Meymunçiçəyi və Qərbi Nil qızdırması viruslarının son dövrlərdə yayılması müşahidə olunur. Koronavirus pandemiyasından sonra insanlar bu kimi kütləvi yoluxan xəstəliklərə daha həssas və narahatlıqla yanaşır. Araşdırmalara görə, son vaxtlar adıçəkilən virusların yayılması bir neçə faktora bağlıdır. Bu xəstəliklərin yayılmasını anlamaq üçün müasir epidemiologiya və virusologiya elmlərinə müraciət etmək lazımdır.
Meymunçiçəyi virusu əvvəllər əsasən Afrika ilə bağlı bir xəstəlik kimin qiymətləndirilirdi, lakin son illərdə Avropada və Şimali Amerikada da qeydə alınır. Meymunçiçəyi virusu iki əsas növdən ibarətdir: Qərbi Afrika və Şərqi Afrika növləri. Şərqi Afrika növü daha aqressivdir və daha yüksək ölüm səviyyəsi ilə xarakterizə olunur. Meymunçiçəyi virusunun yayılmasının artması bir neçə amildən qaynaqlanır.
Bunlara əhali sıxlığının artması, beynəlxalq səfərlər, müasir həyat tərzi və ətraf mühitin dəyişməsi aiddir. Hazırda meymunçiçəyi dünya üzrə genişmiqyaslı pandemiya təhlükəsi yaratmır, amma bölgələrarası yayılması ciddiyə alınmalıdır və müvafiq nəzarət tədbirləri tələb edir. ÜST-ün son qərarı da bununla əlaqəlidir. İctimai səhiyyə sistemi zəif inkişaf etmiş ölkələrdə vəziyyətin daha kəskin olması ehtimalı mövcuddur.
Qərbi Nil qızdırması virusu isə əsasən Afrika, Yaxın Şərq və Avropada yayılır. Bu xəstəlik ən çox böcəklər və həşəratlar vasitəsilə insanlara keçə bilir. İnsandan insana keçməsi müşahidə olunmur. İqlim dəyişikliyi, su ehtiyatlarının dəyişməsi və digər ətraf mühit faktorları Qərbi Nil qızdırmasının yayılmasına təsir edə bilər. Qərbi Nil qızdırması bəzi bölgələrdə kütləvi epidemiyalar şəklində yayılmaqdadır, amma bu, geniş miqyaslı pandemiya riskini hələlik artırmır.
Koronavirus pandemiyasından sonra yoluxucu xəstəliklərin kütləviləşməsi ilə bağlı bir sıra iddialar var. Bu iddialar əslində COVID-19-dan sonra insanların belə xəstəliklərə diqqətinin artması və məlumatlara həssaslıqla yanaşmasından doğur. Tarixən də dünyada xeyli yoluxucu xəstəliklər yayılıb və zaman-zaman dəhşətli nəticələrlə müşayiət olunub. Bununla belə, dünya miqyasında daha çox əlaqə və hərəkət xəstəliklərin sürətli yayılmasına səbəb ola bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, iqlim dəyişikliyi böcək və digər xəstəlik daşıyıcılarının yayılma sahəsini genişləndirir və dəyişir. Bu da epidemiyaların artmasına səbəb ola bilər. Hansısa xəstəliklərin yayılmasında koronavirus pandemiyasının roluna gəldikdə, pandemiya dövründə əksər ölkələrin səhiyyə sistemləri yüklənib və bəzi digər xəstəliklər üçün diqqət və resurslar məhdud sərf olunub. Sosial davranışların dəyişməsi və bəzən qeyri-sağlam həyat tərzi də infeksiyaların yayılmasını artıran faktorlardan biri kimi çıxış edir.
Meymunçiçəyi və Qərbi Nil qızdırmasının yayılması ilə bağlı məlumatları doğru qiymətləndirmək üçün dünya tarixinə düşmüş pandemiyalara nəzər salmaq vacibdir. Dünyada tarixən bir çox pandemiya hadisəsi baş verib.
Məsələn, Miladdan əvvəl 430-cu ildə Yunanıstanın Afina şəhərində vəba epidemiyası yayılıb və əhali arasında yüksək ölüm səviyyəsi ilə müşayiət olunub.
Vəba 541-542-ci illərdə Bizans İmperiyasında da yayılıb və Avropanın böyük hissəsini təsiri altına alıb. Tarixə qara ölüm epidemiyası kimi düşmüş, 14-cü əsrdə Avropada geniş yayılmış və əhali arasında kütləvi ölümə səbəb olmuş yoluxucu xəstəlik də mənbələrdə əks olunub. Ötən əsrin əvvəllərində - 1918-1919-cu illərdə isə ispan qripi qlobal miqyasda yayılıb və bütün dünyada milyonlarla insanın ölümünə səbəb olub.
Qeyd etmək lazımdır ki, hər pandemiya özünəməxsus xüsusiyyətlərə və yayılma dinamikalarına malikdir, amma ümumilikdə, infeksiyaların yayılma səbəbləri əsasən qlobal, sosial və ətraf mühit faktorlarının təsiri ilə bağlıdır. Pandemiyaların qarşısını almaq və onların təsirlərini azaltmaq üçün müvafiq tədbirlərin görülməsi, həmçinin qlobal əməkdaşlıq və müasir tibb texnologiyalarının inkişafı önəmlidir.
Modern Təhlil və Araşdırma Qrupu