Oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzi açılacaq. Məlumata görə, İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılacaq ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.
Bildirilib ki, açılış mərasimində İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabək, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, eləcə də İranın ən böyük sənaye mərkəzlərinin rəhbərləri və iş adamları iştirak edəcəklər.
Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan İranın bu addımı necə dəyərləndirilməlidir?
Məsələ ilə bağlı Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran Ermənistandan region ölkələrinə qarşı təzyiq aləti kimi istifadə etmək istəyir:
"İranın Ermənistanda ticarət mərkəzi açması iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin göstəricisidir. İran əvvəldən də Ermənistanla sərhəd zonasında "azad ticarət zonası" açmaq niyyətində olduğunu bildirmişdi. Hətta bu istiqamətdə müəyyən addımlar da atıldı. Bu, İranın Ermənistan bazarını əlində saxlamaq və Ermənistandan regiona təzyiq aləti kimi istifadə etmək mahiyyəti daşıyır. İran Ermənistan hakimiyyətinə çatdırmaq istəyir ki, Qərb ölkələri ilə əlaqələrdənsə, İranla əməkdaşlığa üstünlük versin. Bundan əvvəl İsrail Ermənistanda ticarət silsiləsini yaradacağını bildirmişdi. İran tərəfi bu məsələdə İsraili qabaqlamağa və qonşu ölkələrin bazarlarında özünü gücləndirməyə çalışır. Bu, əvvəllər Azərbaycanda, Gürcüstanda da olub. 5-10 il öncə Ermənistanda İran tikinti materiallarından imtina edirdilər. Həmin dövrdə Ermənistana Türkiyədən də tikinti materialları gəlirdi. Ermənilər hesab edirdilər ki, Türkiyə tikinti materialları, İranınkından daha yaxşıdır. İndi Ermənistanla Türkiyə və Rusiya arasında ticarət mübadiləsində müəyyən geriləmələr var. Ümumiyyətlə, ticarət mübadiləsi, demək olar ki, dayanıb. Ermənistan boşluqdan istifadə edib, yaranmış fürsətdən istifadə etməyə çalışır. Oktyabrda açılacaq Ticarət Mərkəzi həm də buna xidmət edir".
Sədrəddin Soltan vurğulayıb ki, İran bununla Zəngəzur dəhlizi əleyhinə başlatdığı təbliğata Ermənistanın da dəstəyini qazanmaq istəyir:
"Tehran bütün hallarda belə mərkəzlərin açılması ilə Ermənistanın könlünü alıb, onu özünə cəlb etmək xəttini tutub. Tehran hesab edir ki, Ermənistan İranla xoş münasibəti artırsa və daha yaxın münasibətlərdə olsalar, İranın Zəngəzur əleyhinə başladığı təbliğatı Ermənistan da dəstəkləyə bilər".