Modern.az

"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri

"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri

26 Oktyabr 2024, 13:38

Bu gün Gürcüstanda Parlament seçkiləri keçirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev,  deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev artıq Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün qonşu ölkədədir.

Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanır, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olur, vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyirlər.

Bəs hazırda seçkilərlə bağlı durum hansı vəziyyətdədir?

Modern.az bununla bağlı olaraq, müşahidə missiyasının rəhbəri Arzu Nağıyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Milli Məclisin komitə sədri Arzu Nağıyev bildirib ki, seçkilərdə seçici aktivliyi müşahidə edilir:

"Bu gün Gürcüstanda proporsional sistem üzrə parlament seçkiləri keçirilir. 150 deputatın seçilməsi gözlənilir. Partiyalar parlamentə düşmək üçün 5 faizlik baryeri aşmaq uğrunda mübarizə aparır. Məlum məsələdir ki, Gürcüstanın gələcəyini gürcü xalqı özü müəyyən edəcək. Qeyd etmək istərdim ki, Azərbaycan Milli Məclisinin 8 deputatı seçkiləri izləyir. Bu gün biz Rustavidə 10 seçki dairəsində olduq. Seçici aktivliyi var. Bizim müşahidə etdiyimiz məntəqələrdə seçicilərin üçdə biri artıq saat 11:00-a olan məlumata görə səsverməyə gəlmişdi. Heç bir problem yaranmayıb. Rustavi ərazisində hər hansı qarşıdurma görmədik. Sakit bir tərzdə səsvermə davam edir.

Müşahidəçi kimi, biz Tbilisinin bir sıra seçki dairələrində də olacağıq. Müşahidə ediləcək əsas məntəqələrlə bağlı məlumatımız olacaq. Bir sözlə, həddən artıq müşahidəçilər var. Son sözü isə Gürcüstan xalqı deyəcək. Hazırda tam sakitçilikdir, seçki öz axarında davam edir".

Xatırladaq ki, deputatların Gürcüstan səfəri oktyabrın 27-də başa çatacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu