Modern.az

Kazan sammiti: Sülh sazişi və Zəngəzur dəhlizi də müzakirə ediləcək

Kazan sammiti: Sülh sazişi və Zəngəzur dəhlizi də müzakirə ediləcək

22 Oktyabr 2024, 16:36

Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın baş naziri Narendra Modi, Çin lideri Si Cinpin, Fələstin prezidenti Mahmud Abbas, BMT-nin baş katibi Antonio Quterreş, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İran prezidenti Məsud Pezeşkian və Efiopiyanın baş naziri Abiy Əhməd Əli  və digər liderlər iştirak edəcək.

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Kazanda görüş olacaq. Eləcə də digər dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.
 

Sammitdə iştirakçılar aktual beynəlxalq problemləri müzakirə etmək və Yaxın Şərqdə gərginləşən vəziyyətə xüsusi diqqət yetirmək niyyətindədirlər. Görüş zamanı həmçinin BRICS ölkələri ilə Qlobal Cənub arasında qarşılıqlı fəaliyyətin nəzərdən keçirilməsi planlaşdırılır. Zirvə görüşündən sonra liderlərin Kazan bəyannaməsini qəbul edəcəyi gözlənilir.

 

Bununla yanaşı Azərbyacan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın da sammitdə iştirak edəcəyi bildirilib. Kazan sammitində baş tutacaq ikitərəfli və çoxtərəfli görüşlərdə Ermənistan-Azərbaycan arasında sülh sazişi layihəsinin, Zəngəzur dəhlizinin də müzakirə ediləcəyi gözlənilir. 

 

Sammit barədə Modern.az-a danışan Milli Məclisin Beynəlxalq siyasət və parlamentlərarası ittifaq komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Ərdoğan və Putin arasında görüşdə münaqişələrin həlli məsələsi, Ukrayna, eləcə də Azərbaycan-Ermənistan münaqişəsinə Rusiya və Türkiyənin töhfələri, kommunikasiyaların açılması məsələləri müzakirə olunacaq.

 

"Gündəm çox genişdir. Üçtərəfli görüş prinsipcə mümkündür. Lakin mən belə bir görüşün baş tutacağını gözləmirəm. Azərbaycan Prezidentinin çox sayda ikitərəfli görüşləri gözlənilir", - o qeyd edub.

 

Asim Mollazadə Putinlə Ərdoğanın Azərbaycan-Ermənistan müzakirəsindən nəticə çıxıb-çıxmayacağından da danışıb:

 

"Nəticə, əslində, Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda gözlənilməlidir. Bu istiqamətdə Ermənistan hər imkandan istifadə edərək beynəlxlaq ictimaiyyəti aldadır və proseslərdən qaçır. Ermənistanın üzərində konkret öhdəliklər var. Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək, kommunikasiyalarla bağlı müvafiq sənədləri Ermənistan imzalayıb. Amma öz öhdəliklərini icra etməyiblər".

 

Deputat vurğulayıb ki, Azərbaycanın siyasəti əməkdaşlıq və tərəfdaşlıqdan ibarətdir:

 

"Kazandakı sammit Azərbaycan üçün yeni əməkdaşlıq imkanı yaradacaq. Qarşılıqlı iqtisadi maraqlar üçün müvafiq görüşlər keçiriləcək. Azərbaycanın da marağı məhz bu istiqamətdə öz istəklərini həyata keçirməkdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu