Modern.az

Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib - Hərbi ekspert razılığı ŞƏRH ETDİ

Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib - Hərbi ekspert razılığı ŞƏRH ETDİ

Analitika

10 Avqust 2024, 12:33

Azərbaycanla Ermənistanın nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılmasına razılaşdığı barədə məlumat yayılıb.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da (Zəngəzur dəhlizi) daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli mətbuata açıqlamasında xəbəri təqsdir edib. O, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib. Badalyan əlavə edib ki, razılığa görə bu məsələ daha sonra həll olunacaq.
 
Bakı ilə İrəvan arasındakı razılaşma birmənalı qarşılanmayıb. Ekspertlər sözügedən məsələ ilə bağlı müxtəlif şərhlər, açıqlamalar verirlər.

Modern.az xəbər verir ki, hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayramın sözlərinə görə, sülh müqaviləsi layihəsindən regional nəqliyyat kommunikasiyalarına dair maddənin çıxarılması barədə tərəflərin gəldiyi razılıq Zəngəzur dəhlizi məsələsinin danışıqlar gündəmindən çıxarılması demək deyil:


“Zahirən bu, Azərbaycanın güzəşti kimi görünür - regional kommunikasiyaların, o cümlədən Naxçıvana yolumuzun açılmasını əvvəlcə 10 noyabr 2020-ci il il tarixli bəyanatın şərti kimi irəli sürmüşdük. Daha sonra məsələ sülh müqaviləsində əksini tapmalı idi, indi isə sülh müqaviləsi layihəsindən çıxarılır... ABŞ dövlət katibi Antoni Blinkenin bu yaxınlarda verdiyi “sülhün bağlanması üçün tərəflər ciddi güzəştlərə getməli olacaqlar” açıqlamasına görə, Azərbaycanın payına düşən kompromis budursa, bunu güzəşt deyil diplomatik manevr hesab etmək olar.

Birincisi, Azərbaycan Naxçıvanla yolun açılması tələbindən imtina etmir. Elçin Əmirbəyov açıqlmasında qeyd etdiyi kimi, Naxçıvanla yolumuzun açılmasını “...ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik".

İkincisi, Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” ideyası region və dünya ölkələrinin iqtisadi-ticari maraqlarından irəli gələ biləcək kommersiya layihəsidirsə, Azərbaycanı öz eksklavı olan Naxçıvanla birləşdirəcək yolun açılması Bakının beynəlxalq hüquqa söykənən təməl haqqıdır və ölkənin coğrafi bağlantısı üçün zərurətdən irəli gəlir.

Beləliklə, “Sülh kəsişməsi” və Naxçıvan yolu eyni məntiqli və bərabər hüquqi statusa malik kommunikasiyalar deyil. Naxçıvan yolu “Ermənistan istəsə də, istəməsə də” açılmalı dəhlizdir və biri digərini istisna etmir, bütün kommunikasiyalar işləyə bilər, yollar nə qədər çox olsa, regionun inkişafı üçün yaxşıdır. Lakin Naxçıvan yolu açılmasa, digər yollar da açılmayacaq.

Üçüncüsü, yolların açılması məsələsi hazırda sülh müqaviləsinin bağlanmasından sonraya saxlanılsa da, sülh sazişinin bağlanması üçün Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü Konstitusiyanın dəyişdirilməsi tələbinin reallaşdırılması kommunikasiyaların açılmasından daha çətin məsələdir. Yolların aşılmasına razılıq Ermənistan rəbərliyindən asılıdırsa, Konstitusiyaya dəyişiklik referendumun - xalq səsverməsinin nəticələrindən asılıdır.

Odur ki, region kommunikasiyalarının açılması tərəflərin hüquqi öhdəlikli sülh müqaviləsinin bağlanmasına nisbətən daha asan və gerçəkləşməsi daha tez mümkün olan məsələdir və bunların ayrı trekdə baxılması rasional qərardır.

Dördüncüsü, Azərbaycan sülh danışıqlarında konstruktivlik nümayiş etdirməklə, qabaqçıl texnoloji gələcəyin “qapısı” olan, ölkəmizi “ali liqaya” çıxaran COP-29 kimi mühüm qlobal tədbir ərəfəsində əleyhimizə işlədilən bir çox siyasi və propaqanda “kartlarını vurur”.

Beşincisi, bu addımla Azərbaycan rəhbərliyi cari şəraitdə Paşinyana Zəngəzur dəhlizinin açılması ilə bağlı ölkədaxili təzyiqlərin azalmasında yardım etmiş olur ki, sərhədlərin demarkasiyası çərçivəsində növbəti üç eksklavımızın qaytarılması ermənidaxili gərginliyin daha dərinləşməsinə və onun devrilməsinə gətirməsin.

Beləliklə, söhbət heç də bəzilərinin dediyi kimi, Azərbaycanın Zəngəzur dəhlizindən imtina etməsindən deyil, danışıqlar prosesində mövqeyimizi cari prioritetlərə uyğunlaşdırmaqdan gedir”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri