Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində “Qələbə Planı” adlandırılan konsepsiyanı ABŞ prezidenti Co Baydenlə müzakirəsi dünya mətbuatının əsas gündəm mövzularından biridir. Zelenskinin xeyli müzakirələrə səbəb olan qələbə planı nədir? Bu plan və onun reallaşması Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?
Modern.az bu suallara cavab axtarıb.
Ukrayna prezidenti Volodimir Zelenski X hesabında paylaşdığı videomüraciətində qeyd etmişdi ki, bu payız müharibənin gələcəyini müəyyən edəcək. Onun qələbə planı 3 əsas elementdən ibarətdir. Bunlara Ukraynaya daha çox silah yardımı, Rusiyanı sülhə məcbur etmək üçün beynəlxalq miqyasda diplomatik səylər göstərmək, 2022-ci ildə ölkəsinin işğalına görə Moskvanın məsuliyyət daşıması kimi müddəalar daxildir.
Zelenskinin qələbə planını ABŞ prezidenti Co Baydenlə müzakirə etdikdən sonra deyib ki, planı Konqresə və prezidentliyə iki namizəd, vitse-prezident Kamala Harris və ABŞ-ın keçmiş prezidenti Donald Trampa da təqdim edəcək.
Tramp bundan əvvəl ABŞ-ın Ukraynaya maddi və mənəvi dəstəyini tənqid etmiş və Rusiya prezidenti Vladimir Putini tərifləmişdi. Buna baxmayaraq o da Zelenskinin görüş siyahısına salınıb. Zelenskinin ABŞ-a səfəri Ağ Evin Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlamağa çalışdığı dövrə təsadüf edib.
Ukrayna hökuməti və Zelenski aylardır ki, Qərb müttəfiqlərindən, xüsusən də ABŞ-dan Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edir. Putin uzun mənzilli raket hücumlarına NATO-nun “müharibədə birbaşa iştirakı” kimi baxacağını demişdi.
ABŞ prezidenti Co Bayden də jurnalistlərin uzaq mənzilli raketlərlə bağlı qərarın əldə edilib-edilmədiyi sualına “xeyr” cavabını vermişdi. Respublikaçıların namizədi Tramp Ukraynadakı müharibəni dərhal bitirə biləcəyini iddia edir. Həm Putini, həm də Zelenskini çox yaxşı tanıdığını bildirən Tramp oval kabinetdə oturmadan müharibəni bitirəcəyəni bəyan edir.
Vaşinqton indiyədək Ukraynaya 56 milyard dollar yardım edib. ABŞ Ukraynanın müdafiəsini dəstəkləyən əsas ölkədir. Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivlərindən 35 milyard avronun Ukraynanın iqtisadiyyatını və ordusunu dəstəkləmək üçün köçürüləcəyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür. Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.
Zelenskinin Vaşinqtondakı görüşlərindən sonra Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı da maraq doğuran məqamlardandır...