Müasir müharibələrdə və dövlətlər arasındakı qarşıdurmalarda informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunur. Rusiya-Ukrayna müharibəsi bunun əyani sübutudur.
Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik məqaləsində qeyd olunub.
Bildirilir ki, ABŞ-la Çin arasında artan rəqabət və gərginlik fonunda tərəflərin bir-birinə qarşı istifadə etdikləri texnologiyalar diqqəti çəkir:
"Çin bu mübarizədə bir sıra hallarda ABŞ-ı üstələyir. Birincisi, Pekin gizli təsir əməliyyatlarına həddindən artıq diqqət yetirməklə hədəf auditoriyaları dəqiq seçir. İkincisi, Pekin sosial media taktikasında son təkamülə həddindən artıq diqqət yetirir. Üçüncüsü, Pekin rəqəmsal alətlərə və böyük məlumat analitikasına əhəmiyyət verir.
Ekspertlərin fikrincə, Vaşinqton Pekinin qlobal təbliğat - gizli, aşkar, rəqəmsal və analoq – səylərini doğru analiz etmədən rəqibini üstələməkdə çətinlik çəkəcək. Məsələ burasındadır ki, Birləşmiş Ştatlarda Pekinə qarşı xüsusi missiyanı yerinə yetirmək üçün tapşırıq verilmiş və maliyyələşdirilən qurum yoxdur.
Buna baxmayaraq, Vaşinqton Pekinin ən zəif nöqtəsinə təsirini davam etdirir. ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Merilin Striklend Tayvanda görüşlər keçirib. Amerikalı rəsmilərin və konqresmenlərin Tayvan adasına hər səfəri Pekinin narazılığına səbəb olur. Vaşinqton Pekinin sərt bəyanatlarına diqqət yetirmir. Amerikalı konqresmen ölkəsinin Çinin adanın nəzarətə götürməyə imkan verməyəcəyini xatırladıb. “Biz boğaza yaxınlaşan hərbi gəmiləri nəzarətdə saxlayırıq” deyən amerikalı konqresmen potensial təhlükəyə qarşı mübarizəyə hazır olduqlarını bildirib".
Məqalədə qeyd olunur ki, ABŞ Sakit Okeanda hərbi gücünü artırıb.
"Pentaqon hərbi gəmilərini limanları olan müxtəlif adalarda yerləşdirib. Pentaqon üçün əhəmiyyətli adalardan biri Quamdır. Adanın yerləşdiyi yer onu ABŞ-ın hərbi dəniz qüvvələri üçün mühüm səhnəyə çevirir və xüsusən regional gərginliyin mərkəz nöqtəsi olan Cənubi Çin dənizinə yaxınlığı nəzərə alınır. Digər tərəfdən ABŞ Quam adası vasitəsilə yaxınlıqdakı müttəfiqləri Yaponiya, Tayvan və Filippinin təhlükəsizliyinə dəstəyini artırmış olur. Quam adasında “Mark 48” torpedaları və “Tomahawk” qanadlı raketlərləri yerləşdirilib. Vaşinqton hərbi-dəniz donanmasının fəallığını “Hind və Sakit Okeanda sülh və sabitliyin qorunması” kimi izah etsə də, əsas hədəfin Çin olduğu bəllidir", - Mərkəzin məqaləsində vurğulanır.