Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq. Bu barədə razılıq Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.
Qeyd olunub ki, sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri dayanacaq. Razılığa əsasən, Ermənistan-Türkiyə sərhədində isə Rusiya ilə yanaşı Ermənistan sərhədçiləri də dayanacaq. Rusiya sərhədçiləri bu ilin iyul ayında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılıb.
Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu Azərbaycanın Qarabağ müharibəsindəki zəfərindən sonra Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri publik şəkildə sorğulamağa başladığını bildirib:
"Rusiya ilə Ermənistan arasında 1992-ci ildə imzalanan sənədə əsasən, Rusiya sərhəd qoşunları Ermənistan- Türkiyə, Ermənistan-İran dövlət sərhədlərinin mühafizəsini həyata keçirirməyə başlayıb. Rusiya hərbçiləri 44 günlük müharibə başlamazdan əvvəl, müharibə zamanı və ondan sonrakı dövrdə Ermənistanın müxtəlif bölgələrində yerləşən mövqelərini boşaldıb, ölkələrinə qayıtmışdılar. Türkiyə-Ermənistan sərhədlərində daha əvvəl mövqe və gözətçi məntəqələri olan Rusiya 44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra əsgərlərini geri çəkib. Təbii ki, bu dönüşlər rəsmi İrəvanın tələbi əsasında reallaşmışdı. Səbəb isə Paşinyan hökumətinin müharibə zamanı Rusiyanın Azərbaycanın Qarabağda qarşısını almadığına görə tənqidi olub. O vaxtdan bəri, Ermənistan daxilində bir sıra hərbi məntəqələri olan Rusiya ilə ənənəvi əlaqələrini publik şəkildə sorğulamağa və Qərb ilə daha yaxın əlaqələr qurmağa başlayıb".
İmbat Muğlu vurğulayıb ki, Rusiya Ermənistanı nə Qərbə, nə də Türkiyəyə vermək istəmir:
"Rusiya dövlət başçısı Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan Kremldə bir araya gəlib. Rusiya və Ermənistan arasında ticari və iqtisadi əlaqərlə yanaşı, sərhəd təhlükəsizliyi məsələsi gündəm olub. Ölkə başçılarının aralarındakı razılığa görə Rusiya sərhədçiləri 1 yanvar 2025-ci ildən Ermənistan-İran sərhədlərindən çıxacaq. Ermənistan-Türkiyə sərhədində isə rus hərbçiləri ilə yanaşı erməni hərbçilər də dayanacaq. İki ildən artıqdır ki, Ukrayna ilə müharibə aparan Rusiyanın sərhəd qoşunlarını hələ də Ermənistanda saxlama səbəblərindən biri də,şübhəsiz ki, İrəvan hökumətinin Qərbə yaxınlaşmasının qarşısını almaqdır. Azərbaycanın Qarabağ zəfərindən sonra Türkiyə regional sülh və hüzura töhfə vermək üçün Ermənistanla bir çox görüşlər həyata keçirib və bu görüşlərin nəticələri hər iki ölkənin əlaqələri baxımından müsbət hal alıb. Belə olan halda, Rusiya Ermənistanı nə qərbə, nə də Türkiyəyə vermək istəyir".