Modern.az

Süd vəzi xərçəngi: Necə qorunmalı, necə aşkar etməli, necə müalicə olunmalı...

Süd vəzi xərçəngi: Necə qorunmalı, necə aşkar etməli, necə müalicə olunmalı...

Analitika

3 Oktyabr 2024, 12:35

Oktyabr ayı bütün dünyada süd vəzi (döş) xərçəngi ilə bağlı fərqindəlik və maarifləndirmə ayı kimi qəbul olunub.

 

Modern.az çox geniş yayılmış bu xəstəliyin vaxtında aşkarlanması, qarşısının alınması və preventiv addımları araşdırıb.

 

Qadınlarla yanaşı, nadir hallarda kişilərdə də müşahidə edilən xərçəngin bu növü hər il xeyli insanın həyatına son qoyur. Mütəxəssislər süd vəzi xərçəngindən qorunmanın bir sıra yolları olduğunu deyirlər. Məsələn, qadınların 30 yaşa çatmadan ana olması və uzun müddət ana südü ilə uşaqlarını qidalandırması riski azaldan faktorlardandır. 

 

Bundan başqa, xərçəngin bütün növlərindən qorunmaq üçün tövsiyə olunan üsullar süd vəzi xərçəngi üçün də keçərlidir və tətbiq oluna bilər. Qeyd olunmalıdır ki, bütün üsullar xəstəliyə tutulma ehtimalını azaldan faktor kimi çıxış edir, lakin tam sığortalanmadan söhbət getmir. Döş xərçənginin ən çox görülən əlamətinin palpasiya olunan kütlə olduğu məlumdur. Bu baxımdan onkoloqlar insanın özünün bu kütləni fərq edə biləcəyini deyir.

 

Eyni zamanda, bu kütlə müayinələrdə də aşkarlana bilər. Məmə ucundan axıntı da xərçəng əlaməti ola bilər.   Xəstəliyin mərhələsi irəlilədikcə və döşdəki kütlə artdıqca, simptomlar da fərqli olur. Rəngin dəyişməsi, sağalmayan yara, döş giləsinin yığılması, qoltuqaltı nahiyədə hiss olunan kütlə, döş dərisinin portağal qabığına bənzər deşilməsi və məsaməli olması müşahidə edilə bilən əlamətlər sırasındadır. 

 

Döş xərçəngində erkən diaqnozun əhəmiyyəti müalicə və sağalma baxımından həyati önəmə malikdir. Bir çox digər xərçəng növlərində olduğu kimi döş xərçəngində də diqqət yetirilməli olan ən vacib məqam erkən diaqnoz qoymaq və gecikməməkdir. Buna görə də müəyyən aralıqlarla müayinələrin aparılması əhəmiyyətlidir. Döş xərçənginin diaqnostikasında ən vacib iki müayinə süd vəzilərinin ultrasəs müayinəsi və mamoqrafiyadır.

 

 

Bu müayinələr olduqca asan və əlçatandır. Təbii ki, qəti diaqnoz döş biopsiyası ilə qoyulur. MRT və tomoqrafiya zərurət yarandıqda tələb oluna bilən radioloji müayinələrdir. Son zamanlar süd vəzi xərçənginə tutulma halları artıb və statistik göstəricilər ölkədən asılı olaraq dəyişir. Skrininq üsullarının geniş tətbiqi erkən mərhələdə xərçəng hallarının aşkarlanmasını artırıb.

 

Piylənmə, qidalanma, uşaq sahibi olmamaq, ana südü verməmək kimi həyat tərzi dəyişiklikləri xərçəngin yaranmasına səbəb olan faktorlar arasındadır. Döş xərçəngindən qorunmaq üçün xüsusi pəhriz yoxdur. Bütün kanserogen maddələr, zərərli qidalar, siqaret və spirtli içkilərin istehlakı xərçəngin əmələ gəlməsini artıra biləcək riskli məqamlardır.

 

Həmçinin hormona həssas qrupdakı döş xərçəngi xəstələrinə estrogen ehtiva edən əlavələrdən və qidalardan uzaq durmaq tövsiyə olunur. Müalicəyə gəlincə, döş xərçənginin müalicəsi komanda işidir. Bu səbəblə hər döş xərçənginə tutulma faktı individual yanaşma tələb edir və kollegial mütəxəssis müzakirəsi ehtiyacı yaradır. Müalicə xəstəliyin mərhələsindən asılı olaraq cərrahiyyə, sistemli müalicə kursu və radioterapiyadan ibarətdir.

 

Qeyd etmək lazımdır ki, döş xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Mütləq özünü döş müayinəsi etmək mütəxəssislərin diqqət çəkdiyi mühüm məqamdır. Bunun sayəsində döş toxumasının vəziyyəti ilə tanış olmaq mümkündür. Öz süd vəzilərinin müayinəsi ona görə tövsiyə olunur ki, yeni yaranmış lezyon, sərtlik və ya döş görünüşündə dəyişiklik vaxtında müəyyən olunsun.

Bu xəbər ilə bağlı
Süd vəzi xərçəngi ilə mübarizə aparanlar üçün oxunmalı 3 KİTAB
Xəbəri oxu

 

Artıq qeyd olunduğu kimi, döş xərçəngi kişilərdə də genetik-irsi səbəblərlə müşahidə olunur. Ümumiyyətlə, döş xərçəngi üçün risk faktorları fərdi, ətraf mühit və genetik olaraq 3 kateqoriyaya bölünür. Qadınlarda fərdi faktorlar arasında reproduktivlik tarixçəsi də nəzərə alınmalıdır. İlk menstruasiya yaşı və menopoz yaşı önəmlidir. Estrogenə məruz qalma müddəti nə qədər uzun olarsa, döş xərçəngi riski bir o qədər yüksəkdir.

 

 

Reproduktivlik tarixçəsi dedikdə uşaq dünyaya gətirməkdən söhbət gedir. Uşaq dünyaya gətirməyin döş xərçənginə qarşı qoruyucu təsiri var. Heç doğum etməmiş və ya ilk doğumunu 35 yaşdan sonra etmiş qadınlar risk qrupunda yer alır. Bundan əlavə, ana südü ilə qidalandırma da vacibdir. Tövsiyə olunan müddət azı 1 il ana südü ilə qidalandırmadır. Ana südü verməyən və ya çox az müddətdə verən qadınlar da risk qrupundadır.

 

Ətraf mühit faktorlarının da döş xərçəngi riski daşıya biləcəyi yuxarıda vurğulanıb. Yüksək kalorili yemək vərdişi, çəki faktoru və ya tez-tez dezodorant istifadəsi zərərlidir. Tez-tez müzakirə olunan məsələlərdən biri də tərkibində paraben və alüminium olan dezodorantların orqanizmə təsiridir. Bunlar həm də xarici təsir kimi döş xərçəngi riskini artırır. Alkoqol və siqaret istifadəsi və stresli həyat ümumiyyətlə risk faktorlarını artırır...

 

Bir daha özünü müayinə məsələsinə qayıdaq: Bunun üsulu əvvəlcə güzgü qarşısında durub sinənin görünüşündə hər hansı dəyişiklik olub-olmadığını yoxlamaqdır. Əllərini yuxarı qaldıraraq güzgü qarşısında sinəyə diqqət yetirmək lazımdır. Əlləri qaldırmaq həm döş toxumasını, həm də alt hissələrini daha yaxşı görməyə imkan verir.

 

Bundan başqa, əlləri havaya qaldırdıqda və ya əlləri belə qoyduqda adi vaxt görünməyən bəzi kütlələr, çökəkliklər və kiçilmələr - əgər varsa - daha aydın görünür. Döş giləsində bəzi çatlar və qabıqlar ola bilər və vizual olaraq görünə bilər. Daha əvvəl olmayan yığılma və büzülmə, axıntı da nələrdənsə xəbər verə bilər. Qanlı, şəffaf axıntılar döş xərçəngi baxımından araşdırma tələb edən ifrazatlardır.

 

Özünü müayinəni hər ay müntəzəm olaraq etmək önəmlidir. Həkim müayinəsi isə peşəkarlıq baxımından həm sağlamlığa daha ciddi önəm vermək baxımından vacibdir, həm də istənilən dəyişiklikdən panikaya düşüb dərhal süd vəzi xərçənginə tutulduğunu düşünərək psixoloji sarsıntı keçirməyi önləyir. Məhz peşəkar həkim müayinəsi yekun və dəqiq diaqnozun qoyulması ilə nəticələnir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?