Son 1-2 ildə dünyada beynəlxalq siyasi gündəmi Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin münaqişəsi zəbt edib. Hər gün hansısa ərazinin dağıdılması, insan ölümləri ilə bağlı hər iki qaynar nöqtədən xəbərlər yayılmaqdadır. Bəs, bu konfliktlər arasında hansısa əlaqə varmı?
Modern.az bu suala cavab tapmağa çalışıb.
Əvvəlcə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin münaqişəsi arasında birbaşa əlaqə olmasa da, bu iki konflikt qlobal siyasət, iqtisadiyyat və təhlükəsizlik baxımından bir-birinə təsir edə bilər. 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrail ərazilərinə hücumu və xeyli insanı girov götürməsi ilə bağlı məlumatlar yayılanda bir çox təhlilçi Rusiya-Ukrayna müharibəsinin gündəmdən düşəcəyi barədə narahatlıqlarını ifadə edirdi.
"Hadisənin səbəbkarını öyrənmək üçün kimə sərf etdiyinə bax" məntiqi ilə yanaşanlar alovlanmanın ilk günlərində HƏMAS-ın hücumunun arxasında Rusiya izi axtarırdılar. Həqiqətən də dünyanın fərqli regionunda hansısa münaqişə ocağının aktivləşməsi və ya yenisinin yaranması qlobal diqqəti Rusiyanın Ukrayna ərazilərini işğalından ilkin dövrdə yayındırdığı üçün bunun Moskva tərəfindən arzuolunan olması şübhəsizdir.
Lakin HƏMAS-ın bu addımı atması üçün Rusiya tərəfindən təhrik edilməsi ilə bağlı geniş ictimaiyyətə bəlli olan konkret fakt olmadığı üçün bu iddiaları davam etdirmək spekulyasiya və konspirasiya xarakteri daşıya bilər. Gələcəkdə bununla bağlı hansısa məlumatlar üzə çıxsa, o zaman mövzunu davam etdirmək olar. Analitikləri bu məsələdə düşünməyə vadar edən əsas amil HƏMAS-ın İsrailə hücumunun nəticələri ilə bağlıdır.
Belə ki, İsrailin bu qruplaşmadan dəfələrlə qüdrətli olduğu məlumdur və yeni eskalasiyadan Fələstin tərəfinin, konkret halda Qəzzanın dinc sakinlərinin daha çox zərər görəcəyi bəlli olduğu üçün HƏMAS-ın motivasiyası həqiqətən də sual doğurur. Hər hansı ağlabatan motiv görünmədiyi üçün burada hansısa təhrik, "həvəsləndirmə" ehtimalları kifayət qədər real səslənir. Hər halda siyasi tarix elmi gələcəkdə bunu araşdıracaq...
İki konflikti müqayisə etsək, Rusiya-Ukrayna müharibəsi Qərb dövlətlərinin, xüsusən ABŞ və Avropa İttifaqının, diqqətini Ukrayna münaqişəsinə yönəldir. İsrail-Fələstin münaqişəsi də beynəlxalq diqqət və dəstək axtarır. Bu zaman beynəlxalq aləmdəki strateji prioritetlər dəyişə bilər. Rusiya-Ukrayna müharibəsində yeni gəlişmələr ortaya çıxdığı üçün (məsələn, Kursk olayı) ilkin dövrdən fərqli olaraq İsrail-Fələstin münaqişəsinə maraq azala bilər.
Rusiya-Ukrayna müharibəsi beynəlxalq diplomatik səhnədə böyük bir təsirə malikdir və müttəfiqlər arasında yeni alyanslar və qarşıdurmalar yaradıb. Qərb dövlətləri Ukraynaya dəstək göstərir, eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq edir. İsrail-Fələstin münaqişəsi də beynəlxalq diplomatiya və müstəqil ölkələrin xarici siyasətlərinə təsir edir.
Rusiya-Ukrayna müharibəsi dünya enerji bazarını və qida tədarükünü təsir edir. Rusiya və Ukrayna dünyanın iri taxıl istehsalçılarıdır və müharibə bu bazarlarda qiymət artışına səbəb olur. Bu, bir çox ölkələrin iqtisadi vəziyyətinə təsir edir. İsrail-Fələstin münaqişəsinin təsiri isə əsasən bölgə daxilində iqtisadi və sosial məsələlərlə bağlıdır.
Bu iki münaqişənin təsir etdiyi bölgələr müxtəlif olsa da, hər iki müharibə qlobal miqyasda təsirlərə malikdir. Hər iki münaqişə də beynəlxalq səviyyədə diqqət çəkir və regional münaqişələrin daha geniş miqyasda necə təsir göstərə biləcəyini nümayiş etdirir. Əsas oxşar cəhət isə bundan ibarətdir ki, nə Rusiya-Ukrayna, nə də İsrail-Fələstin məsələsində üfüqdə sülh görünmür və BMT hər iki nümunədə acizdir...
Modern Təhlil və Araşdırma Qrupu