Modern.az

Avropa İttifaqının üzvü olmayan Avropa ÖLKƏLƏRİ - "Cırtdanlar"dan Mərakeşə...

Avropa İttifaqının üzvü olmayan Avropa ÖLKƏLƏRİ - "Cırtdanlar"dan Mərakeşə...

Analitika

18 Sentyabr 2024, 13:30

Avropa İttifaqı (Aİ) dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi 27 Avropa ölkəsinin elə məhz siyasi və iqtisadi birliyidir. Təşkilatın tarixinə qısaca nəzər yetirdikdə, 1951-ci ildə başlamış inteqrasiya prosesinin 1993-cü ildə imzalanmış Maastrixt Müqaviləsi ilə Aİ-nin formalaşmasına çevrilməklə yekunlaşdığını görmək olar. Aİ-nin əsas məqsədi, üzv ölkələr arasında ticarət və iqtisadi əməkdaşlığı artırmaq, sülh və təhlükəsizliyi təmin etməkdir.

 

Aİ-nin əsas institutları arasında Avropa Parlamenti, Avropa Komissiyası və İttifaq Şurası yer alır. Aİ müştərək bazar, sərbəst hərəkət prinsipi və qanunvericilik sistemi ilə tanınır. Bundan başqa, bir çox Aİ ölkəsi avro kimi ortaq valyutadan istifadə edir. Aİ insan hüquqları, demokratiya və inkişaf məqsədilə bir sıra proqramlar və layihələr həyata keçirir. Qurumda inteqrasiya prosesləri hazırda da davam etməkdədir. Bəzi ölkələr Aİ üzvlüyünə namizəd statusuna malikdir.

 

Modern.az bu yazıda Avropa İttifaqından daha çox, bu təşkilata üzv olmayan dövlətlərə toxunmağı hədəfləyir. Belə ki, coğrafi baxımdan Avropada yerləşən, lakin Avropa İttifaqının üzvü olmayan ölkələr də mövcuddur. Bu ölkələrə nəzər salaq:

 

Avropanın şimalında - Skandinaviya yarımadasında yerləşən Norveç yüksək inkişaf səviyyəsinə malik dövlətlərdəndir. Bu ölkə insanlarının xoşbəxtlik göstəricilərinə və yüksək həyat keyfiyyətinə görə hər zaman seçilənlərdəndir. Avropa qitəsində yerləşməsinə baxmayaraq Norveç Aİ-nin üzvü deyil, lakin Avropa İqtisadi Zonası vasitəsilə Aİ ilə sıx iqtisadi əlaqələrə malikdir. Norveç Aİ içərisindəki ticarət və sərbəst hərəkət prinsiplərindən faydalanır.

 

 

Xeyli ölkələrdən bir çox xüsusiyyətləri ilə fərqlənən İsveçrə də Avropanın mərkəzində yerləşsə də, Aİ-nin üzvü deyil. Konfederasiya şəklində idarə olunan ölkə tarixən neytral dövlət kimi xarici siyasət yürüdüb, inteqrasiya proseslərindən və beynəlxalq təşkilatlara qoşulmaqdan əksər hallarda imtina edib. Bununla belə, hər tərəfdən Aİ ölkələri ilə əhatə olunan İsveçrə qurumla bir sıra müvafiq anlaşmalar imzayıb. Ölkə, ticarət, mühacirət və digər sahələrdə Aİ ilə əməkdaşlıq edir.

 

Ada dövləti olan İslandiya da Avropa hesab olunur. Doğrudur, qitə bölgüsündə adalar nəzərə alınmır, lakin hər halda İslandiya tarixi-siyasi və mədəni-iqtisadi baxımdan Avropanın bir parçasıdır. İslandiya Avropa İttifaqının üzvü deyil, amma rəsmi Reykyavik (dünyanın ən şimal paytaxt şəhəridir - red.) də Norveç kimi Avropa İqtisadi Zonası çərçivəsində ittifaqla dərin əlaqələrə malikdir və bu çərçivədə əməkdaşlıq edir.

 

Balkanlarda yerləşən və bir vaxtlar keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Bosniya və Herseqovina da qitədə yerləşməsinə baxmayaraq ittifaqın üzvü deyil. Bununla belə, Bosniya və Herseqovina Aİ-yə üzv olmaq üçün çalışır və namizəd ölkə statusu daşıyır. Üzvlüklə bağlı proses davam etsə də, bir sıra əngəllər mövcuddur. Müstəqilliyinin ilk illərində ağır vətəndaş müharibəsindən və soyqırımından keçən ölkə müsəlman boşnak, katolik xorvat və pravoslav serb icmalarının nümayəndələri tərəfindən idarə olunduğu üçün idarəetmədə üçbaşlılıq hökm sürür. Boşnaklar və xorvatlar avrointeqrasiya dəstəkçisi olsa da, serb icması daha çox Rusiyaya yönəlik xarici siyasət tərəfdarı kimi çıxış edirlər. Bu baxımdan ölkə Aİ ilə bir sıra əlaqələr qursa da, tam inteqrasiya prosesində çətinliklər yaşanır.

 

 

Keçmiş Yuqoslaviyanın mərkəzi ölkəsi olmuş Serbiya da Avropada yerləşib Aİ üzvü olmayan dövlətlərdəndir. Avropaya qarşı nifrətin də kəskin yayıldığı bu ölkə tarixən Balkanlarda Rusiyanın əsas müttəfiqlərindən biri olub. Bununla belə, son illərdə Belqrad da inkişafın yeganə istiqamətinin Avropa İttifaqı olduğunu anlayıb və inteqrasiya proseslərinə start verib. Hazırda Serbiya Aİ üzvlüyünə namizəddir, amma hələ üzv deyil. Ölkə Aİ ilə müzakirələr aparır və müəyyən islahatlar həyata keçirdiyini bəyan edir.

 

Keçmiş Yuqoslaviyanın yerində yaranan ölkələrdən biri də Kosovadır. Müsəlman albanların çoxluq təşkil etdiyi bu ölkə BMT-nin üzvü deyil və bir çox ölkələr tərəfindən müstəqilliyi tanınmır, Serbiya ərazisi hesab olunur. Serbiya mərkəzi hökuməti tərəfindən albanlara qarşı qətliamların törədilməsindən sonra bir sıra Qərb ölkələrinin müdaxiləsi ilə "xilas üçün ayrılma" devizi ilə müstəqil dövlətə çevrilən Kosovanı Avropa İttifaqına daxil olan ölkələrin mütləq əksəriyyəti, habelə ABŞ və Türkiyə kimi önəmli güc mərkəzləri tanıyır, diplomatik münasibətlər yaradılıb. Aİ ilə müxtəlif əməkdaşlıq proqramları mövcuddur, amma məhdud tanınma təşkilata üzvlüyün önündəki əsas əngələ çevrilib.

 

Ukrayna və Rumıniya arasında yerləşən postsovet ölkəsi Moldova da Aİ üzvü olmayan Avropa ölkələrindən biridir. Bu ölkə Aİ üzvlüyünə namizədlik statusunu yaxın vaxtlarda alıb və son illərdə Aİ ilə əlaqələrini gücləndirmək üçün bir sıra islahatlar həyata keçirir. Lakin siyasi palitrada Rusiyayönümlü qüvvələr də var ki, bu qüvvələr Avrointeqrasiya siyasətinə qarşı çıxırlar.

 

 

Bundan başqa, Moldovada Rusiya qoşunlarının yerləşdiyi separatçı region - özünü "Prednestroviya" adlandıran qondarma rejim var və bu da Qərbyönümlü mərkəzi hökumətə təzyiq aləti kimi çıxış edir. Moldovada oğuz türklərindən olan xristian qaqauzların muxtar bölgəsi də var və bu bölgə pravoslavlıq əsası ilə Moskvaya daha yaxın siyasətin tərəfdarıdır.

 

Moldovanlar etnik baxımdan rumınlarla eyni xalqın nümayəndələri olduğundan zaman-zaman Moldovanın Rumıniya ilə birləşməsi məsələsi də müzakirə olunur və Moldovanın Avropa İttifaqı üzvlüyünün bu formada da baş tuta biləcəyi istisna olunmur.

 

Başı müharibəyə və işğalla mübarizəyə qarışan Ukrayna da Şərqi Avropa ölkəsi kimi Avropanın ayrılmaz parçasıdır, lakin müstəqillikdən bəri Rusiyayönümlü və Qərbyönümlü hakimiyyətlərin bir-birini əvəzləməsi vahid xarici siyasət vektorunun müəyyənləşdirilməsinə mane olub. 2014-cü ildəki Avromaydan inqilabından sonra ölkə Avrointeqrasiya xəttində sabitqədəm xarici siyasət yürütməyə başladı, bunun qarşılığında ərazi itkisi kimi bədəllər də ödədi... Hazırda Ukrayna Aİ üvzlüyünə namizəddir və son dövrlərdə Aİ ilə əməkdaşlığını artırmağa çalışır, xüsusən də siyasi və iqtisadi islahatlar kontekstində.

 

 

Balkan yarımadasındakı sosialist blok ölkələrindən olmuş Albaniya da hazırda aktiv Avrointeqrasiya kursu götürüb və ölkə Avropa İttifaqı üzvü olmağa namizəddir. Avropanın yeganə müsəlman ölkələrindən olan Albaniya Aİ ilə inteqrasiya istiqamətində irəliləyişlər edir. Üzvlük kriteriyaları yerinə yetirildikdən sonra Tirana da ittifaq paytaxtlarından birinə çevriləcək.

 

Avropanın Cənubi Qafqaz regionunun Qara dəniz sahillərində yerləşən Gürcüstan da Aİ-yə namizəd ölkələrdəndir və Aİ ilə bir sıra əməkdaşlıq proqramları həyata keçirir. Lakin son illərdə hakim Gürcü Arzusu Partiyası xarici siyasətdə reviziyalara gedir və Qərbdən uzaqlaşaraq Moskvaya yönəlik reveranslar edir. Bu baxımdan inteqrasiya prosesində müəyyən kəsintilər müşahidə olunmaqdadır. 26 oktyabrda keçiriləcək parlament seçkilərinin nəticələri ölkənin Avrointeqrasiya prosesi üçün həlledici olacaq və üfüqlər daha aydın görünəcək. Gürcüstan da avropalı olmaq üçün bədəl ödəyən - Abxaziya və Cənubi Osetiya kimi separatizm ocaqları ilə qarşılaşan dövlətlərdəndir.

 

Cənubi Qafqazın digər ölkəsi Ermənistan isə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi anti-Qərb layihələrin iştirakçısıdır, amma 2018-ci ildəki məxməri inqilabla hakimiyyətə gəlmiş Nikol Paşinyan mərhələli şəkildə Moskvadan uzaqlaşaraq Avropaya yönələn siyasət həyata keçirir. Hazırda İrəvan Aİ ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, lakin hələlik Aİ-yə üzvlüyə namizəd deyil.

 

 

Uzun müddət balanslı xarici siyasət yürüdən Azərbaycan qlobal güc mərkəzləri arasında seçim etmək əvəzinə bütün qütblərlə qarşılıqlı fayda və marağa əsaslanan əməkdaşlığa daha çox can atır. Ölkə Aİ-yə üzvlük istiqamətində çalışmasa da, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, eləcə də enerji və ticarət sahələrində, digər bir çox istiqamətdə Avropa İttifaqı ilə aktiv əməkdaşlıq edir.

 

Belarus da Avropa qitəsində yerləşməsinə baxmayaraq Avropa İttifaqına üzv olmayan ölkələrdəndir. Qərblə münasibətləri kəskin olan rəsmi Minsk bu istiqamətdə səy də göstərmir. Sonuncu prezident seçkilərindən sonra əlaqələr daha da qopub və Aleksandr Lukaşenko hakimiyyəti sanksiyalar altındadır. 1999-cu ildən Rusiya ilə İttifaq Dövləti layihəsində Moskva ilə koordinasiyalı siyasət yeridən Belarusun hətta Avropada mühacir hökuməti də var və əksər Qərb ölkələri legitim prezident kimi bu hökumətin liderini - Svetlana Tixanovskayanı tanıyır.

 

Türkiyə Balkan yarımadasında yerləşən Trakiya bölgəsi istisna olmaqla, Asiyada yerləşsə də, istər iqtisadi və siyasi, istərsə də, tarixi və mədəni cəhətdən Avropanı Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Avropa ölkələri ilə vahid gömrük məkanı olan Türkiyə xeyli müddətdir ki, Avropa İttifaqı üzvlüyünə namizəddir. Hətta kriteriyaların yerinə yetirilməsi üzrə bir fəsil artıq həll olunaraq qapanıb. İqtisadi və siyasi əlaqələr baxımından Aİ ilə əməkdaşlığa davam edən Ankara üzvlük prosesinin yekunlaşmasını gözləyir, lakin hələlik bəzi paytaxtlar bu işi yavaşlatmaqdadırlar...

 

 

Şimali Makedoniya Avrointeqrasiya yolunda adını belə dəyişməyə məcbur qalmış unikal Balkan ölkələrindən biridir. Aİ üzvü olan Yunanıstan Yuqoslaviyanın dağılmasından sonra müstəqil olan Makedoniyanı uzun müddət tanımaqdan imtina edib. Belə ki, Yunanıstanda eyni adda tarixi əyalət mövcuddur və Afina Makedoniya adında yeni ölkənin yaranmasını ərazi bütövlüyünə təhdid kimi dəyərləndirirdi. Nə qədər əsaslı olduğu mübahisə doğursa da, bundan ötrü Yunanıstan nəinki Aİ, hətta BMT üzvlüyünə də problemlər yaradıb. Nəticədə Makedoniya uzun müddət "Keçmiş Yuqoslav Respublikası Makedoniya" adı ilə beynəlxalq qurumlarda təmsil olunmaq məcburiyyətində qaldı. Bir neçə il əvvəl Yunanıstanla münasibətlərini qaydaya salan ölkə Şimali Makedoniya adını götürməyə razılaşdı və Avrointeqrasiyada irəliləməyə imkanlar açıldı. Bu ölkə də hazırda Avropa İttifaqı üzvlüyünə namizəddir.

 

Adriatik dənizinin sahillərində kiçik turistik ölkə olan Monteneqro da dağılmış Yuqoslaviyanın, bir müddət isə Serbiyanın parçalarından biri olub. XXI əsrin əvvəllərində müstəqillik qazandıqdan az sonra Avropa İttifaqı üzvlüyünə can atan ölkə birtərəfli qaydada milli valyutasından imtina edərək avrodan istifadə edir. Hazırda Monteneqro da Aİ üzvlüyünə namizəddir və proses davam edir. Monteneqro qurumun orqanları ilə aktiv əməkdaşlıq edir.

 

Avropanın ada dövlətlərindən Böyük Britaniya isə uzun illər Avropa İttifaqının əsas mərkəzlərindən biri olsa da, "brexit" prosesi ilə bir neçə il əvvəl ittifaqı tərk edib. Bununla belə, iqtisadi və mədəni baxımdan bir çox sahələrdə London və Brüsselin dərin əməkdaşlığı mövcuddur. Böyük Britaniya Avropa İttifaqından çıxıb, amma Qərb blokunun başlıca güclərindən biri kimi qalmağa davam edir. Bu baxımdan Aİ və Birləşmiş Krallığın xarici siyasətdə də üst-üstə düşən maraqları kifayət qədərdir.

 

 

Bu ölkələrlə yanaşı, Avropada yerləşən "cırtdan" dövlətlərindən Vatikan, Andorra, Lixtenşteyn, Monako, San-Marino da Aİ üzvü olmayan ölkələr sırasında yer alır. Bununla belə, bu ölkələr xüsusən iqtisadi baxımdan həmsərhəd ölkələrlə o qədər sıx bağlıdır ki, az qala de-fakto ittifaqın tərkib hissəsi hesab olunurlar. "Cırtdan"lardan təkcə Lüksemburq Aİ üzvüdür, hətta qurucu üzv.

 

Danimarka isə daha maraqlı nümunədir. Bu ölkə qismən Avropa İttifaqı üzvüdür. Həm də Avropa İttifaqının üzvü deyil. Belə ki, Danimarka Almaniyanın şimalındakı yarımada və Baltik dənizindəki adalarla yanaşı, həm də İslandiya adası və Amerika qitəsi arasında yerləşən Qrenlandiyadan ibarətdir. Dünyanın ən böyük adası olan Qrenlandiyanın ərazisi Danimarkanın əsas hissəsindən dəfələrlə böyük olsa da, burada kəskin şaxtalı iqlim şəraiti hökm sürdüyündən yalnız cənub hissəsində məskunlaşma var. Qrenlandiya Danimarkanın tərkib hissəsi kimi Aİ-yə daxil olsa da, 1985-ci ildə ittifaqı tərk edib.

 

Şimali Afrikada yerləşən ərəb ölkəsi olan Mərakeş Krallığı isə Avropada yerləşməsə də, Avropa İttifaqına üzvlük müraciəti ilə gündəmə gəlmiş dövlətdir. Bu ölkənin müraciətinə imtina cavabı verilsə də, Mərakeş Aİ ilə geniş əlaqələrə və əməkdaşlıq münasibətlərinə malikdir. Həm Cəbəllütariq boğazı vasitəsilə dənizdən, həm də Aİ üzvü olan İspaniyanın Afrikada yerləşən Seuta və Millea əraziləri vasitəsilə qurudan ittifaqla həmsərhəd olan Mərakeşə Brüssel tərəfindən xüsusi önəm verilir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU