Livandakı Hizbullah qruplaşması ilə İsrailin münaqişəsi 42 ildən artıqdır ki, regionda qeyri-sabitliyin əsas mənbələrindən biri olaraq qalır. Son vaxtlar məsələ yenidən gündəmə gəlsə də, münaqişənin kökləri dərinə - 42 illik tarixə gedib çıxır. Minlərlə insanın ölümünə səbəb olan bu uzunmüddətli düşmənçilik Yaxın Şərqin ən mürəkkəb və həlli mümkün olmayan problemlərindən biri kimi qiymətləndirilir.
Hər an genişmiqyaslı regional müharibəyə çevrilə biləcək münaqişənin xronologiyası 1982-ci ildən başlanır. 1982-ci ilin iyununda İsrailin Livanın bir hissəsində nəzarəti ələ alması Hizbullahın yaranması ilə üst-üstə düşür. İsrail o zaman Bekaa vadisini baza kimi istifadə edən Fələstin Azadlıq Təşkilatının (FAT) hücumlarına cavab olaraq Livana daxil olub. İsrail ordusu Qərbi Beyruta doğru irəliləyərək FAT-dan gələ biləcək təhlükəni önləyib.
İsrailə qarşı müqavimət məqsədi ilə və dini istinadlarla qurulan Hizbullah İranın dəstəyi ilə sürətlə güclənib. Bir çox ölkələrin terror təşkilatları siyahısında olan qruplaşma Bekaa vadisində və Beyrutun cənub ətraflarında yaşayan şiə əhalisindən dəstək alıb. 1985-ci ildə İsraili Litani çayına çəkilib. İsrail Livan-İsrail sərhədində “təhlükəsizlik zonası” elan edilib.
Bu bölgə 2000-ci ildə İsrail geri çəkilənə qədər İsrailyönlü Cənubi Livan Ordusunun nəzarətində qalıb. Hizbullah Livan siyasətinə 1992-ci ildə daxil olub və parlamentdə 8 yer qazanıb. Bu gün qruplaşmanın siyasi qanadının onun müttəfiqlərinin parlamentdə 62 yeri var... 1993 və 1996-cı illərdə də İsrail və Hizbullah arasında toqquşmalar yaşanıb.
10 il sonra - 2006-cı ildə Hizbullahın üç İsrail əsgərini öldürməsi və ikisini qaçırması ilə başlayan iyul müharibəsi 34 gün davam etdi. Müharibədə təxminən 1200 livanlı və 158 israilli həlak olub. Livanda 4400 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. Hizbullah 2009-cu ildə öz kursunda yeniləmələrə getdiyini elan edib. Qruplaşma İsrailə qarşı mövqeyini qoruyub saxlasa da, sistemə inteqrasiya olunacağına dair öhdəliklər götürüb.
Hizbullah Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra 2012-ci ildə Bəşər Əsədə dəstək məqsədilə prosesə cəlb olundu. Bu addım qruplaşmanın müharibə təcrübəsini artırsa da, ərəb dünyasında, xüsusən də Körfəz ölkələrində dəstəyini azaltdı. İsrail isə Suriyadakı vətəndaş müharibəsində Əsəd əleyhinə mövqe tutdu və müxalifəti dəstəklədi.
Hizbullah 2023-cü ilin oktyabrında HƏMAS-İsrail toqquşması və Qəzzada əməliyyatlar başladıqdan sonra İsrailə raket hücumu həyata keçirib. Oktyabrın 7-dən bəri tərəflər arasında baş verən qarşıdurmalarda 566 livanlı ölüb, 97 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsraildə 60 min insan sərhəd bölgəsindən təxliyə edilib.
İsrail-Hizbullah münaqişəsi Yaxın Şərqin siyasi taleyini formalaşdıran gərginliklərdən biri olmaqda davam edir. 42 ildir davam edən bu gərginlik təkcə hər iki tərəfə deyil, bütün regiona təsir edir. Livanın sabitliyini sarsıdan, İran-İsrail münasibətlərini gərginləşdirən və Suriya vətəndaş müharibəsinin gedişatını dəyişdirən bu münaqişə beynəlxalq diplomatiyanın ən çətin sınaqlarından biridir.
Beynəlxalq vasitəçilik səyləri indiyədək heç bir nəticə verməyib. Region ölkələri ilə qlobal güclər arasında maraqların toqquşması problemi daha da çətinləşdirir. Son hadisələr göstərir ki, sülh hələ də uzaq bir ehtimaldır. Yaxın Şərqin taleyini həll edəcək bu münaqişəyə son qoymaq regional və qlobal aktorların birgə səyini tələb edir.