Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Azərbaycana qarşı təxtibatçı açıqlamalar verib. O, Azərbaycanın Ermənistana məxsus ərazilərə daxil olduğunu iddia edib.
Paşinyan qeyd edib ki, bu ərazilərin “azad olunması” üçün müharibə etməyəcəklər. “Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir”, - o bildirib.
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Paşinyanın çıxışı destruktivdir:
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi davam edir. Bizim yanlız Kirants istiqamətində olan sərhədlərimizin 1,8 kilometrlik hissəsi sərhəd komissiyaları tərəfindən razılaşdırılıb. Qalan 1000 kilometr ərazidə hələ sərhədlərin qarşılıqlı tanınması baş verməyib. Ermənistan Baş naziri Azərbaycan Silahlı Qüvvələrinin şərti sərhəd üzərindən geri çəkilməsini tələb etsə də, bu, mümkün deyil. Çünki Ermənistan 30 il müddətində ərazilərimizi işğal altında saxlamışdı. Bu zaman orada istədikləri sərhəd infrastrukturunu yarada bilərdilər. Bunu etmədikləri halda indi Azərbaycan Ordusu sahədə silahlı qüvvələrinin siyasi-hərbi iradəsi ilə strateji hədəflərə nail olduğu bir vaxtda bunu aradan qaldırmaq nə deməkdir? Ermənistan pozucu yanaşmalar sərgiləyir ki, sülh sazişi olmasın, proses uzansın".
Hərbi ekspert vurğulayıb ki, Ermənistan gələcəkdə yeni münaqişə üçün səbəblərin olmasını istəyir:
"Düşünürəm ki, Ermənistan tərəfindən göstərilən yanaşmalar prosesin uzanmasına, sülhün gecikməsinə hesablanıb,nəinki sərhədlərin tanınması məsələsinə. Bilirlər ki,bu, gələcəkdə yeni münaqişənin çıxmasına səbəb ola bilər. Vaxtı uzadırlar. Onlar sülh sazişində özlərinə sərf edəcək nüansları, variantları aradan qaldırmağa çalışırlar. Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasını ertələdilər. İndi də sərhədlər üzərindən söhbət açırlar. Erməni ağlı, hiyləgərliyi, onları dəstəkləyən qüvvələrin heç bir vəchlə sülh sazişinə hazır olmadığını açıq göstərir".