ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter bu həftə Bakı və İrəvanda olub. O, Azərbaycan və Ermənistan liderləri, eləcə də xarici işlər nazirləri ilə görüşlər keçirib.
Karpenter Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana ABŞ lideri Co Baydenin məktubunu təqdim edib. Bayden İlham Əliyevə məktubunda yazıb ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. "Sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm", - o qeyd edib.
Amerikalı nümayəndə tərəfləri sülh sazişini imzalamaq üçün tarixi imkandan istifadə etməyə çağırıb. Qeyd edək ki, Karpenter əvvəllər ABŞ-nin ATƏT-dəki nümayəndəsi olub və Ermənistan-Azərbaycan məsələsi ilə bağlı çoxsaylı açıqlamaları ilə məşhurdur. O, bu ilin aprel ayında vəzifəsindən istefa verib və hazırkı vəzifəyə gətirilib.
Tərəflər arasında bundan əvvəl İstanbul və Nyu-Yorkda görüşlər keçirilib. Görüşlərdə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş layihəsi müzakirə edilib. Rəsmi açıqlamada deyilir ki, tərəflər ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər. Ancaq rəsmi Bakı Ermənistan konstitusiyasının sülhə maneə olduğunu bildirib.
Maraqlıdır ki, Bayden emissarını Cənubi Qafqaza niyə yollayıb? Məsələnin pərdəarxası məqamları nədən ibarətdir?
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Karpenterin səfəri və ABŞ Prezidentinin məktubları seçkiqabağı Demokratlar Partiyasının fəaliyyətidir:
"Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında əngəl törədən hansı tərəfdir. Sadəcə olaraq, Ermənistanı tənqid etmək istəmirlər. Çünki seçkiqabağı Demokratların ümidləri var ki, ermənilər onlara səs verəcək. Ona görə də Bayden öz köməkçisini Ermənistana yollayıb".
O bildirib ki, Baydenin Paşinyana məktubunda Azərbaycan-Ermənistan münaqişəsinə dair maraqlı nüanslar var:
"Eləcə də, ABŞ-nin siyasətinə dair məsələlər məktubda öz əksini tapır. Yəni adi bir məktubdur. Belə deyək, məktubu gətirən o qədər də yüksək səviyyəli məmur deyil. O, Prezidentin məktubunu gətirdiyi üçün qəbul olunub. Hiss olunur ki, heç Demokratların da proseslərin irəli gedəcəyinə böyük ümidi yoxdur. Çünki bəllidir ki, ermənilərə proseslərin həlli istiqamətində addım atmasına ruslar qadağa qoyublar. Rəsmi Vaşinqton bunu yaxşı başa düşür. Çünki uzun müddət Moskvadan təhdidlər vardı. İndi də Rusiyadan idarəolunan etiraz aksiyaları dayandırılıb. Ona görə Ermənistanın bu istiqamətdə hansısa addımlar atması mümkün deyil. Doğrudur, ermənilər bizi bu məsələdə ittiham etmək istəyirlər. Amma hamı üçün bəllidir ki, bu məsələdə həqiqət haradadır".