Modern.az

Qəzzada atəşkəs danışıqları dalana dirənir - İsrailin yeni TƏLƏBLƏRİ

Qəzzada atəşkəs danışıqları dalana dirənir - İsrailin yeni TƏLƏBLƏRİ

26 İyul 2024, 09:00

İsrail Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı müzakirə edilən plana dəyişiklik etməyə çalışır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, İsrail atəşkəs üçün yeni şərtlər irəli sürüb. Təl-Əviv deyir ki, atəşkəs başlayanda anklavın şimalına qayıdan köçkün fələstinlilər yoxlanışdan keçməlidir. İsrailli diplomlar Qəzzanın şimalına qayıdan mülki əhali üçün yoxlama mexanizminin yaradılmasını istəyirlər, onlar bu əhalinin HƏMAS döyüşçülərini dəstəkləyə biləcəyindən ehtiyat edirlər.

 

Agentliyin mənbələri deyir ki, HƏMAS İsrailin yeni tələbini rədd edib.

 

İsrailin digər bir tələbi Qəzzanın Misir sərhədi ilə bağlıdır. İsrail atəşkəsdən sonra sərhədə nəzarətin özü tərəfindən həyata keçirilməlisini istəyir. Ancaq Misir sözügedən tələblə razı olmayıb. 

 

Məlumata görə, İsrail Filadelfinin dəhlizi adlanan Misirlə sərhəd boyunca 14 km-lik torpaq zolaqdan öz qüvvələrini geri çəkməkdən imtina edib. İsrail Müdafiə Qüvvələri zolağı may ayında ələ keçirib. Təl-Əviv bildirib ki, strateji zonada HƏMAS-ın silah və digər təchizat aldığı qaçaqmalçılıq tunelləri var. Misir illər əvvəl Qəzzaya aparan tunel şəbəkələrini məhv etdiyini və qaçaqmalçılığın qarşısını alan bufer zonası və sərhəd istehkamları yaratdığını deyir.

 

"Reuters" məlumatı dəqiqləşdirmək üçün İsrail, Misir və Qərb rəsmiləri ilə əlaqə saxlamağa cəhd etsə də, nəticəsiz qalıb. HƏMAS rəsmiləri isə bildirib ki, hələlik İsrail Baş naziri Benyamin Netanyahunun mövqeyində heç bir dəyişiklik yoxdur.

 

Netanyahu bu həftə Vaşinqtona səfər edib. O, dünən ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harrislə görüşüb və ABŞ Konqresində çıxış edib. Netanyahu çıxış zamanı bildirib ki, İsrail Qəzzada saxlanılan girovların azad edilməsi üçün “intensiv səylər göstərir”.

 

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi isə atəşkəslə bağlı boşluqların qaldığını deyib: "Biz indi əvvəlkindən daha yaxınıq".

 

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə nəticəsində 39 mindən çox fələstinli həlak olub və Qəzzanın 2,3 milyon əhalisinin çoxu didərgin düşüb. İsrailin məlumatlarına görə, HƏMAS 1200 nəfəri öldürüb və 250-dən çox şəxsi əsir götürüb. 120-yə yaxın girov hələ də saxlanılır. İsrail girovların üçdə birinin öldüyünü düşünür.

 

Birləşmiş Ştatlar, Qətər və Misir İsrail və HƏMAS arasında danışıqlara vasitəçilik edir. Bayden müharibənin dayandırılması üçün üç mərhələdən ibarət olan təklif edib. Co Bayden Qəzzada on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət atəşkəs planı təqdim edib. Təklif atəşkəs, israilli girovların və fələstinli məhbusların azad edilməsi və Qəzzanın yenidən qurulmasını nəzərdə tutur.

 

Birinci mərhələ: Atəşkəs, girovların bir hissənin azad edilməsi və İsrailin qismən çəkilməsi 

 

Planın birinci mərhələsi altı həftə davam edəcək və bu mərhələdə tam atəşkəs elan olunacaq. İsrail qüvvələrinin Qəzzanın “bütün məskunlaşmış bölgələrindən” çıxarılmalı, qadınlar da daxil olmaqla bir sıra girovların azad edilməsi, qocalar, yaralılar qarşılığında yüzlərlə fələstinli məhbusun sərbəst buraxılması təmin edilməlidir.

 

İkcini mərhələ: Bütün girovların azad edilməsi və İsrailin tam çıxarılması 

 

Bayden ikinci mərhələni “düşmənçiliklərə daimi son” adlandırıb. Bununla belə, o, əlavə edib ki, ikinci mərhələyə çatmaq üçün danışıqlar altı həftədən çox davam edə bilər, çünki iki tərəf arasında fikir ayrılıqları olacaq. Baydenin sözlərinə görə, ikinci mərhələdə kişi əsgərlər də daxil olmaqla sağ qalan bütün girovlar azad ediləcək, İsrail qüvvələri Qəzzadan çəkiləcək: “HƏMAS öz öhdəliklərinə əməl etdikcə, müvəqqəti atəşkəs hərbi əməliyyatların daimi dayandırılmasına çevriləcək”.

 

Üçüncü mərhələ: Qəzzanın yenidən qurulması 

 

Bayden bu mərhələdə "Qəzza üçün əsaslı yenidənqurma planının başlayacağını və öldürülən girovların son qalıqlarının ailələrinə qaytarılacağını" söyləyib.

 

O, İsrailin “son səkkiz ay ərzində HƏMAS qüvvələrini darmadağın etdiyini” deyib və əlavə edib ki, hazırda HƏMAS daha bir "7 oktyabr" (HƏMAS-ın hücumunun başladığı tarix - red.) həyata keçirməyə qadir deyil”.

 

Bayden bildirib ki, Qəzzanın yenidən qurulması ilə bağlı razılaşmada ərəb ölkələri və beynəlxalq ictimaiyyət “HƏMAS-ın yenidən silahlanmasına imkan verməyəcək şəkildə” iştirak edəcək. O əlavə edib ki, Vaşinqton öz tərəfdaşları ilə Qəzzada evlərin, məktəblərin və xəstəxanaların bərpası üçün çalışacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri