Modern.az

30 avqust: Türkiyənin Zəfər Bayramı - Qardaş ölkənin TARİXİ QƏLƏBƏSİ

30 avqust: Türkiyənin Zəfər Bayramı - Qardaş ölkənin TARİXİ QƏLƏBƏSİ

Analitika

30 Avqust 2024, 17:00

30 avqust Türkiyədə əlamətdar günlərdən biridir. Bu tarixdə qardaş ölkədə Zəfər Bayramı qeyd olunur. Gün Türkiyənin tarixində əhəmiyyətli bir yerə sahibdir. Bu bayram 1922-ci ilin 30 avqustunda türk ordusunun yunan işğalçılarına qarşı qazandığı böyük qələbəni simvolizə edir. Sözügedən döyüş Türk Milli Mücadiləsinin dönüm nöqtələrindən biri olaraq qəbul edilir və Dumlupınar savaşı adlanır.

 

Bu döyüşdə türk ordusu baş komandan Mustafa Kamal Atatürkün rəhbərliyində yunan ordusunu məğlub edərək Anadolu torpaqlarını işğaldan qurtardı. 3 ildən çox davam edən milli mücadilə bu qələbə ilə zirvəsinə yüksəldi. Bu bayram türk millətinin müstəqillik və azadlıq mübarizəsini, həmçinin onun qətiyyət və iradəsini əks etdirən bir gündür. Buna görə də hər il Türkiyədə rəsmi olaraq qeyd edilir.

 

 

Müxtəlif tədbirlər, mərasimlər və anma proqramları ilə bu əhəmiyyətli tarixi hadisə xatırlanır. Ümumilikdə Türk Milli Mücadiləsi və ya İstiqlal Savaşı adlanan tarixi proses 1919-1922-ci illər arasında davam edən mübarizədir. 1923-cü ildə Lozanna müqaviləsinin imzalanması və daha sonra 29 oktyabrda Cümhuriyyətin elanı ilə proses məntiqi sonluğuna çatıb. 

 

Osmanlı İmperiyasının I Dünya müharibəsindəki məğlubiyyətindən sonra başlayan və nəticədə modern Türkiyənin qurulmasına səbəb olan proses təkcə Türkiyə və region miqyasında deyil, ümumdünya tarixində iz qoyan önəmli mübarizədir. Mondros atəşkəsi və onun davamı olan Sevr sazişini tarixin tozlu səhifələrinə göndərərək Mudanya və Lozanna şərtlərini qazandıran qələbə məhz bu mübarizənin nəticəsidir.

 

 

I Dünya müharibəsi bitdikdən sonra məğlub Osmanlı İmperiyası 1920-ci ildəki Sevr müqaviləsi ilə böyük güclər və onların maşaları tərəfindən parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Bu sənəd Osmanlı ərazilərinin böyük bir hissəsinin işğalını nəzərdə tuturdu. 1919-cu ilin mayında Mustafa Kamal Paşa Samsuna gələrək milli mübarizənin başlanğıcını qoydu.

 

23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) quruldu. TBMM-yə tabe olan türk ordusunun 1922-ci ilin avqustunda Dumlupınar döyüşündəki qələbəsi yunan işğalını sona yetirdi. Sentyabrın 9-da ordu İzmiri azad etdi. 1923-cü ilin iyul ayında Lozanna sazişi imzalandı. Bu saziş Türkiyənin müstəqil bir dövlət kimi tanınmasını təmin etdi və Sevr sazişinin müəyyən etdiyi şərtləri ləğv etdi.

 

 

29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildi. Mustafa Kamal Paşa ilk prezident oldu və 1934-cü ildə Atatürk soyadını aldı. Atatürk müasir və demokratik bir Türkiyə qurmaq üçün bir çox islahatlar həyata keçirdi. Bu islahatlar hüquqi, sosial, və mədəni sahələri əhatə etdi və Türkiyənin müasir dövlət sistemini formalaşdırdı. Hazırda Türkiyə Cümhuriyyəti bu təməllər üzərində inkişaf edir.

 

Türkiyə NATO-nun üzvü, Avropa İttifaqı üzvlüyünə namizəd ölkə kimi beynəlxalq nüfuza malik güclü dövlətdir. Son illərə qədər dünyanın ən böyük 20 iqtisadiyyatından biri olan (hazırda 21-ci) Türkiyə G-20 ölkəsidir. Şərqi Avropa, Balkanlar, Cənubi Qafqaz, Yaxın Şərq, Qara dəniz və Aralıq dənizi regionlarında əsas geopolitik fiqurlardan biri olan qardaş ölkə Azərbaycanın ən yaxın müttəfiqidir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu