Modern.az

"Avropa müşahidəçiləri Ermənistan ordusunun tərkibinə keçə bilər"

"Avropa müşahidəçiləri Ermənistan ordusunun tərkibinə keçə bilər"

Analitika

19 Oktyabr 2024, 17:57

Ermənistanda Azərbaycanla sərhəddə yarıhərbiləşmiş “Avropa müşahidəçilər missiyası"nın fəaliyyəti davam edir. Bu missiya, demək olar ki, artıq hüdudlarını keçib. Belə ki, Azərbaycan  əraziləri məhz onlar tərəfindən bir müddət əvvəl izlənilib. Prezident İlham Əliyev Belçika səfirini qəbul edəndə bu məsələyə toxunub.

 

İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın  razılığı olmadan uzadılmasıdır: “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun.

 

Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi". Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq.

 

Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsə, missiya başa çatacaq.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Aİ missiyasından narazılıq ifadə edib. Kərim Vəliyev bu barədə ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə danışıb. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

 

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, “Avropa müşahidəçilər missiyası”nın müddətinin uzadılması qarşılıqlı etimad mühitinə ciddi zərbə vurur:

 

“Avropa müşahidəçilər missiyası” adlanan və hüquqi baxımdan beynəlxalq müşahidə missiyası statusuna sahib olmayan, Qərbin “kollektiv təsərrüfat” subyektlərini təmsil edən, əsasən hərbçi və xüsusi xidmət orqanlarının təmsilçilərindən ibarət qrupun fəaliyyətinin davam etdirilməsi və hətta saylarının Avropa İttifaqına heç bir aidiyyəti olmayan ölkələrin təmsilçilərinin hesabına artırılması Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına yönəlmiş təxribat ssenarilərinin tərkib hissəsidir. Avropa İttifaqının Praqa razılaşmasını birtərəfli qaydada pozaraq, sözügedən “missiya”nın Ermənistandakı mövcudluq missiyasını uzatması rəsmi Brüsselin öz öhdəliklərinə sadiq qala bilmədiyi reallığını yaradır və qarşılıqlı etimad mühitinə ciddi zərbə vurur.
“Missiya” üzvlərinin davranışları və açıqlamalarına gəldikdə isə bütün bunların diplomatik normalara uyğun gəlmədiyini, təhrikçi xarakter daşıdığını deyə bilərik".

Elçin Mirzəbəyli vurğulayıb ki, “Avropa müşahidəçilər missiyası”nın Ermənistan-Azərbaycan sərhədində mövcudluğu heç bir hüquqi əsasa malik deyil:

 

"Bütövlükdə Avropa İttifaqı kimi regional bir təşkilatın təmsilçilərinin “müşahidə missiyası” yaratması və bir ölkənin ərazisindən digər ölkənin sərhədlərini müşahidə etməsi beynəlxalq təcrübədə rast gəlinməyən hadisədir. Bu qəbildən olan missiyaların fəaliyyəti bir qayda olaraq, BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının qərarları, həmçinin dövlətlərarası razılaşmalarla tənzimlənir. Məlum olduğu kimi belə razılaşmalar yoxdur və bu da “Avropa müşahidəçilər missiyası”nın Ermənistan-Azərbaycan sərhədində mövcudluğunun heç bir hüquqi əsasa malik olmadığını təsdiqləyir". 

 

Deputat missiyanın fəaliyyətinin dayandırılmasından da danışıb:

 

"Missiyanın fəaliyyətinin dayandırılması, şübhəsiz ki, onun Praqa razılaşmasına zidd olaraq, Ermənistan-Azərbaycan sərhədində saxlamaqda davam edən Avropa İttifaqından asılıdır. Əgər Aİ dövlətlərin suveren hüquqlarına, BMT Nizamnaməsinə və elan etdiyi prinsiplərə sadiqdirsə, o zaman qanunsuz missiyasını geri çəkməlidir. Əks təqdirdə, Ermənistanın öz təxribatlarına “çətir” kimi istifadə etdiyi de-fakto hərbi missiyanın təhlükəsizliyinə təminat mümkün deyil və onlar Ermənistan hərbi birləşmələrinin tərkib hissəsi kimi qəbul olunacaqlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu