Modern.az

Bayramov-Mirzoyan görüşündə bu sənəd qəbul oluna bilər - ŞƏRH

Bayramov-Mirzoyan görüşündə bu sənəd qəbul oluna bilər - ŞƏRH

Analitika

10 İyul 2024, 13:54

Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Görüşdə ABŞ dövlət katibi Antoni Blenkenin də iştirakı gözlənilir.

Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirləri NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.

Bəs bu görüşdən gözləntilər nələrdir? Hansısa sənəd qəbul oluna bilərmi?


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, son zamanlar Azərbaycan-Ermənistan danışıqlarına vasitəçilik etməyə çalışan ABŞ-nin belə fəallaşmasının səbəbi var:


"Demokratlar Partiyası seçkilərə hazırlaşır. Onların vəziyyəti o qədər də yaxşı deyill. Buna görə də xarici siyasətdə hər hansı müsbət nəticələrin olmasını çox istəyirlər. Variantlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi istiqamətində hansısa sənəd əldə etməkdir. Əgər plan baş tutsa, onu qələbə kimi qələmə verəcəklər. Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtondadır. Onun təmasları hesab edirəm ki, uğurlu olacaq. Münaqişə mövzusuna qayıtdıqda deyə bilərik ki, yekun sülh müqaviləsini imzalamaq bu müddətdə mümkün deyil. Ortada onlarla problem var ki, onların həlli vaxt tələb edir. Sərhədlərin delimitasiyası,  Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələləri".
 

Sabiq xarici işlər naziri ilkin sənədin qəbul edilməsinin mümkün olduğunu vurğulayıb:
 

"Sülh prosesi üçün siyasi çərçivə yaradan tezislər var. Bu tezisləri 2021-ci ildə Azərbaycan Ermənistana təklif edib. Bunların əsasında danışıqlar başlayıb. İndi qısa, əsas prinsipləri özündə ehtiva edən sənədin qəbul olunması mümkündür. Burada heç bir problem yoxdur. Cənab Prezident bir neçə gün əvvəl bu barədə danışıb. O deyib ki, baza prinsiplərini əhatə edən sənədin qəbul olunması mümkündür. Qeyd etmək lazımdır ki, yenə də bu, yekun sülh sazişi deyil. Gələcək danışıqlar üçün hansısa siyasi çərçivə yaradan sənəd olacaq.  Orada Azərbaycanın mövqe və maraqlarına uyğun olan prinsipləri əks etdirmək mümkündür".
 

T.Zülfüqarov Ermənistanın artıq geopolitik əhəmiyyətinin olmadığını qeyd edib:


"Ermənilər həmişəki kimi Almatı deklarasiyasına əsasən, sərhədlərin təsbit olunmasını istəyirlər. Dəfələrlə, onlara göstərildi ki, Almatı deklarasiyasında sərhədlər barədə söz yoxdur. Digər tərəfdən, Almatı deklarasiyasından bunlar özləri imtina edib. Bu qərarları ləğv edin ki, onu tələb edə biləsiniz. Ermənilər istəyirlər ki, vəziyyəti öz xeyirlərinə dəyişdirsinlər. Ümid edirlər ki, Bayden administrasiyası bunların tərəfini saxlayacaq. Lakin Ermənistan geopolitik baxımdan daha o qədər də maraq dairəsində deyil. Vəziyyət dəyişib. Bu, bizim üçün problem yaradan sənəd deyil. Bizim vaxtilə irəli sürdüyümüz prinsiplərin təsbit olunması xeyrimizədir. Bu baxımdan ümid var ki, saziş qəbul olunacaq".
 

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım xatırladıb ki, Azərbaycan-Ermənistan xarici işlər nazirləri  44 günlük Vətən müharibəsindən sonra dəfələrlə görüşüblər:
 

"Azərbaycan sülh müqaviləsi ilə bağlı şərtlərini Ermənistana çatdırıb. Bunlardan ən əsası Ermənistan konstitusiyasında dəyişiklərin edilməsi ilə bağlıdır. Ermənistan Baş naziri Nikol Paşinyan da bu təklifə müsbət yanaşıb. Həm mətbuatda, həm parlamentdə bunu dilə gətirib. Paşinyan "regionda davamlı sülh üçün konstitusiyamızı dəyişməliyik" fikirini ictimaiyyətlə bölüşməyə başlayıb. Bu, Azərbaycan üçün olduqca vacib bir nöqtədir. Fransa və digər bəzi qüvvələr Ermənistanı silahlandırmaq istiqamətində işlər görürlər. Paşinyan cənab İlham Əliyevlə dialoqda uyğunluq göstərir. Xarici işlər nazirləri də eyni şəkildə məsələlərdə uyğunluq sərgiləyirlər. Sülh üçün hər bir görüşün nəticəyə bir addım daha yaxınlaşdıracağını düşünürəm".
 

Ş.Ayrım vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçiriləcək görüşündə müsbət nəticələr əldə ediləcək:
 

"Sülh üçün hələ ki iki əsas maneə var: Ermənistan konstitusiyası və Minsk qrupunun ləğvi. Minsk qrupunun ləğv olunması üçün Azərbaycan və Ermənistan eyni anda müraciət etməlidirlər. Yəni sülhə çox az qalıb. Regionda sülhün davamlı olması üçün bu görüşləri önəmli hesab edirəm.
Vaşinqton görüşünün sülh prosesinə müsbət təsiri olacaq. Amma bu təsiri sabah hiss edərikmi, bunu demək çətindir. Bu görüşün NATO toplantısında baş tutması önəmli hadisədir. İnşallah, düşünürəm ki, nəticələri xeyirli olar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır