Modern.az

Lideri andiçmədə öldürülən HƏMAS - Qruplaşmanın tarixindən NƏLƏR MƏLUMDUR?

Lideri andiçmədə öldürülən HƏMAS - Qruplaşmanın tarixindən NƏLƏR MƏLUMDUR?

Analitika

20 Sentyabr 2024, 17:50

Yaxın Şərqdə ötən ilin oktyabrından başlanan toqquşmalar beynəlxalq mediada gündəlik qaydada işıqlandırılır. Mürəkkəb geosiyasi rəqabətin yaşandığı bölgədə ölkələrlə yanaşı, bir sıra başqa aktorlar da kifayət qədər aktivdir. Bunların bəziləri əksər dünya dövlətləri tərəfindən terror təşkilatı hesab edilsə də, belə qruplaşmaları hərbi qanadı olan siyasi partiya kimi təqdim edənlər də var.

 

Statusu mübahisə doğuran belə aktorlardan biri də HƏMAS-dır. Fələstinin Qəzza zolağını uzun illərdir, idarə edən HƏMAS İsrailə qarşı mötədil münasibəti ilə seçilən Fələstin Azadlıq Təşkilatına (FAT) müxalif mövqe qoyması və radikal xətti ilə məşhurlaşıb. Bunun nəticəsidir ki, hazırda Fələstinin İordan çayının qərb sahilində yerləşən hissəsini FAT, Qəzzanı isə HƏMAS idarə edir.

 

Modern.az Yaxın Şərqdəki qruplaşmaların tarixinə nəzər salır. Hizbullahla bağlı araşdırmadan sonra HƏMAS barədə məlumatları təqdim edirik:

 

 

HƏMAS (ərəbcədə abreviaturanın açılışı: Hərəkat əl-Müqavəmə əl-İslamiyyə) 1987-ci ildə Fələstindəki "İslami Cihad" təşkilatının bir hissəsi kimi yaranan və özünü İslami Müqavimət Hərəkatı kimi təqdim edən qruplaşmadır. HƏMAS öz fəaliyyətlərinə 1987-ci ildəki İntifada (İsrailə qarşı mübarizə mənası daşıyır) zamanı başlayıb. Rəhbərlərindən biri Şeyx Əhmed Yasin olub.

 

O, islamçılıq Fələstin milliyyətçiliyi əsasında HƏMAS-ın ideologiyasını formalaşdırıb. İran tərəfindən dəstəklənən HƏMAS sosial xidmətlər (məktəblər, xəstəxanalar və s.) təqdim etməklə əhali arasında dəstək toplamağa çalışıb və tədricən xüsusilə Qəzza zolağında populyarlıq qazanıb. 1993-cü ildən başlayaraq, Osloda sülhlə bağlı İsraillə müzakirələr aparan FAT-a qarşı müxalifətdə qərarlaşıb.

 

2000-ci ildən etibarən başlanan ikinci İntifada dövründə HƏMAS silahlı mübarizəyə daha da güclü şəkildə qoşulub. HƏMAS 2006-cı ildə keçirilən seçkilərdə FAT-ı məğlub edərək, 2007-ci ildə Qəzzada hakimiyyətə gəlib. Bu, Fələstindəki siyasi qütbləşməni dərinləşdirib. HƏMAS-ın radikal mövqeyi əsas gətirilərək Qəzza zolağı blokada və embarqo ilə yarımtəcrid vəziyyətinə salınıb. 31 iyulda İran prezidenti Məsud Pezeşkianın andiçməsi günü Tehranda hava zərbəsi ilə öldürülənə qədər HƏMAS Siyasi Bürosuna İsmayıl Haniyə rəhbərlik edirdi.

 

 

HƏMAS ilə İsrail arasında bir neçə ciddi münaqişə baş verib. (məsələn, 2014-cü ildə). HƏMAS-ın ideoloji xəttində əsas problematik tərəf bundan ibarətdir ki, qruplaşma İsrailin bölgədə mövcudluq haqqını tanımır və bu dövləti "məhv edilməli olduğunu" bəyan edir. Bu isə İsrailin HƏMAS-a qarşı hərbi xarakterli addımlarını özünümüdafiə hüququ kontekstində daha da legitimləşdirir. Qeyd edək ki, Haniyədən sonra HƏMAS Siyasi Bürosuna Yəhya Sinvar başçılıq edir.

 

Artıq vurğulandığı kimi, HƏMAS beynəlxalq aləmdə əksər ölkələr tərəfindən terror təşkilatı olaraq tanınır. Bu vəziyyət Fələstin xalqının siyasi müstəvidəki mübarizəsinə və humanitar vəziyyətinə ciddi təsir edir. HƏMAS-ın fəaliyyəti Fələstin və İsrail arasındakı münaqişənin dinamikalarını dərinləşdirir və regional sabitliyə zərər verir. 7 oktyabr 2023-cü ildə toqquşmaları alovlandıran da məhz HƏMAS-ın İsrail ərazilərinə hücumu olmuşdu.

 

Bununla belə, beynəlxalq təşkilatlar HƏMAS-la Fələstin xalqının siyasi mübarizəsi arasında fərq qoyulmalı olduğunu, qruplaşmanın addımlarına görə fələstinlilərin bədəl ödəməsinin doğru olmadığını müdafiə edir. Hazırda bölgədə toqquşmalar davam edir və İsrail tərəfi HƏMAS tam sıradan çıxarılana qədər əməliyyatlara davam edəcəyini bəyan edir. Hər iki tərəfdən minlərlə itki var, Qəzza zolağında dağıntılar böyük miqyasdadır...

Bu xəbər ilə bağlı
Peycerləri partladılan Hizbullah: Qruplaşmanın tarixindən NƏLƏR MƏLUMDUR?
Xəbəri oxu

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər