə yaxşı münasibətdə olmasına dair fikirlərini eşitdik. Yeni hökumətin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verəcəyini düşünürəm. Bizim birgə görəcəyimiz böyük işlər var. Ən böyük işimiz isə xalqlarımızın sosial sifarişlərini yerinə yetirmək, mehriban qonşuluğu daha da möhkəmlədirmək, birgə layihələr həyata keçirmək, regionda sülhün, əmin-amanlığın olmasına töhfə verməkdir", - A.Mirzəzadə əlavə edib.
 

Politoloq Elxan Şahinoğlu deyib ki, mühafizəkar namizədlər seçilsə, xarici siyasətdə dəyişiklik olmayacaq:
 

"Prezident mühafizəkar namizədlərdən - Səid Cəlili və ya Məhəmməd Baqir Qalibafdan biri olarsa, İranın xarici siyasətində nəyinsə dəyişəcəyini gözləmək əbəsdir. Mərhum prezident İbrahim Rəisi hansı siyasəti yürüdübsə, yeni seçiləcək mühafizəkar namizəd də onu davam etdirəcək. Ermənistana dəstək, dəhlizlə bağlı Azərbaycana təhdid açıqlamaları - yəqin ki, yenə bunlar olacaq".

E.Şahinoğlu əslən azərbaycanlı namizəd, islahatçıları təmsil edən Məsud Pezeşkianın Azərbaycan və Türkiyə ilə bağlı siyasətdə dəyişiklik etmək istədiyini bildirib:
 

"17 il Təbrizin millət vəkili olan, parlamentdəki çıxışlarında İran hakimiyyətinin daxili və xarici siyasətini tənqid edən azərbaycanlı Məsud Pezeşkian prezident seçilərsə, bəlkə o, İran-Ermənistan siyasətini korrektə edə bilər. Lakin buna da ümid azdır. Çünki İran Konstitusiyasına görə, xarici siyasətdə əsas söz sahibi prezident deyil, ali  lider Xamenei və SEPAH-dır. Xarici və təhlükəsizlik siyasətini onlar müəyyənləşdirir. Azərbaycana qarşı ən çox təxribatçı açıqlamalar elə bu iki ünvandan gəlir. Ona görə də, Pezeşkianın da seçilməsinin vəziyyəti dəyişəcəyini düşünümürəm. Bəlkə də Pezeşkian İranın regional siyasətini dəyişmək istəyər. O, keçmiş çıxışlarında deyirdi ki, İranın Türkiyə və Azərbaycan siyasəti yanlışdır. Belə bir istəyi ola bilər. Amma prezident seçiləndən sonra onun  bu istəyi yerinə yetirməsinə SEPAH və ali lider yaşıl işıq yandırarmı? Bu suala cavab vermək çətindir".

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?