Modern.az

Çinlə birgə saziş Azərbaycana nə verəcək? - ŞƏRH

Çinlə birgə saziş Azərbaycana nə verəcək? - ŞƏRH

Analitika

4 İyul 2024, 14:56

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirində iştirak məqsədilə ötən gün Qazaxıstanın Astana şəhərinə səfər edib. Prezident orada bir sıra həmkarları ilə, eləcə də Çin Xalq Respublikasının lideri Si Cinpinlə təkbətək görüşüb. Görüşdən sonra Azərbaycanla Çin arasında Strateji Tərəfdaşlıq Haqqında birgə saziş imzalanıb.

Birgə saziş Azərbaycana nə verəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası İşçi Qrupu sədrinin müavini Vahid Əhmədov bildirib ki, Çinlə sıx əlaqələrin qurulmasının böyük əhəmiyyəti var:

“Azərbaycanın strategiyası bütün ölkələrlə ikitərəfli müqavilələr imzalamaq, daha çox iqtisadi, siyasi məsələləri müzakirə etmək və bundan kifayət qədər bəhrələnməyə çalışmaqdır. Çin Azərbaycanla kifayət qədər münasibətləri olan dövlətdir. Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı tədbiri öncəsi Çinlə ciddi sənədlər imzalandı. Çin avtomobilinin Azərbaycanda istehsalı ilə əlaqədar artıq razılıq əldə olunub. Kifayət qədər elektroavtomobil Azərbaycanda istehsal olunacaq. Çinlə ticarət dövriyyəsi genişlənir. Ümumiyyətlə, Çin Xalq Respublikasının lideri ilə cənab İlham Əliyev arasındakı görüş çox səmimi keçdi. Tayvan məsələsində Azərbaycanın, Qarabağ məsələsində isə Çinin münasibəti olduqca müsbət və vacibdir. Çinlə Azərbaycan arasındakı belə sıx əlaqələrin çox böyük əhəmiyyəti var”.

V.Əhmədov Çinlə Strateji Tərəfdaşlıq Haqqında Birgə sazişin imzalanmasının Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə olacağını vurğulayıb:

“Hətta Çinlə viza rejiminin ləğv edilməsinə qərar verildi. Ümumiyyətlə, Çinlə münasibətlərin bu səviyyəyə çatdırılması Azərbaycan iqtisadiyyatına müsbət mənada çox ciddi təsir göstərəcək. Çin iqtisadi baxımdan qüdrətli dövlətir, bu ölkənin Ümum Daxili Məhsulunun (ÜDM) həcmi artıqdır və ciddi inflyasiya problemləri yoxdur. Əlaqələr genişləndikcə, bir sıra müəssisələrin Azərbaycanda tikilməsi də sənaye məhsullarının ölkəmizdə istehsalına zəmin yaradacaq. Cənab Prezident logistika məsələsinə də toxundu. Çin böyük dövlət olduğu üçün onun Avropa ilə əlaqə qurması əhəmiyyətli məsələdir. Çinin Azərbaycan, Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də yeni tikiləcək Orta Dəhliz kimi transmilli layihələrə ehtiyac var. Hətta yadıma gəlir Zəngəzur dəhlizi məsələsi ilk gündəmə gətiriləndə Çinin Azərbaycandakı səfiri qeyd etdi ki, dəhlizin açılması onlar üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr getdikcə hesab edirəm ki, daha da inkişaf edəcək. Çox düzgün siyasətdir ki, Azərbaycan heç nədən asılı olmayaraq, ikitərəfli münasibətlərə önəm verir”.

Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası İşçi Qrupunun digər üzvü Aydın Hüseynov söyləyib ki, BMT-nin 5 daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib:

“Çin Qarabağın Azərbaycan ərazisi olduğunu, dəfələrlə bəyan edib. Tarixi Zəfərdən sonra da Pekin Azərbaycanın azad edilmiş ərazilərində quruculuğa töhfə vermək niyyətindədir. Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə güclü zəmin yaradılmasında mühüm rol oynayıb”.

Deputat qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır:

“Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstərib. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən ölkələrdən biri kimi Azərbaycan Çinlə bu tranzitin inkişafına dair Anlaşma Memorandumu imzalayıb və sonrakı dövrlərdə dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur”.

 
A.Hüseynov iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni mühüm siyasi hadisə kimi qiymətləndirib.

“Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır”,- o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi