Bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prioritet olacaq. ABŞ Dövlət Departamentinin məlumatına görə, görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də (Bakı vaxtı ilə 18:15) keçiriləcək.
Qeyd edək ki, Bayramovla Mirzoyan indiyədək 14 dəfə görüş keçirib və görüşlərdə bir sıra irəliləyişlər qeydə alınıb.
Bəs budəfəki görüşdə nəsə müsbət nəticələr gözlənilirmi? Görüşün yenə də, ABŞ-da olması nədən xəbər verir?
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bugünkü görüşdə Entoni Blinken Paşinyanın konstitusiyadan ərazi iddialarını çıxarmağa inandırmalıdır:
"Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdılar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq".
Elxan Şahinoğlu görüşün ABŞ-da olmasınının səbəbini belə şərh edib:
"Rusiya danışıqlarda yenidən aktivlik göstərməyə çalışır. Kreml görüşlərin Moskvada və vasitəçiliyi olmasını istəsə də, Ermənistan buna razı deyil. Açığı Rusiyanın vasitəçiliyi bizə də lazım deyil. Prezident İlham Əliyev Parlamentdəki çıxışında da vasitəçiyə ehtiyacının olmadığını bildirdi. Doğrudan da, bir sıra ikitərəfli görüşlərdə nəticələr əldə etmək mümkün deyil. Digər yandan görüşün ABŞ-da olması tərəflərin buna etiraz etməməsindən irəli gəlir. Həm də ABŞ-nin Ermənistana təzyiq etmə imkanları mövcuddur. Çünki ona maliyyə və digər yardımlar göstərirlər".