Modern.az

Harris-Tramp yarışı: ABŞ xarici siyasətində kimin prezident olmasının önəmi var?

Harris-Tramp yarışı: ABŞ xarici siyasətində kimin prezident olmasının önəmi var?

Analitika

24 İyul 2024, 17:16

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca siyasi proseslər qızğın məcraya yönəlməkdədir. Məlumdur ki,ABŞ prezidenti Co Bayden namizədlik yarışından geri çəkildikdən sonra onun əvəzinə vitse-prezident Kamala Harrisin namizəd olacağı gözlənilir. Doğrudur, Harris hələ rəsmi olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi seçilməyib. Lakin partiyada mütləq əksəriyyətin onun namizədliyinə yaxşı baxdığı deyilir.

 

O, prezidentlik yarışında qalib gəlsə, ölkənin xarici siyasət kursunun necə dəyişəcəyi maraq doğurur. Məsələn, Ukrayna məsələsi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampın seçiləcəyi ssenarilərdə onların çox fərqli mövqe sərgiləyəcəkləri mühüm xarici siyasət məsələlərindən biri olacaq. Təbii ki, bunun əksini iddia edən şərhçilər də var.

 

Trampın bu məsələ ilə bağlı mövqeyi Ukraynanın Rusiya işğalına qarşı müqavimətini dəstəkləyənlərdə böyük narahatlıq yaradır. Onun prezident seçilməsinin dəstəyi zəiflədəcəyi və Rusiyanı ehtiyatsız davranmağa təşviq edəcəyi ilə bağlı qorxular var. Harrisin isə Baydenin bu məsələdəki siyasətini davam etdirəcəyi şübhə doğurmur. O, iyun ayında İsveçrədə Ukraynada keçirilən Sülh Sammitində ABŞ-ı təmsil edib.

 

 

Trampın “America First” siyasətinin Ukraynaya Rusiyaya güzəştə getməklə bağlı təzyiqə səbəb olacağı barədə düşüncələr var. NATO ilə bağlı da namizədlərin baxışlarında fərqliliklər var. Harris Trampın NATO üzvlərinin ÜDM-nin ən azı 2%-ni müdafiəyə xərcləmədiyi təqdirdə NATO-dan çıxmaqla hədələməsini sərt şəkildə tənqid edib. Tramp isə əks halda Rusiyanı NATO ölkələrini işğal etməyə təşviq edəcəyini bildirmişdi.

 

İsrail və Fələstinin Qəzza sektorundakı HƏMAS qruplaşması arasındakı toqquşmaya münasibətdə rəqiblərin hər ikisi Təl-Əvivə dəstək ifadə edib. Harris HƏMAS-ın hücumundan sonra İsrailin müdafiə etmək hüququna malik olduğunu bildirib. Bununla belə, əməliyyatların başlamasından 1 ay sonra o, İsrailin Qəzzadakı hərbi kampaniyasında "çox sayda günahsız fələstinlinin öldürüldüyünü" də bəyan edib.

 

Harris bəyan edib ki, İsrail günahsız mülki insanları qorumaq üçün daha çox işlər görməlidir. O, həmçinin İsraili sərhəd keçid məntəqələrini açmağa və humanitar işçiləri qorumağa çağırıb. Tramp da prezidentliyi dövründə İsrailə böyük dəstək verib. O, İsrailə səfəri zamanı deyib ki, ABŞ Yerusəlim-Qüdsün İsrailin paytaxtı olmasını dəstəkləyir. Ümumən, namizədlərin Çin, Afrika və Yaxın Şərqə yönəlik siyasi yanaşmaları əsasən bənzərdir.

 

 

Qeyd etmək lazımdır ki, siyasi sistemi oturuşmuş ölkələrdən olan ABŞ-da administrasiyanın dəyişməsi dövlətin xarici siyasətinə, beynəlxalq münasibətlərdəki roluna qismən təsir edən faktorlardandır. Tarix və nümunələr göstərir ki, kimin prezident olmasından asılı olmayaraq qlobal güc mərkəzi olan Vaşinqton dünyada gedən geopolitik proseslərdə aktiv rol alır, özünün və müttəfiqlərinin maraqlarını daim qoruyur.

 

İstənilən halda, əksər analitiklər Tramp kimi proqnozlaşdırılması çətin olan personanın ABŞ-a rəhbərlik etməsi halında sistemin siyasi qanunauyğunluqlarından mümkün kənara çıxmalara daha çox rast gəlinəcəyi qənaətindədirlər. Lakin o, artıq bir dəfə 4 il müddətinə (2016-2020) prezident olub və seçki kampaniyası dövründəki radikal və populist vədlərinin əksərini real situasiyada yerinə yetirə bilməyib və sistem qorunub.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri