Modern.az

Tehran-Bakı münasibətlərində yeni dövr: səfirlik açılacaq, tələbə buraxılacaq?

Tehran-Bakı münasibətlərində yeni dövr: səfirlik açılacaq, tələbə buraxılacaq?

Analitika

11 İyul 2024, 16:40

İranda etnik azərbaycanlı Məsud Pezeşkian prezident seçildikdən sonra onun ilk təbrik edənlərdən biri Azərbaycanın dövlət başçısı İlham Əliyev olub. İlham Əliyev Pezeşkianı Azərbaycan Respublikasına səfərə də dəvət edib. M.Pezeşkian da öz növbəsində İlham Əliyevi İrana dəvət edib.

Məsud Pezeşkianın prezident seçilməsi gələcəkdə İran-Azərbaycan münasibətləri üçün nələr vəd edir? İki ölkə arasındakı əlaqələr baxımından yeni dövr başlanır?


VI çağırış Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Azərbaycan İranla münasibətdə qarşılıqlı maraqların tapılması və onların möhkəmləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, beynəlxalq birlikdə mümkün qədər ümumi mövqedən çıxış etməyi önəmli sayır:


"İranın yeni seçilmiş lideri hələ hökuməti elan etməyib. Pezeşkian İran hökumətinin prioritet istiqamətlər üzrə aparacağı siyasətin kontrlarını cızmayıb. Bununla belə, Azərbaycan prezidentinin İranın yeni dövlət başçısına  zəngi və bu zaman toxunulan məsələlər onu göstərir ki, hər iki ölkə yaxşı, mehriban qonşuluq münasibətlərində olmaq əzmindədir. Mərhum prezident Rəisinin dövründə əldə olunmuş razılıqların bundan sonra da davam etdirilməsi gözləniləndir. Azərbaycan və İran yaxşı münasibətlərdə maraqlıdır. Hər iki ölkənin ümumi tarixi, mədəniyyəti və bir çox məsələlər üzrə ümumi baxışları var. Eyni zamanda mehriban qonşuluq istənilən ölkənin inkişafı üçün çox önəmli məsələdir".
 

A.Mirzəzadə Pezeşkianın İlham Əliyevi İrana rəsmi səfərə dəvət etməsini belə şərh edib:


"Yeni seçilmiş prezidentin Azərbaycana dəvət edilməsi, eyni zamanda Pezeşkianın Azərbaycanın dövlət başçısının İrana rəsmi səfərə dəvət etməsi iki ölkə liderinin münasibətləri yaxşılaşdırmaq əzmini göstərir. Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması hər iki xalqın sosial sifarişidir. Artan turizm əlaqələri, genişlənən ticarət bunu bir daha sübut edir. İranın yeni liderinin fəaliyyətə başlaması ilə şifahi razılaşmaların, elan edilən prioritetlərin bundan sonra möhkəm olacağını gözləməyə dəyər".


Politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan-İran münasibətlərində canlanmaya səbəb olacaq amillər var:


"Azərbaycan türkünün İranda prezident seçilməsi, onun keçmiş çıxışlarında hökuməti tənqid edərək Türkiyə və Azərbaycanla normal əlaqələrə çağırmasını nəzərə alsaq, bu kimi amillərin bölgədə müsbət atmosfer yarada biləcəyini deyə bilərik. Üstəgəl bu, Azərbaycan-İran münasibətlərində canlanmaya da səbəb ola bilər. Azərbaycan-İran münasibətlərində sual işarələri hələ də var. Tələbimiz İranda həbsdədir, Azərbaycana qarşı təxribatçı qruplar kök salıb. Keçmiş Azərbaycan vətəndaşları tərəfindən ölkəmiz əleyhinə açıqlamalar səsləndirilirdi. Ümidlər var ki, Pezeşkian xarici siyasətdə müəyyən korrektələr edəcək. Pezeşkianın Azərbaycanla münasibətlərin inkişafına çalışacağına ümidlər var. Suallar yaradan məsələlərə aydınlıq gətiriləcək".

Politoloq vurğulayıb ki, Pezeşkian ilk xarici səfərlərindən birini Azərbaycana edəcək və bununla da Azərbaycan-İran münasibətlərinə yeni nəfəs gələcək:
 

"Təsadüfi deyil ki, Məsud Pezeşkianı prezident seçilməsi münasibəti ilə təbrik edən dövlət başçılarından biri İlham Əliyev olub. İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət edib. Pezeşkian da qarşılıq verib və İlham Əliyevi İrana çağırıb. Əlavə olaraq ilk xarici səfərlərindən birini Məsud Pezeşkian Azərbaycana edəcək. Bununla da iki ölkə arasaındakı münasibətlərə yeni nəfəs gətirəcək. Buna uyğun olaraq da böyük ehtimalla Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək. Ancaq həllini gözlədiyimiz məsələlər var. Məsələn, tələbəmiz azadlığa buraxılmalı, keçmiş Azərbaycan vətəndaşlarının İrandakı təxribatçı fəaliyyətləri durdurulmalıdır. Bu kimi məsələlərdə Pezeşkianın real addımlar atmasını gözləyirik. Araz dəhlizi, Azərbaycandan İrana keçən dəmiryolu və nəqliyyat yolları, Şimal-Cənub dəhlizinin işə düşməsi kimi məsələlərdə Pezeşkian fəaliyyətlərini genişləndirəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı