Modern.az

Ermənidən artıq ermənilik etmək...

Ermənidən artıq ermənilik etmək...

Analitika

28 Avqust 2024, 17:08

Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfər, bölgədə yaratdığı yeni reallıqlar ermənilərlə yanaşı, bəzi "sapı özümüzdən olan baltalar"ın da kürkünə birə salıb. Özünü siyasi aktiv kimi qələmə verməyə çalışan Bəhruz Səmədov adlı şəxs də onlardan biridir.

Bəhruz Səmədov Avropa mətbuatında Azərbaycan əleyhinə çıxışları ilə tanınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu yaxınlarda saxladığı Səmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Səbail rayon Məhkəməsində keçirilən prosesdə Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.

Bəhruz Səmədovun Avropada gah “jurnalist”, gah da “politoloq” kimi Azərbaycan əleyhinə apardığı təbliğat və qaragüruhçuluq ermənidən artıq erməniliklə yazdığı yazılarda özünü kəskin şəkildə göstərirdi.

Qərb dairələri ilə işləmək üçün tələblər var. Ölkəni söyməlisən, xalqını aşağılamalısan, tarixi nailiyyətləri ucuzlaşdırmalı və etibarsızlaşdırmalısan, düşmənlərə tolerant olmalısan.
Səmədov da bu tələblərə əməl edirdi. O, Qarabağdakı erməni separatizminə haqq qazandırır, Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfəri gözdən salmağa çalışırdı. Onun əməlləri planlı şəkildə işbirliyinə gedərək, Azərbaycan dövlətinin əleyhinə qurulan informasiya diversiyasında iştirak etmək idi.

Başqa sözlə, B.Səmədov azərbaycanlı olsa da, Azərbaycanın maraqlarını Qərbə, anti-Azərbaycan qüvvələrə satmışdı...

Adətən Qərb mətbuatında Azərbaycana qarşı qatı nifrət və qəzəbi ya ermənilər, ya da ermənipərəstlər püskürür. Təəssüf ki, özünü azərbaycanlı sayan B.Səmədov bu sıraya qoşulmaqla hətta onları belə geridə qoymuşdu.

Onun bir müddət öncə Qərbin təbliğat ruporu olan “Oc-media.org” saytında anti-Azərbaycan çıxışı və bəlkə də heç ermənilərin ağlına gəlməyən qərəzlərlə dolu “məqaləsi” Avropada yaşayan azərbaycanlılarda da qəzəb doğurmuşdu.

Məsələn, İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Bəhruz Səmədovu “ermənidən artıq ermənilik etmək”də suçlayıb.

“Belə fikirləri ermənilər yazanda o qədər də təsirli olmur. Ancaq bir azərbaycanlı öz ölkəsini faşizm, militarizm və şovinizmdə ittiham edəndə təbliğat daha cəlbedici görünür...
...Vallah, heç erməni dığaları bu qədər qərəzli yaza bilmirlər. O da aydındır ki, belə yazarları Qərb bəlli üsullarla öz əhatə dairəsinə keçirir və onlara xüsusi qayğı göstərir və bəsləyir. Nəticə də ortadadır”, - Avropada yaşayan jurnalist Elbəyi Həsənli Bəhruz Səmədov barəsində deyib.

VI çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, ermənilərlə iş görən birini azərbaycanlı adlandırmaq çətindir:

“Ermənilərlə separat razılığa gəlmək, Azərbaycan xalqına uzun illər düşmən kəsilən, torpaqlarımızı işğal altında saxlayan, Xocalı soyqırımını törədən xalqın nümayəndələri ilə  danışıqlara getmək, onların “sifarişləri”ni qəbul etmək məncə, vətən xainliyidir.  Bunun başqa adı yoxdur.
44 günlük müharibədən sonra Azərbaycan dövləti qarşı tərəfə sülh təklif edib, yeni dövrün, yeni reallıqların yarandığı və artıq dincliyin, əmin-amanlığın vacib olduğu bildirilib. Amma bu humanist jestə baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanması prosesini pozur. Bunu ona görə deyirəm ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməyimizə, ötən il antiterror əməliyyatları ilə suverenliyimizi bərpa etməyimizə baxmayaraq, dşümən öz düşmənliyindən çıxmır. Bizim qarşı tərəfə təklif etdiyimiz 5 baza prinsipi daha çox erməni xalqının xeyrinədir. Azərbaycan güclü dövlətdir. Torpaqların azad edilməsindən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qarabağda möhtəşəm layihələr həyata keçirilir, məcburi köçkünlərimiz geri qayıdır.  
Bəhruz Səmədov adlı şəxsə kim ixtiyar verib ki, bu işlərə kölgə salsın? O anti-Azərbaycan qüvvələrlə gizli işbirliyinə gedibsə, bunun adı vətənə xəyanətdir. Erməni revanşistlərin, vandalların, işğalçı Ermənistanın marağı ilə işləyən şəxsə azərbaycanlı demək olmaz".

Deputatın sözlərinə görə, bu gün Bəhruz Səmədovun saxlanmasını “söz azadlığı və demokratiyanın pozulması” kimi qiymətləndirən Qərbdə niyə başqa dövlətlərin informasiya siyasətində aktiv olan ekspert və jurnalistlərə sərt münasibəti görmürlər? Bu isə riyakarlıqdır...

Bəli, Qərb institutları riyakarlıq edir. 

Məsələn, Qərbdəkilər tanınmış amerikalı politoloq Dmitri Saymsın, amerikalı hərbi ekspert Skott Ritterin evində Federal Təhlükəsizlik Burosu əməkdaşlarının keçirdiyi axtarış, cinayət işlərinə nə əcəb reaksiya vermirlər? 
Bu şəxslərə qarşı təqiblərin yeganə səbəbi Rusiya telekanallarında Ukrayna, Qərb və s. mövzularda ABŞ-ın siyasətinə zidd fikirlər söyləmələri, bir sözlə, Rusiyaya yaxınlıqdır. Belə çıxır ki, demokratik Qərbdə Rusiya, Çin və digər rəqib ölkələrə yaxılnlıq, əməkdaşlıq az qala dövlət təhülkəsizliyinə təhdiddir, amma Azərbaycan kiminsə hələ də sülh müqaviləsi imzalanmamış və yalnız informasiya yox, hərbi diversiyalar da törədən Ermənistanla sövdələşməsinə, İrəvandan alınan tapşırıq əsasında öz dövlətinə qarşı propaqanda aparmasına göz yummalıdır?

Bəhruz Səmədov fürsət düşdükcə, öz torpaqlarımızda bizə qarşı döyüşən, Xocalıda yüzlərlə soydaşımıza olmazın zülmlər verməklə qətlə yetirən erməni faşistlərini müdafiə edib. Məsələn, Türkiyədəki ermənilərə məxsus "Agos" qəzeti Səmədova nifrət və kini tirajlamaq üçün məmuniyyətlə öz səhifəsində yer verib.

Ancaq Bəhruz Səmədov və əcnəbi təşkilatlardan sədəqə yığmaq üçün gecə-gündüz Azərbaycan dövlətinə, xalqına qarşı hər cür yalanları, hədyanları dilə gətirənlər anlamalıdırlar ki, bununla heç nəyə nail ola bilməyəcəklər. 
Azərbaycana qarşı Qərbdən idarə olunan diversiyaların fəal iştirakçıları olsalar belə...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər