Qlobal iqlim dəyişikliyi dünya miqyasında müxtəlif ölkələrə və regionlara müxtəlif cür təsir edir. Bu təsirlər təbiətə və insan həyatına müəyyən formada zərər verə bilər. Burada regionlar üzrə vəziyyət coğrafi amillərdən asılı olaraq fərqlənir. Bu baxımdan bəzi ölkələr üzrə qlobal iqlim dəyişikliyinin təsirinə daha çox məruz qalıb. Bu ölkələr hansılardır?
Modern.az suala cavab axtarmağa çalışıb.
İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri Banqladeşdir. Dəniz səviyyəsinin yüksəlməsi, güclü siklonlar və daşqınlar bu təsirin əlamətlərindəndir. Banqladeş xüsusən sahil ərazilərində çökəklikdə yerləşdiyi üçün dəniz səviyyəsinin artması nəticəsində çox sayda insanın evlərini itirməsi, torpaqların su altında qalması və kənd təsərrüfatının ziyan görməsi riski ilə qarşı-qarşıyadır. Nəticədə həyat şərtləri pisləşir, mühacirət və yoxsulluq artır.
Şimali Amerikada yerləşən ABŞ və Kanada da iqlim dəyişikliyini daha dərindən hiss edən ölkələr hesab olunur. Şiddətli hava hadisələri (fırtınalar və s), iqlim dəyişikliklərinə bağlı meşə yanğınları və artan temperaturun fəsadları xarakterikdir. ABŞ-ın qərb sahilində, xüsusən Kaliforniya bölgəsində meşə yanğınları geniş miqyasda yayılıb. Eyni zamanda ABŞ-ın şərq sahilində isə daşqınlar sıx görünür.
Hava şəraitinin kəskin dəyişməsi, enerji istehlakının artması və iqtisadi zərərlər yaşanır. Meşə yanğınları ilə mübarizə və bərpa işləri böyük sərmayə tələb edir. Bu baxımdan qlobal iqlim dəyişikliyi inkişaf etmiş iqtisadiyyatlara malik bu iki ölkə üçün müəyyən problemlər yaradır. Bu problemlərin həlli üçün xeyli vəsait sərf olunur.
Avstraliya da iqlim dəyişikliklərinin fəsadlarından xali deyil. Şiddətli meşə yanğınları və temperatur artımı müşahidə olunur. Avstraliya xüsusilə 2019-2020-ci illərdə geniş miqyasda meşə yanğınları ilə üzləşdi. Burada da iqlim dəyişikliyi bölgədə ətraf mühitə böyük ziyan vurur, ekosistemlər məhv olur və insan sağlamlığı təhlükəyə düşür.
Afrika qitəsində yerləşən əksər ölkələr iqlim dəyişikliyindən əziyyət çəkirlər. Kənd təsərrüfatı sahəsində problemlər və su çatışmazlığı daha qabarıq problemlərdəndir. Şimali və Şərqi Afrikada iqlim dəyişikliyi ilə bağlı quraqlıq və su çatışmazlığı problemi daha da şiddətlənir. Əkinçilik və qida təhlükəsizliyi məsələləri ilə bağlı ciddi problemlər yaranır. Quraqlıq kənd təsərrüfatı məhsuldarlığını azaldır və yoxsul bölgələrdə ərzaq böhranına səbəb olur.
Şimali Avropa və Skandinaviya ölkələrinə (İsveç, Norveç, Danimarka) gəldikdə, artan temperatur, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi iqlim dəyişikliyinin səbəb olduğu təbiət problemləridir. Arktik bölgələrdə buzların əriməsi səbəbindən dəniz səviyyəsi yüksəlir. Dəniz səviyyəsinin yüksəlməsi sahil bölgələrində yaşayan insanlara təhlükə yaradır. Buzlaqların əriməsi isə ekosistemlərə və yerli həyat tərzinə təsir göstərir.
Çin və Hindistanda da təbii fəlakətlər - daşqınlar hava şəraitinin kəskin dəyişməsi baş verir. Çin və Hindistan, həmçinin digər Asiya ölkələri genişmiqyaslı hava hadisələri və iqlim dəyişikliyi nəticəsində ətraf mühit və insan sağlamlığı ilə bağlı çətinliklərlə üzləşir. Əkinçilik sahələrindəki dəyişikliklər, daşqınlar və temperatur artması kənd təsərrüfatına təsir edir. Eyni zamanda, böyük şəhərlərdə iqlim dəyişikliyi səbəbindən havanın keyfiyyəti ilə bağlı problemlər artır.
Bu təsirlər dünyanın hər yerində fərqli formalarda özünü büruzə verir və hər ölkə öz unikallığına görə bu təsirlərə uyğun mübarizə aparmalıdır. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün beynəlxalq əməkdaşlıq və məqsədyönlü siyasət yürüdülməsi olduqca böyük əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, Yer kürəsində baş verən bütün dəyişikliklər bəşəriyyətin həyatına təsir edir.
Modern Təhlil və Araşdırma Qrupu