Modern.az

İYİ Partiya "yoxa çıxır" - Akşener getdi, Dervişoğlu nə gətirdi?

İYİ Partiya "yoxa çıxır" - Akşener getdi, Dervişoğlu nə gətirdi?

18 Sentyabr 2024, 17:45

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) müxalifətdən iqtidarı dəstəkləyən mövqeyə keçməsi ilə təşkilatdakı müxalifətdə qalmağı daha doğru sayan kəsimin bir qisminin xaric olunması, digər qisminin isə öz qərarları ilə istefa verməsi və 2017-ci ildəki referendum prosesində "yox"u müdafiə edən millətçilərin əksər hissəsinin bir araya gəlməsi ilə İYİ Partiya qurulmuşdu.

 

Partiya başlanğıcı çox uğurlu etmişdi və bir çox partiyadan fərqli olaraq qurulmasının ilk dövrlərindən ictimai dəstək toplamağa müvəffəq olmuşdu. Cümhuriyyət Xalq Partiyasının dəstəyi ilə seçkilərdə iştirak hüququ qazanmaq imkanını daha tez əldə edən (15 deputat transferi ilə) partiya qatıldığı ilk seçkilərdə kifayət qədər yaxşı nəticə göstərdi.

 

Proses müxalifətin birləşdiyi Millət İttifaqına qədər davam etdi və 2018-ci ildə, xüsusən 2019-cu ildəki yerli seçkilərdə İYİ Partiya müxalifətin 2 əsas aktorundan birinə çevrildi. Əməkdaşlıq şəraiti Altılı Masa ilə 2023-cü ildəki prezident və parlament seçkilərinə qədər mövcud oldu. Lakin hələ seçkiyə qədərki dövrdə Meral Akşenerin masadan qalxması və müttəfiqlərini kifayət qədər ağır ifadələrə məruz qoyması nəticələrə təsirsiz ötüşmədi.

 

Fotoda: Kılıçdaroğlunun müxalifətin vahid namizədi elan olunduğu açıq hava tədbiri

 

Seçkidən sonra müxalifətin ittifaqı başa çatdı və İYİ Partiya məğlubiyyətin bütün yükünü seçicilərin az qala yarısının səsini almış (48 faiz) CHP sədri Kemal Kılıçdaroğlunun boynuna və onun partiyasının üzərinə qoyan sərt ritorika dəyişikliyinə getdi. Akşener dünənə qədər birgə hakimiyyətə gələcəyi və harmoniya ilə çalışacağını dediyi adamlara və siyasi qüvvələrə qarşı dəhşətli kampaniyaya başladı.

 

İYİ Partiya 2024-cü ilin martında keçirilən yerli seçkilərə də əməkdaşlıq edərək getməkdən imtina etdi və "müxalifətə müxalifət" xəttində "hürr və müstəqil" şüarı ilə təkbaşına qatıldı. Nəticədə qələbə vəd edən Akşenerin partiyası 81 vilayətdən cəm birində namizədinin qalib gəlməsi reallığı ilə üzləşdi. Bu şəraitdə Akşener istefa verdi və onsuz da çalxantı içində olan partiyada "yaprak dökümü" başladı.

 

İyundakı qurultayda Akşenerin dəstəklədiyi Müsavat Dervişoğlu yeni sədr seçildi, az sonra Akşenerin Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri ilə görüşündən foto yayıldı. Bu, "yaprak dökümü" prosesini daha da sürətləndirdi və kütləvi istefalar bir-birini izlədi. Sədrliyə namizəd olmuş nüfuzlu partiya funksioneri, ülkücü cameənin liderlərindən Koray Aydın və tərəfdarları da partiyadan getdi...

 

Fotoda: Müxalifətdəki İYİ Partiyanın sədrliyindən yenicə getmiş Akşenerin prezident Ərdoğanla görüşü

 

Parlament seçkilərində 44 deputat yeri qazanmış İYİ Partiyanın hazırda 30 mandatı qalıb. Partiyadan istefa vermiş deputatların bəziləri AKP-yə, bəziləri CHP-yə keçib, bəziləri isə bitərəf olaraq siyasi fəaliyyətini davam etdirirlər. Bu uzun proses boyunca partiyanın sosial bazası da əriyib, sosioloji rəy sorğularında səs faizlərinin kəskin azaldığı üzə çıxıb.

 

Hazırkı mərhələdə əsas sual budur: İYİ Partiyanı perspektivdə nələr gözləyir və təşkilatın siyasi gələcəyi varmı? Bu sualı cavablandırmaq üçün partiyanın ideoloji baxımdan siyasi palitranın hansı seqmentində qərarlaşdığına nəzər yetirmək lazımdır. Əslində partiya gündəlik siyasətdə uğurlu olduğu dövrdə də bu məsələdə böhran müşahidə olunurdu.

 

Belə ki, konyukturanın diktəsi ilə yarana İYİ Partiya Ərdoğan iqtidarına qarşı olan millətçilərin birliyi kimi formalaşmışdı ki, bu da özlüyündə hər hansı siyasi proqram deyildi. Partiyanın hədəfləri, ölkəni necə idarə edəcəyi, Türkiyənin gələcəyini necə görmək istəməsi ilə bağlı aydın ideyaları əvvəldən yox idi. Zaman-zaman partiyadaxili qruplaşmalar təşkilatı millətçi-mühafizəkar və mərkəz-sağ arasında vargəl etdirirdilər.

 

Fotoda: Dervişoğlu partiya üzvlərinin tənqid etdiyi görüşdən (Ərdoğanla) az sonra Akşenerin evində

 

Şəxsiyyət ətrafında formalaşmış bu partiyada birləşdirici fiqurun (bu kontekstdə - Meral Akşener - red.) kənarlaşması və yuxarıda qeyd olunduğu kimi, vahid siyasi proqram və ideoloji zəminin olmaması nəticədə xaotik vəziyyət yaradıb və partiya faktiki olaraq dağılmaq, parçalanmaq və yox olmaq təhlükəsi ilə üz-üzədir. Hələlik partiya parlamentdə təmsil olunduğu üçün dövlətdən rəsmi olaraq maliyyə alır və bu, prosesi ləngidir.

 

Təbii ki, pessimist ssenari ilə yanaşı, optimist ssenari də reallaşa bilər, lakin hələlik bunun üçün lazım olan şərtlərin ödənməsi istiqamətində heç bir işartı yoxdur. Konkret və aydın hədəfləri olan potensiallı inklüziv lider, nəzəri-konseptual əsaslara söykənən vahid siyasi xətt, nə istədiyini bilən və həvəsli partiya funksionerləri, bir də böyük rəğbəti olan sadiq sosial baza...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər