Çağdaş dünyada insanların gündəlik həyatını internetsiz təsəvvür etmək mümkün deyil. İnternet rutin fəaliyyətin ayrılmaz parçasına çevrilib. Bir çox mənfi təsirlərinə baxmayaraq bu fenomenin işləri asanlaşdırdığı, vaxta qənaət etməyə imkan yaratdığı danılmaz faktdır. Bununla belə, mənfi tərəfləri də gözardı etmək olmaz.
Qeyd etmək lazımdır ki, hazırda internet xidmətinə əlçatanlıq insan haqları kontekstində əsas hüquqlardan biri hesab olunur və bunun məhdudlaşdırılması da yolverilməz pozuntu kimi xarakterizə olunur. Lakin dünyada internetdən istifadənin mümkün olmadığı və ya məhdud olduğu ölkələr hələ də mövcuddur.
Bu məhdudiyyətlər müxtəlif səbəblərlə əlaqələndirilir: siyasi səbəblər, təhlükəsizlik məsələləri, iqtisadi çətinliklər və ya digər səbəblər. İstənilən halda beynəlxalq hüquq müdafiə təşkilatları bunu hüquqların pozulması kimi qiymətləndirir.
Sözügedən ölkələrə nəzər saldıqda şübhəsiz ki, qapalı sistemdə idarə olunan Şimali Koreya xüsusilə önə çıxır. Bu ölkə internetə girişdə ən sərt məhdudiyyətlərə sahib ölkələrdən biridir. KXDR-də geniş şəkildə istifadə olunan internet şəbəkəsi “Kwangmyong” adlanır və bu, qlobal internet şəbəkəsindən tamamilə ayrıdır. Yalnız müəyyən dövlətə məxsus saytlar və məlumatlar bu şəbəkədə mövcuddur. Şimali Koreyada insanların beynəlxalq internetə çıxışı çox məhduddur və yalnız yüksək rütbəli dövlət məmurları və xarici mütəxəssislərə imkan yaradılır.
Efiopiyada internet məhdudiyyətləri zaman-zaman tətbiq edilir, xüsusilə də hökumətin siyasi münaqişələr və sosial etirazlar zamanı interneti bloklamaq və ya məhdudlaşdırmaq qərarları aldığı hallarda. Bu cür tədbirlərlə sosial media platformaları və digər internet xidmətləri bloklanır.
Çin interneti ciddi şəkildə tənzimləyir və bir çox beynəlxalq saytları və xidmətləri bloklayır. Bu ölkə xüsusi sistemlə tanınır və "Google", "Facebook", X kimi populyar beynəlxalq xidmətlərə giriş məhdudlaşdırılıb. Bunun əvəzinə, Çin öz yerli alternativlərini təqdim edir, məsələn, "Baidu" (axtarış mühərriki), "WeChat" (messencer) və "Weibo" (sosial şəbəkə).
Myanmada internetə giriş, xüsusən də hərbi çevrilişdən sonra formalaşmış hökumətin hakimiyyəti dövründə mütəmadi olaraq məhdudlaşdırılır. Sosial media platformaları və məlumat xidmətləri bəzən bloklanır və ya şəbəkə əlaqələri kəsilir.
Uzun illərin vətəndaş müharibəsi burulğanında yaşayan Suriyada münaqişə vəziyyəti və siyasi qeyri-stabillik səbəbindən internetə girişdə ciddi məhdudiyyətlər yaşanır. Hökumət sosial media platformalarını bəzən bloklayır və internet əlaqələrini məhdudlaşdırır.
Teokratik rejimlə idarə olunan İranda da internetə sərt nəzarət mövcuddur və bir çox beynəlxalq sayt və sosial media platformaları, məsələn, "Facebook", X və "YouTube" bloklanıb. Ölkə öz yerli alternativlərini yaratsa da, total nəzarət səbəbindən bu platformaların populyarlığı çox aşağıdır. Məlumat axını üzərində nəzarət və müntəzəm internet kəsintiləri də İran üçün xarakterik hallardandır.
Səudiyyə Ərəbistanında tam məhdudlaşdırılmasa da, bəzi internet məzmunları, məsələn, siyasi və dini müzakirələrə dair məzmunlar və müəyyən sosial media platformaları senzura olunur. Tanzaniya hökuməti son illərdə sosial media və xəbər platformalarına qoyulan məhdudiyyətlər və ya mütəmadi olaraq şəbəkə kəsintiləri ilə tanınır.
Qeyd edək ki, yuxarıda bəhs olunan ölkələrlə yanaşı, internet məhdudiyyətləri müxtəlif ölkələrdə müxtəlif formalarda tətbiq olunur. Məhdudiyyətlərin səbəbləri və intensivliyi ölkələr arasında fərqlənir. Məsələn, Çin mənşəli "TikTok" platforması bəzi Qərb ölkələrində təhlükəsizlik məqsədilə məhdudlaşdırılıb. Platformanın Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyi barədə bir sıra məlumatlar yayılıb. Bəzi ölkələrdə isə müəyyən vaxtlarda müvəqqəti xarakterli (müharibə və hərbi əməliyyatlar dövrü və s.) məhdudlaşdırmalara rast gəlinib.
Modern Təhlil və Araşdırma Qrupu