Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçirilib. Keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
Seçkilərdən sonra Gürcüstan prezidenti Solome Zurabişvili və müxalifət partiyaları nəticələri tanımadıqlarını bəyan ediblər və ötən gün Tbilisidə kütləvi aksiya keçirilib.
Modern.az-a danışan Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Xanlar Mehdiyev bildirib ki, seçkilərdə ilk gündən azərbaycanlılar çox aktiv iştirak edib:
"Biz də Marneuli, Bolnisi, Dmanisi, Kaxetyaya və digər azərbaycanlıların kompakt yaşadığı ərazilərə gedəndə görürdük ki, maksimum dərəcədə seçki müzakirə olunur. Xüsusilə də, Bolnisi, Marneulidə seçicilərin aktiv iştirakı müşahidə edilirdi. Statistik rəqəmlərə də baxanda görürük ki, "Gürcü Arzusu" 78-79 faizlə bu ərazilərdə yüksək səs qazanıb və qalib gəlib. Onlar ilk gündən "Gürcü Arzusu"nu dəsəkləyirdilər. Müxalifətə dəstək olan kiçik bir kəsim, təbii ki, vardı. Əlbəttə, bu da normaldı. Çünki 13 azərbaycanlı seçkilərdə namizəd idi. Onlardan ikisi-Savalan Mirzəyevlə, Zaur Darğalı hakim "Gürcü Arzusu" Partiyasının namizədləri idi. Bunların da çox böyük dəstəkçisi olduğundan azərbaycanlılar seçkilərdə aktiv iştirak edirdilər. Ümumilikdə götürdükdə isə soydaşlarımız "Gürcü Arzusu" Partiyasına səs verdilər".
Jurnalist qeyd edib ki, azərbaycanlılar bununla sülhə, sabitliyə və inkişafa səs vermiş oldular.
"Gürcü Arzusu"nun rəsmiləri də, üzvləri də, dəstəkləyiciləri də burada azərbaycanlıların önəmini xüsusi vurğulayırlar. Bildirirlər ki, azərbaycanlılar Gürcüstaın bir parçasıdır və heç bir diskriminasiyaya məruz qala bilməz. Azərbaycanlılar məktəbə, universitetə gedirlər. İstənilən işdə, hətta polis və ordu xidmətində çalşırlar. Ona görə də dinc və stabillik yolunu seçən "Gürcü Arzusu" Partiyasını da dəstəkləyirlər".
X.Mehdiyev söyləyib ki, bir neçə seçki məntəqəsində olublar:
"Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər normal keçdi. Lakin neqativ hallar da vardı. Gürcü ekspert və rəsmilər, eləcə də müşahidəçilər də bunu deyirdi. Marneulinin 69 saylı seçki məntəqəsində neqativ hal olduğu üçün Gürcüstan Mərkəzi Seçki Komissiyası bu məntəqəni dərhal bağladı. Zuqdidi adlanan ərazidə yenə neqativ hallar yaşandı. Digər bir neçə ərazidə də qayda pozuntuları vardı. Təbii ki, bu da normaldır. Müxalifətin təxribatı vardı. 20-30 nəfərlik qruplar küçə-küçə, məntəqə-məntəqə gəzib dava salırdılar. Hökumət bunu bilirdi və deyirdi ki, "biz bu cür provakasiyalara hazırıq". Maraqlısı odur ki, həmin şəxslərin yanında müxalifət televiziyaları da vardı. Onlar gələn kimi bunlar dava salmağa başlayırdılar. Ümumilikdə, seçkilər normal və şəffaf keçdi. İnsanların seçkilərə marağı hiss olunurdu. Böyük əksəriyyət "Gürcü Arzusu"na səs verdilər. Beləliklə də, sülhü, stabilliyi, gələcəyi dəstəklədi. "Gürcü Arzusu"na səs verməklə LGBT propaqandasına yox dedilər. Onlar xarici agentərə yox dedilər".