Modern.az

Türkiyə və Suriya arasında baş verənlər "3-cü əl"in işidir - ŞƏRH

Türkiyə və Suriya arasında baş verənlər

Analitika

2 İyul 2024, 15:15

Ötən gündən başlayaraq Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib.

Etirazçılar onların yaşadığı və işlədiyi yerlərə daş parçaları atıb. Qaziantep şəhərində isə bir qrup aksiya iştirakçısı Suriya vətəndaşı olan gənci bıçaqlayıb. Aksiya iştirakçıları Türkiyədə məskunlaşan suriyalılar əleyhinə şüarlar səsləndirib, onlardan ölkəni tərk etməyi tələb ediblər.

Etirazlar Adana və Urfaya da keçib. Adananın Seyhan qəsəbəsində və Urfada bir qrup vətəndaş suriyalılara məxsus iaşə obyektlərinin qarşısını kəsərək, onların açılmasına imkan verməyib. Aksiyalara qatılanlar suriyalıların Türkiyə ərazisindən çıxarılmasını tələb ediblər.

İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub.

Bundan sonra isə Suriyada Türkiyə əleyhinə etirazlar başlayıb. Türkiyənin nəzarət etdiyi ərazilərə əhali tərəfindən hücumlar olub.

Bu hadisələr hara apara bilər?

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu Modern.az-a bildirib ki, iki ölkədə baş verən hadisələrdə üçüncü ölkələrin əli var:

“Türkiyə və Suriyanın dövlət adamlarının verdiyi qarşılıqlı bəyanatlar 2022-ci ilin ortalarında dondurulmuş Ankara-Dəməşq normallaşma prosesinin canlanmasına dair gözləntiləri artırıb.

Görünür ki, Türkiyə-Suriya münasibətləri üçün əhəmiyyətli olan bu addım bir çox ölkəni narahat edib. Ona görə də birdən-birə çirkli əllərini işə salıb, həm Suriyada, həm də Türkiyədə insidentlər törətməyə başlayıblar.

İlk olaraq Kayseridə əcnəbi şəxs 5 yaşlı qız uşağına təcavüz etdikdən sonra bir qrup adam bütün xəbərdarlıqlara baxmayaraq suriyalıların iş yerlərinə və evlərinə ziyan vurmağa başlayıb. Daha sonra Suriyada “Fərat qalxanı” əməliyyatı ilə Türk ordusunun nəzarətinə keçən bölgələrdə hücumlar baş verib.

Sosial mediada paylaşılan görüntülərdən aydın olur ki, təxribatçılar Türkiyə ordusunun istifadə etdiyi binaya girməyə çalışıb. Əsgərlər isə havaya atəş açaraq nümayişçiləri qovub. Burdan anlamaq lazımdır ki, Suriyanın şimalındakı təxribat hadisələri Kayseridəki hadisədən kənarda düşünülməli deyil. Çünki bəzi güc mərkəzləri Suriyada sülhün və təhlükəsizliyin qarşısını almağa çalışırlar. Ölümün və qanın olduğu bu bölgənin xalqı 13 ildir ki, hər gün müharibə ilə üz-üzədir. Qaçqın olaraq ilk növbədə Türkiyə və Livanda olan suriyalılar öz ölkələrinə qayıtmaq istəyirlər. Bundan sonra həm Türkiyədə, həm də Suriyada iğtişaş yaradanlar olacaq. Belə hadisələri törədən şəxslər qanun qarşısında məsuliyyət daşıyır. Türkiyə Suriyada baş verən son hadisələri nəzarətdə saxlamaq, əmin-amanlıq və təhlükəsizliyi təmin etmək üçün bu sahədə intensiv iş aparır və aparacaq. Arzumuz odur ki, coğrafiyamızda tezliklə sülh bərqərar olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”