Modern.az

Ukrayna ordusunun Rusiyada birinci həftəsi: 74 yaşayış məntəqəsi ələ keçirilib

Ukrayna ordusunun Rusiyada birinci həftəsi: 74 yaşayış məntəqəsi ələ keçirilib

14 Avqust 2024, 09:25

Ukrayna qoşunları artıq 1 həftədir Rusiyanın Kursk vilayətindədir.

 

Modern.az-ın məlumatına görə, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski prezident Volodimir Zelenskiyə Kurskdakı əməliyyat barədə məlumatlar təqdim edib.

 

Sırski cəbhədəki vəziyyət və Ukrayna qüvvələrinin Kursk vilayətində irəliləyişi barədə məruzə ilə çıxış edib. O bildirib ki, Kursk vilayətində 74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır.  "Mürəkkəb, gərgin döyüşlərə baxmayaraq, qüvvələrimizin Kursk vilayətində irəliləməsi davam edir", - açıqlamada bildirilir.

 

Zelenskinin sözlərinə görə, Ukraynanın nəzarəti altında olan Kursk vilayətinin 74 yaşayış məntəqəsində yoxlamalar və sabitləşdirmə tədbirləri aparılır. Zelenski əlavə edib ki, bu ərazilər üçün humanitar həllərin inkişafı davam edir.

 

ABŞ Prezidenti Co Bayden də ötən gün Kurskdakı vəziyyət barədə danışıb. O bildirib ki, Ukrayna qoşunlarının Kursk bölgəsinə hücumu Rusiya prezidenti Vladimir Putin üçün əsl dilemma yaradır.

 

“Bu, Putin üçün əsl dilemma yaradır və biz ukraynalılarla birbaşa, daimi təmasdayıq. Hücum davam edərkən bu barədə deyə biləcəyim tək şey budur”, - Bayden jurnalistlərə deyib.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel isə bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Kursk vilayətində hücumunun planlaşdırılması və ya hazırlığının heç bir aspektində iştirak etməyib: "Bizim rolumuz Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə dəstək olmaqdır".

 

"Bloomberg" agentliyi isə yazır ki, Ukrayna hakimiyyəti tam sürətlə davam edənə qədər Kursk bölgəsindəki hücumla bağlı konkret məlumatları tərəfdaşları ilə paylaşmayıb. Nəşrin yazdığına görə, NATO müttəfiqləri hesab edir ki, Ukrayna qoşunlarının Rusiya ərazisini saxlaya bilməsi mümkün deyil. NATO rəsmisinin sözlərinə görə, Ukrayna əməliyyatı Kiyevin Kremlə meydan oxuya biləcəyini göstərmək üçün çox vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər