Modern.az

Azərbaycan ABŞ dairələri ilə münasibətləri dondura bilər

Azərbaycan ABŞ dairələri ilə münasibətləri dondura bilər

Analitika

10 Oktyabr 2024, 10:33

Oktyabrın 8-də Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la münasibətlərə yenidən baxılmasının vacibliyini vurğulayıb.

 

Modern.az-a danışan komitənin üzvü Elçin Mirzəbəyli bildirib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun plenar iclasdakı çıxışı millət vəkillərinin Xarici işlər naziri Ceyhun Bayramova müraciətinə əsaslanır və ABŞ Konqresi ilə Dövlət Departamenti arasındakı “məktublaşma” imitasiyasından fərqli olaraq, real məzmun və xarakter daşıyır:

 

"Millət vəkillərinin Ceyhun Bayramova müraciətində ABŞ-la münasibətlərin yenidən nəzərdən keçirilməsi və bu məqsədlə müvafiq addımların atılması xahiş olunur. Bu addımlardan birincisi iki ölkə arasında imzalanmış və qüvvədə olan bütün müqavilələrə yenidən baxılmasıdır. Bu xüsusda iki müqavilənin adı birbaşa vurğulanır: “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanat və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş. Deputatların müraciətində hər iki sənədə xitam verilməsi xahiş olunur. Sözügedən bəyanat və saziş ikitərəfli əlaqələrdə, xüsusilə də Birləşmiş Ştatlar üçün mühüm əhəmiyyət kəsb edir. Məsələn, imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin 3-cü maddəsində qeyd olunur ki, “Bu Saziş birgə təlimlər, təlim məşqləri, yerləşdirmələr, limanlara başçəkmə, əməliyyatlar və ya digər əməkdaşlıq tədbirləri zamanı, habelə gözlənilməz hallarda və ya Tərəflərdən birinin maddi-texniki təminata, təchizata və xidmətlərə kəskin ehtiyacı yarandıqda, Tərəflər arasında qarşılıqlı maddi-texniki təminatın asanlaşdırılması məqsədi ilə hazırlanmışdır”. Təfərrüatına vasmasam da, təkcə Sazişdən təqdim etdiyim iqtibas, sənədin Birləşmiş Ştatlar üçün daha böyük önəmə malik olduğunu sübuta yetirir. Son nəticədə “birgə təlimlər”, “təlim məşqləri” istisna olmaqla, Azərbaycanın nə ABŞ limanlarına baş çəkməsinə, nə yerləşdirmələrə, nə də maddi-texniki təminat, təchizat və xidmətlərə ehtiyacı yoxdur. Prinsip etibarilə, Azərbaycanın Şimali və yaxud Cənubi Amerikada yerləşən hər hansı bir ərazidə öz “təhlükəsizliyini” təmin etmək kimi bir iddiası yoxdur ki, ABŞ-ın “maddi-texniki təminatının asanlaşdırılmasına” ehtiyac duysun.


Millət vəkillərinin müraciətində yer alan başqa bir istiqamət, ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması ilə bağlıdır. Məlum olduğu kimi USAID-in fəaliyyəti, xüsusilə də qatı ermənipərəst Samanta Pauer bu təşkilatın rəhbərliyinə gətirilməsindən sonra görülən işlər Azərbaycan cəmiyyəti tərəfindən qətiyyətlə pislənilir. USAID-in Ermənistana yardımlarını iki dəfədən çox artırması və bu vəsaitlərin Ermənistanın silahlandırılmasına cəlb edilməsi ilə bağlı məlumatlar, sözügedən təsisatla əməkdaşlığa son qoymağın zamanının gəldiyini göstərir".


E.Mirzəbəyli vurğulayıb ki, Departament öz oyunlarına son qoymayanadək, münasibətlər normal məcraya yönəlməyəcək:

 

"Azərbaycana qarşı Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin həmmüəlliflərindən biri olan Bayden və ABŞ xarici siyasətinin total uğursuzluğunun simvolu Blinken Amerikası ilə əməkdaşlığın davam etdirilməsinin, onların ölkəmizə qarşı olan ədalətsiz, beynəlxalq hüquqa zidd mövqelərinə təsir göstərə biləcəyini düşünmürəm. Demokratlar ölkəmizə qarşı təzyiqlər həyata keçirməklə Azərbaycanla Ermənistan arasında rəsmi İrəvanın bir sıra mühüm öhdəliklərindən yayınmasına xidmət edən yarımçıq bir sənədin imzalanmasına çalışırlar. Məqsəd isə prezident seçkilərində erməni diasporunun dəstəyini qazanmaqdan və prosesi “xarici siyasətdəki uğur” kimi qələmə verməkdən ibarətdir. Azərbaycan isə geosiyasi proseslərin müstəqil oyunçusudur, oyuncağı deyil. Bu baxımdan, Departament öz oyunlarına son qoymayanadək, münasibətlərin normal məcraya yönələcəyini istisna edirəm".

 

Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, ABŞ Dövlət Departmenti Konqresin anti-Azərbaycan siyasətinə korrektə etməlidir:

 

"Fransada Emmanuel Makronun hakimiyyətə gəldikdən sonra anti-Azərbaycan siyasəti iki ölkə arasında münasibətlərin pozulmasına, korlanmasına səbəb olub. Bu, Fransa hakim dairələrinin böyük səhvi idi. Təəssüf ki, ABŞ hakim dairələri də eyni yolu gedirlər. ABŞ konqresinin Azərbaycana qarşı tutumu əvvəllər də belə olub. Sadəcə indi,bu, daha da fəallaşıb. ABŞ Dövlət Departmentinin Konqresin siyasətinin qarşısını almaması ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Halbuki, son zamanlara qədər Azərbaycanla ABŞ arasında müxtəlif mövzularda dialoq, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq vardı. Bu gün də ABŞ-ın yüksək səviyyəli məmuru iqlim dəyişikliyi ilə əlaqədar Bakıdadır. Hesab edirəm ki, Dövlət Departmenti Konqresin anti-Azərbaycan siyasətini korrektə etməsə, münasibətlər,əlbəttə, gərginləşməkdə davam edəcək. Bu nə Azərbaycanın, nə də ABŞ-nin maraqlarına uyğundur".

Politoloqun fikrincə, vəziyyətin indiki kimi davam etməsi Azərbaycanın ABŞ-nin rəsmi qurumları ilə əlaqələrinin dondurulmasına səbəb ola bilər:

 

"Konqres anti-Azərbaycan qətnaməsini qəbul edərsə,yəni sanksiyalar tətbiq edərsə, bu, mənfi hal olacaq. Dövlət Departmenti seyirçi qalsa, bu, Azərbaycanın ABŞ-nin rəsmi qurumları ilə əlaqələrinin dondurulmasına gətirib çıxaracaq. Bu isə hər iki ölkənin də maraqlarına zidd olmalıdır. ABŞ-də başa düşməlidirlər ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla münasibəti korlamaqla, həm bölgədə möhkəmlənə bilməyəcəklər, həm də Rusiyanın  Cənubi Qafqazda fəallaşmasına imkan verəcəklər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi