Modern.az

Kursk əməliyyatı: Ukrayna qoşunlarını çıxarmaq Kremlə qismət olmayacaq - AÇIQLAMA

Kursk əməliyyatı: Ukrayna qoşunlarını çıxarmaq Kremlə qismət olmayacaq - AÇIQLAMA

Analitika

13 Avqust 2024, 11:33

Ukrayna Silahlı Qüvvələri avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətində əməliyyata başlayıb. Məlumata görə, hücumda minlərlə Ukrayna əsgəri iştirak edir. 

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhədəki vəziyyət və Kursk vilayətində “hərbi əməliyyatlar” barədə qərargahın ixlasında məruzə təqdim edib. Onun verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir. “Biz Kursk vilayətində hücum əməliyyatlarını davam etdiririk. Hazırda Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik”, - o qeyd edib.

 

Rusiyanın Milli Antiterror Komitəsi Kursk, Bryansk və Belqorod vilayətlərində “antiterror əməliyyatı rejimi”nin tətbiq edildiyini açıqlayıb. Bəzi yaşayış məntəqələrindən əhali təxliyə edilir. 

 

Şərhçilər Ukraynanın Kursk əməliyyatının geniş rezonans doğurduğunu və Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişdirə biləcəyini düşünür.

 

"Müharibədən narazı olan rus vətəndaşlarının sayında kifayət qədər artım var"

 

Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya yaxın günlərdə Ukrayna qoşunlarını ərazisindən çıxara bilməyəcək:

 

"Rusiya ərazisində Ukrayna qoşunlarının uğurlu əks-hücumları davam edir. Kursk ərazisində yerləşən Atom Elektrik Stansiyalarından və Avropaya qaz axınını təmin edən borulardan biri Ukraynanın nəzarətindədir. Ukrayna ordusu son günlərdə təşəbbüsü tamamilə ələ keçirib. Bir neçə gün əvvəl Lipetsk şəhəri ətrafında yerləşən hərbi aerodroma Ukrayna tərəfindən bir sıra dəqiq dron hücumları edilib. Bu istiqamətdə bir sıra hərbi təyyarələrin sıradan çıxdığı ilə bağlı məlumatlar da mövcuddur. Vəziyyət isə Zaporojye Atom Elektrik Stansiyası ətrafında formalaşıb. Həmin ərazilərə Rusiya qoşunları nəzarət edir. Orada yanğın olduğu, qara tüstünün qalxdığı görünüb. Lakin radiasiya normalar çərçivəsindədir. Bu isə o deməkdir ki, Rusiya hərbçiləri yaxında  yaşayan Ukrayna əhalisinin arasında xaos yaratmaq, onları evlərini tərk etməyə vadar etmək üçün Zaporojye AES yaxınlığında çox sayda təkər və mazot qarışıqları yandırıblar. Hər halda Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində kifayət qədər uğurlu əks hücumlarını davam etdirir. Onları yaxın prespektivdə Rusiya ərazisindən çıxartmaq Kremlə qismət olmayacaq. Çünki hər gün Kadırovun "Axmat" batolyonunun hərbi qulluqçuları kütləvi şəkildə Ukrayna qoşunlarına əsir düşürlər. Bu isə Rusiya qoşunları arasında kifayət qədər mənfi təsir göstərir. Rusiya hazırda əraziyə qoşun yığmaq üçün səfərbərlik tədbirləri həyata keçirir. Mülki insanları evlərində, bazarda həbs edilib orduya biabırçı şəkildə cəlb edilməsi ilə əlaqədar  görüntülər ondan xəbər verir ki, Rusiya vətəndaşları bu müharibədə iştirak etmək istəmir, həm də müharibədən narazı olan rus vətəndaşlarının sayında kifayət qədər ciddi artım var".

Ə.Verdiyev Rusiyada baş verənlərin regionumuza mümkün təsirlərindən də danışıb: "Təbii ki, müharibənin miqyası genişlədikcə, ərazini tərk edən mülki əhalinin sayında da ciddi artım müşahidə olunur. Onların bir hissəsinin Azərbaycana axın etməsi ehtimalı daim yüksək olaraq qalır. Lakin bütün ehtimalları nəzərə alan dövlətimiz eyni zamanda bu qüvvələr arasında arzuolunmaz şəxslərin də ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhədləri qapalı saxlayır. Düşünürəm ki, bu, indiki vəziyyət üçün yeganə və doğru addımdır".

 

Hərbi ekspert avqustun 15-nə qədər Rusiyanın Ukraynanı cəzalandırmaq üçün addımlar atacağını söyləyib: "Rusiya ərazidə qalan mülki əhalisini çıxardıqdan sonra Ukraynaya qarşı yalım atəş sistemlərindən istifadə edəcək. Kiyevin cəzalanması üçün Rusiya yaxın günlərdə uzaqmənzilli raketlərdən, xüsusilə də "İskəndər"lərdən, qanadlı raketlərdən istifadə edərək gecə saatlarında kütləvi zərbələr endirəcək. Bu ayın 15-nə qədər mütləq baş verəcək. Bu da Ukraynanın Rusiya ərazilərindəki cəsarətli addımlarına cavab kimi dəyərləndiriləcək".

 

"Ukraynanın hücumu Rusiyanın daxilində çox böyük psixoloji təsir yaradıb"

 

Hərbi ekspert Elxan Şıxaliyev isə Ukrayna Silahlı Qüvvələrinin Kurskdakı əməliyyatlarının həm siyasi, həm də hərbi hədəflərinin olduğunu qeyd edib:

 

"6 avqustdan sonra Ukrayna Rusiyanın ərazilərinə daxil olmaqla vəziyyəti dəyişdi və mümkün olacaq ikinci sülh  danışıqları üçün əlini  gücləndirdi. Yəni bundan əvvəl Rusiya öz istəklərini Ukraynaya diqtə edib müharibəni dayandırmaqda israr edirdisə, indi məcburən Ukraynanın şərtlərini də qəbul etməli olacaq. Bu, gələcəkdə ərazilərin və əsirlərin mübadiləsində Ukraynanın vəziyətini dəyişmiş oldu. Rusiya Donbas, Krım və Zaporejyedən bu istiqamətə silahlı qüvvələr cəlb etməyə məcbur qalacaq. Bu da Rusiyanın əlinin zəifləməsi,ikinci cəbhənin açılması kimi qiymətləndirilməlidir. Rusiya özünün taktiki səviyyədə Xarkov istiqamətində əks hücum əməliyyatlarını həyata keçirə bildi. Belə olan halda Ukrayna digər bir cəbhədə Rusiyanın əlavə qüvvələrə ehtiyacını zəruri etdi. Digər yandan yaşananlar Rusiyanın daxilində çox böyük psixoloji təsir yaradıb. Rusiya əhalisi artıq müharibəni praktiki olaraq öz üzərlərində hiss etdilər. Bu isə Rusiya Prezidentinin müharibənin davamına, yaxud dayanmasına dair qərar verməsinə ciddi təsir edəcək".

Ekspert deyib ki, Ukraynanı dəstəkləyən qüvvələr Rusiyanı test etdilər:

 

"Ukrayna Silahlı Qüvvələlərinin artıq mənəvi-psixoloji durumu həddindən artıq dəyişib. Rusiyanın həmin istiqamətdə hərbi gücünü test edib, regiona əlavə qüvvələr cəlb edərək hərbi əməliyyatları davam etdirə bilərlər. İkinci cəbhə vasitəsilə Rusiyanın maksimum ərazilərini ələ keçirməyə çalışacaqlar. Nəzarətə keçirəcəkləri ərazilərdə çox mühüm strateji obyekt var ki bu, gələcəkdə Rusiyada vəziyyətə diqtə etməyə də təsir edəcək. Bu ərazinin tutulması Avropaya gedən qaza nəzərəti üzərinə götürməkdir. Ukrayna oradan qaz təchizatını dayandırmaqla Rusiyaya öz şərtlərini irəli sürə biləcək. 20-yə yaxın yaşayış məntəqəsinin Ukraynanın nəzarətində olması heç nə baş verməmiş kimi qiymətləndirilə bilməz. Bu xalq tərəfindən Rusiya həbi-siyasi elitasının sorğulanması baş verəcək. Ukraynanın Rusiyada keçirdiyi əks-hücum əməliyyatları birbaşa Ukrayna-Rusiya müharibəsinin dayanması, yaxud davam etməsinə təsir göstərəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri