Rusiya Prezidenti Vladimir Putin 6 ildən sonra ilk dəfə Bakıya səfər edib. O, Bakıda Prezident İlham Əliyevlə görüşüb və açıqlamalar verilib.
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoq hər zaman yüksək səviyyədə olub. Ölkəmizin Ukrayna ilə də yaxındır. Hər iki ölkə ilə yaxşı münasibətləri olan Azərbaycan Rusiya-Ukrayna savaşının bitməsində vasitəçi ola bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, müharibənin hazırkı mərhələsində Putinin Azərbaycana səfər etməsi ortada daha vacib məsələlərin olduğunu göstərir:
"Putinin Bakıya səfəri Qərbdə, Ukraynada, elə Azərbaycanın özündə də müəyyən suallar doğurdu. Əslində isə Putinin səfəri gözlənilən idi. Aylar öncə belə bir səfərin olacağının anonsu verilmişdi. Ukrayna ordusu hazırda Rusiya ərazisinə müdaxilə edib. Belə bir ağır şəraitdə Putinin səfər etməsi diqqəti çəkir. Deməli, daha vacib məsələlər var ki Putin onları Bakıda müzakirə etməyi, səfəri təxirə salmamağı əhəmiyyətli bilib. Bu mövzular içərisində "Şimal-Cənub" nəqliyyat dəhlizinin inmkanlarının genişləndirilməsi, Azərbaycan və İran üzərindən Hindistana, yaxud başqa ölkələrə çıxış imkanı, malların daşınması müzakirə ediləcək. Sanksiyalara görə Rusiya öz qazını ya sata bilmir, ya da kiçik həcmdə sata bilir. Beləliklə, Rusiyanın öz qazının bir hissəsini Azərbaycana satıb, TAP və TANAP vasitəsilə Avropaya satmaq məsələsi var. Lakin burada bir məsələ var ki Avropa Azərbaycan üzərindən Rusiya qazını almağa razı olacaqmı? Əslində, satılan qaz Rusiya qazı olmayacaq. Azərbaycan Rusiya qazını alacaq və öz qazı kimi Avropaya satacaq".
Politoloqun fikrincə, Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların yenidən Moskvada keçirilməsini istəyir: "Digər yandan son zamanlar danışıqlar məsələsində Rusiyanın moderatorluğu arxa plana keçib. Vasitəçilikdə daha çox ABŞ və Almaniya fəallaşıb. Rusiya bu məsələdə geri qalmaq istəmir. Bakıda müəyyən nəbz yoxlaması da həyata keçirilə bilər ki, Rusiya vasitəçiliyi artıra bilər. Biz buna bəlkə də razılaşarıq. Amma Ermənsitan buna razılaşmır".
Elxan Şahinoğlu vurğulayıb ki, qapalı qapılar arxasında Rusiya-Ukrayna danışıqlarının Bakıda keçirilməsi müzakirə oluna bilər:
"Qapalı dairələrdə bir məsələnin də müzakirəsi mümkündür. Rusiya Ukrayna müharibəsi fonunda danışıqlarla bağlı Qərb mətbuatında yazılar dərc olunur ki, diplomatlar səviyyəsində müharibəni dayandırmaq üçün danışıqlar başlaya bilər. Əsas suallardan biri odur ki, danışıqlar baş tutarsa, harada olacaq? Rusiya Belarusu təklif etsə, Ukrayna buna razılaşmayacaq. Çünki Belarus Rusiyanın müttəfiqidir və hərbi nöqteyi-nəzərdən Rusiyanı dəstəkləyir. Ukrayna Türkiyəni təklif etsə, bunu Rusiya qəbul etməyə bilər. Çünki Kreml Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlıqdan narazıdır. Yerdə iki ölkənin-Qətər və Azərbaycanın danışıqlar məkanı kimi seçilməsi mümükündür. Qətərdə Əfqanıstan, İsrail-Həmas danışıqları olub. Eyni zamanda Bakı bir neçə dəfə danışıqlar məkanı olub. Rusiya və NATO generallarının görüşü Bakıda keçirilib. Ukrayna-Rusiya danışıqları da Bakıda ola bilər".