Ermənistan Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Vedi rayonuna səfəri zamanı Kərkiyə baş çəkməməsi bu kəndin Azərbaycana qaytarılacağı haqda müzakirələrə səbəb olub.
Qeyd edək ki, Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Paşinyanın Kərkiyə getməməsi onun ikili oynadığı göstərir:
“Kərkinin qaytarılması qaçılmazdır. Vaxtilə Ermənistanın nəzarətində olan kəndlər Azərbaycana qaytarılacaq. Bu istiqamətdə işlər görülür və proses davam etdirilir. Paşinyanın sərhədə səfəri zamanı belə “hərəkət” etməsi Ermənistanın rəsmi mövqeyindən xəbər verir. Belə ki, rəsmi mövqe ondan ibarətdir ki, kənd daim Azərbaycanın nəzarəti altında olub. Onlar da Sovetlərin dağılmasından biraz öncə Ermənistana daxil olmayan kəndlərin Azərbaycana qaytarılmasını istəyirlər. Azərbaycanın mövqeyi isə fərqlidir. Biz də Almata deklarasiyasına uyğun olaraq, Sovet dövrünü əsas götürürük. Lakin Sovet dövründə Ermənistanın əraziləri 3 dəfə artıb. Təbii ki, bu danışıqlar mövzusu olmalıdır və olacaq. Yəni məsələ bununla bağlıdır. Səhv etmirəmsə, Ermənistan Təhlükəsizlik Xidməti səfərqabağı bəyanat yayıb ki, Kərkidə Baş nazirə qarşı hansısa təhlükələrin ola biləcəyi barədə onlara məlumat daxil olub. Bir sözlə, Paşinyan yenə də, ikili oyun oynadı. Yəni Paşinyan hakimiyyəti başa düşür ki, bura Azərbaycan ərazisidir və biz oranı qaytaracağıq. Digər yandan da onu buna görə tənqid etsələr, Paşinyan deyəcək ki, təhlükəsizliklə bağlı problem olduğuna görə Təhlükəsizlik Xidməti ona Kərkiyə getməyə icazə verməyib. Yəni bu, Paşinyanın həmişəki oyunlarından biridir”.
T.Zülfüqarov Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyanın kommunikasiyalarla bağlı vədlərinə əməl etmədiyi barədə çıxışını da şərh edib:
“Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Ermənilər həmişə təbliğ edirlər ki, Zəngəzur dəhlizi Azərbaycan və Rusiya üçün lazımdır. Az qala onlar belə bir təəssürat yaratmağa çalışırlar ki, Zəngəzur dəhlizinin açılması Rusiya üçün vacibdir. Ola bilər ki, iqtisadi baxımdan Rusiya üçün bu dəhlizin açılması vacibdir. Lakin Rusiyanın Türkiyə ilə Qara dəniz üzərindən iqtisadi əlaqələri var və davam edir. Eyni zamanda bu ölkənin İranla əlaqələri, “Şimal-Cənub” dəhlizi ilə əlaqədar planları var. Onlar istəyirlər ki, bunun Rusiya üçün vacib olduğunu, bu məsələdə Qərbin onlara dəstək verdiyini göstərməyə çalışırlar. Amma məsələ fərqlidir. Biz Amerika Dövlət Departmentinin təmsilçisi Obrayn İrəvanda olarkən dedi ki, “Zəngəzur bizim üçün də çox vacibdir, çünki bu dəhliz vasitəsilə gələcəkdə Mərkəzi Asiya ölkələri ilə də İrandan, Rusiya və Çindən gələn hansısa yolları istifadə etməliyik. Mərkəzi Asiya üçün də yollar vacibdir”. Deməli, söhbət ondan gedir ki, daha Ermənistan məsələnin təbliğatında zəifdir. Biz görürük ki, Ermənistana qarşı təzyiqlər nəinki Rusiya, həm də Qərb tərəfdəndir. Zəngəzur dəhlizinə qarşı çıxanlar arasında yalnız İranla Ermənistan qalıb. Hesab edirəm ki, Lavrovun Bakıda bu bəyanatı onu göstərir ki, dəhliz açılsa, Rusiyanın da orada rolu olmalıdır. Bu,10 noyabr 2020-ci il bəyanatında da qol çəkilib".