Modern.az

Kursk düyünü: Rusiya nüvə silahına əl ata bilərmi?

Kursk düyünü: Rusiya nüvə silahına əl ata bilərmi?

Analitika

20 Avqust 2024, 17:50

Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində dərin izlər buraxan kompleks bir konflikt olaraq dünya siyasi mənzərəsinin mərkəzində dayanır. 2022-ci ilin fevralında başlamış bu müharibə regional və qlobal təsirləri ilə geniş bir diqqətə səbəb olub. Ukraynanın Rusiyanın Kursk vilayəti ərazisinə daxil olması müharibəyə yeni çalarlar gətirib.

 

Konkret olaraq, Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasının Rusiyanın nüvə silahına əl atma ehtimalını necə təsir etdiyi maraq doğurur. Rusiyanın beynəlxalq müstəvidə nüvə silahından istifadənin mümkün nəticələrini nəzərə alaraq bu addımdan indiyə qədər çəkindiyi məlumdur. Ritorika səviyyəsində bu məsələ ətrafında müəyyən açıqlamalar olsa da, 2 ildən çoxdur davam edən müharibədə hələlik belə bir addım atılmayıb.

 

Yada salaq ki, dünyada nüvə silahı ilk və yeganə olaraq II Dünya müharibəsinin sonunda ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb. Bundan sonra belə bir hal baş verməyib və bunun olmaması üçün mürəkkəb beynəlxalq mexanizmlər işlənib hazırlanıb, qarşılıqlı çəkindiricilik amilinin işlək olması üçün çoxlu işlər görülüb.

 

Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri əsas döyüşlər Ukrayna ərazilərində gedib. Bununla belə, son vaxtlar həm də Rusiya ərazisindəki müxtəlif strateji nöqtələr hədəf alınıb. Nəzərə almaq lazımdır ki, Rusiya işğal etdiyi Ukrayna əraziləri olan Krım, Donetsk, Luqansk, Xerson və Zaporojyeni də öz ərazisi hesab edir, amma bu ərazilərdə döyüşlərin getməsi nüvə silahından istifadəyə gətirib çıxarmayıb Kursk vilayəti ilə bağlı məsələ bu mənada fərqlidir və bu vilayət beynəlxalq səviyyədə Rusiya ərazisi hesab olunur.

 

Rusiyanın qərbində yerləşən və Ukrayna sərhədinə yaxın bir bölgədir. Ukrayna qoşunlarının bu vilayətə daxil olması müharibənin gedişini dəyişən mühüm hadisədir. Bununla belə, Ukrayna qoşunlarının bu bölgəyə daxil olmasının Rusiyanın nüvə silahına əl atmasına səbəb olacağı gözlənilən deyil. Bunun müxtəlif səbəbləri mövcuddur.

 

 

Yuxarıda qeyd olunduğu kimi, müharibə boyunca Rusiya, öz ərazisi hesab etdiyi ərazilərə Ukrayna qoşunlarının girməsinə baxmayaraq, nüvə silahından istifadə etməmişdir. Xerson, Zaporojye, Donetsk, Luqansk və Krım kimi ərazilərdə Ukrayna qüvvələrinin mövcudluğu Rusiya tərəfindən çox sayda mülki və hərbi təsirlərə səbəb olsa da, Rusiya heç vaxt nüvə silahına əl atmağa cəhd etməyib.

 

Qeyd etmək lazımdır ki, nüvə silahının istifadəsi yalnız döyüş meydanında qısamüddətli üstünlük təmin etməklə qalmayacaq, eyni zamanda beynəlxalq aləmdə geniş miqyaslı reaksiyalara səbəb olacaq. Bu reaksiyalar, təkcə hərbi müstəvidə deyil, iqtisadi, siyasi və diplomatik sahələrdə də əhəmiyyətli təsir göstərə bilər. Bəşəriyyəti qarşısına almağı gözə almasa, Rusiya bu addımı ata bilməz.

 

Hər nə qədər beynəlxalq təhlükəsizlik sistemində boşluqlar olsa və son illərdə bu sistem qlobal böhran keçirsə də, nüvə silahının istifadə edilməsinin ciddi nəticələri ola bilər. Heç bir ölkə bu addımın bədəlini ödəmək iqtidarında deyil. Nüvə silahına əl atan ölkə beynəlxalq müstəvidə izolyasiya olunar və ona qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Cavab da nüvə silahının istifadəsi ilə ola bilər.

 

Bu baxımdan hər nə qədər ritorik baxımdan bu versiya səsləndirilsə də, hazırda Rusiya nüvə silahının istifadəsi ilə bağlı hərbi və strateji riskləri diqqətlə qiymətləndirir. Bu risklərə, yuxarıda qeyd olunduğu kimi, həmçinin digər güclü dövlətlərin nüvə silahlı ilə cavab vermək potensialları da daxildir. Rusiyadan başqa da nüvə silahına malik ölkələrin olduğunu Moskvada unutmurlar.

 

Digər tərəfdən, Kurskun müdafiəsi üçün Rusiyaya nüvə silahına söykənmək yox, hərbi baxımdan strateji və taktiki səhvləri dəyərləndirmək lazımdır. Rusiyanın müharibə zamanı bütün rezervlərini Ukrayna ərazilərinin ələ keçirilməsinə yönəltməsi ciddi səhv hesab oluna bilər. Bu, Rusiyanın digər bölgələrdə müdafiə qabiliyyətini zəiflədir.

 

Kursk vilayəti bu yanaşmanın nəticəsi olaraq müdafiə baxımından zəif olub və Ukrayna qoşunlarının asanlıqla irəliləməsi baş verib. "Vaqner"in sahibi Yevgeni Priqojinin qiyam qaldırdığı dönəmdə də beynəlxalq ictimaiyyət üsyançıların asanlıqla Moskvaya doğru irəlilədiyini görmüşdü. Son anda Belarus prezidenti Aleksandr Lukaşenko Priqojini yola gətirməsəydi, qiyamın fərqli nəticələr doğura bilməsi kifayət qədər real ssenari hesab olunurdu.

 

 

Başqa bir amil isə ondan ibarətdir ki, Qərbin dəstəyi ilə Ukrayna müharibə aparma qabiliyyətini artırıb. 2 il əvvəl bir çox analitik müharibənin davamında Ukraynanın Rusiya ərazilərinə girə biləcəyini düşünə bilməzdi. Burada Ukraynanın hərbi qüdrətini müharibə gedə-gedə artırmasının böyük rolu var. Təbii ki, Ukrayna tərəfi heç bir işğalçılıq niyyətinin olmadığını və Kurska Rusiyanın şərq cəbhəsindən qoşunlarını çıxarmağa məcbur qalması və danışıqlarda üstünlük qazanmaq üçün girildiyini bəyan edib.

 

İstənilən halda, Qərb yardımı Ukraynanın döyüş meydanında Rusiya qüvvələrinə qarşı daha güclü mübarizə aparmasına şərait yaradır. Bu yardımlar dəfələrlə müharibənin dinamikasını dəyişdirib və uzunmüddətli nəticələrinə təsir göstərib.

 

Bütün bunlarla yanaşı, nəzəri baxımdan Rusiyanın nüvə silahına əl atması variantı qaldığı üçün ölkənin hərbi doktrinasında bu məsələ ilə bağlı nələrin əks olunduğuna diqqət yetirmək önəmlidir. Sənəddə nüvə silahlarının əsasən çəkindiricilik funksiyası olduğu vurğulanıb. Bu, Rusiyanın nüvə silahlarını potensial bir hücuma qarşı istifadə etmə təhlükəsini ehtiva edir. Məqsəd digər ölkələrin təcavüz ehtimalından sığortalanmaqdır.

 

Nüvə silahına malik olan əksər ölkələr bu silahdan ilk olaraq istifadə etməməklə bağlı könüllü öhdəlik götürsə də, Rusiya hərbi doktrinasında müəyyən şərtlər altında nüvə silahından ilk istifadənin əsaslarını təsbit edib. Bu, Rusiyanın öz varlığını təhlükədə görməsi və ya genişmiqyaslı bir hücuma məruz qalması halında nüvə silahlarını istifadə edə biləcəyini ehtiva edir.

 

Bundan başqa, doktrinada müəyyən strateji və əməliyyat hədəflərinə çatmaq üçün də nüvə silahından məhdud şəkildə istifadə edilə biləcəyi qeyd olunub. Bu, düşmən qüvvələrinin kritik hərbi infrastrukturlarına qarşı təsirli cavab strategiyasını əhatə edir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq vurğulamaq lazımdır ki, Kursk vilayətinin Ukrayna kontroluna keçməsi doktrinada nəzərdə tutulan Rusiyanın varlığı üçün təhlükə sayılmır. Kursk daha çox regional bir məsələdir və nüvə silahları bu vəziyyətdə mütləq bir seçim kimi görünmür. Nüvə silahlarının istifadəsi daha çox strateji və qlobal əhəmiyyət kəsb edən münaqişələrdə tətbiq edilə bilər.

 

Digər tərəfdən, beynəlxalq reaksiyanı, digər nüvə güclərinin adekvat cavabını və başqa faktorlara əsasən, Moskvanın bu addıma getməsi ağlabatan görünmür. Bununla belə, nüvə silahından istifadə ilə bağlı qərar yekunda fərdlər tərəfindən verilir və burada subyektiv mülahizələr də önəmli rol oynaya bilər.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi