Modern.az

Köhnə qitədə NATO-ya inam azalıb - Yeni birlik TƏKLİF EDİLİR

Köhnə qitədə NATO-ya inam azalıb - Yeni birlik TƏKLİF EDİLİR

4 Noyabr 2024, 13:00

Avropa parlamentinin sədri Robert Metsola Avropa Müdafiə Birliyinin yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) tərəfindən yaradılan təhlükəsizlik və müdafiə alyansı NATO-nu tamamlayacaq: “Aİ həmişə daha güclü olmalıdır. Başqalarından nə gözlədiyimizi özümüzdən soruşmazdan əvvəl biz ardıcıl və effektiv olmalıyıq. AB ölkələri öz güclərinə arxalanaraq istənilən təhlükəyə hazır olmalıdırlar”.

 

Qeyd edək ki, Avropada yeni hərbi ittifaqın yaradılması əvvəllər də təklif edilib. Ancaq bu barədə ciddi addım atılmayıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Avropa İttifaqında NATO-ya alternativ güc mərkəzlərinin yaradılması uzun illərdir ki, müzakirə olunur:

 

“Adətən, bu məsələ Avropada təhlükəsizliklə bağlı problemlər ortaya çıxanda daha intensiv şəkildə gündəmə gəlir. Təbii ki, ABŞ Avropada belə bir güc mərkəzinin yaradılamasının əleyhinədir. Daha öncə Cozef Borrel və Emmanuel Makrondan belə təklifləri eşitmişdik. Lakin ABŞ bu məsələni arxa plana keçirməyi bacarıb. İndiyə qədər bu, belə olub. Çünki Avropa İttifaqının bir çox ölkələri məhz NATO üzvləridir. Avropada alternativ güc strukturu yaranarsa, NATO-nun özü zəifləyə bilər. Bu da dolayısı ilə Rusiyanın maraqlarına xidmət etmiş olar. Rusiya NATO-nu, NATO da Rusiyanın parçalanması və ya zəifləməsinə çalışır. Bu, heç kimə sirr deyil".

Ekspert söyləyib ki, Avropada belə bir hərbi alyansın yaranmasında əsas səbəb NATO-nun, xüsusilə də ABŞ və Fransanın Ukrayna cəbhəsində Rusiyadan daha zəif görünməsi, Rusiyanın son aylarda dinamik olmasa da, irəliləməsindən qaynaqlanır:

 

"Məhz bu, Avropanı təhlükəsizlik məsələlərinə yenidən baxmağa vadar edir. Avropada olan liderlər yaxşı anlayırlar ki, ABŞ-da Donald Tramp seçiləcəyi təqdirdə Rusiyanın Ukrayna cəbhəsində vəziyyəti daha da aqressiv xarakter alacaq. Rusiya Ukrayna məsələsində ciddi uğurlar əldə edərsə, Ukraynaya dəstək verən digər Avropa ölkələri də qeyri-müəyyən təhdid və təhlükələrlə üzbəüz qala bilərlər. Bu səbəbdən Avropa təkbaşına Rusiyanın təhdidləri ilə bacara bilməyəcəyini hiss edir və buna görə də hərbi alyans formalaşdırmağa çalışır. Amma bu proses çox müzakirə olunub, yenilik deyil. Təxminən 10 ildən çoxdur ki, bir neçə məsələdə ortaq hərbi məxrəci tapmağa çalışırlar. Amma hələlik bu mümkün olmayıb. Burada da əsas məsələ ABŞ-nin prosesə mane olmasından ibarətdir. Bu dəfə də mən Avropada ciddi güc mərkəzinin yaradılacağına ümid etmirəm. Çünki Avropa daxilində bir çox ciddi çatlar var. Mövqelərin fərqliliyi Avropaya ortaq güc mərkəzi yaratmağa imkan vermir".

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, köhnə qitədə NATO-ya inam azalıb:

 

"Avropa rəsmiləri və diplomatları arasında təhlükəsizliyin necə artırılması sualı ətrafında müzakirələr səngimək bilmir, sanki köhnə qitədə NATO-ya inam azalıb. Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etməsi buna misaldır. Metsola deyib ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nu tamamlayıcı bir qüvvə olacaq: “Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq”. Avropa Müdafiə İttifaqının yaradılması zəruridirsə, onda belə çıxr ki, NATO Avropanı qorumaq iqtidarında deyil".

 

Politoloq qeyd edib ki, Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir:

 

"Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: “Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”.

E.Şahinoğlu söyləyib  ki, Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlıq bir neçə amillə əlaqəlidir:

 

"Çin bölgədə hərbi gücünü artırıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib. Eləcə də Çin Rusiya ilə birgə dənizlərdə hərbi təlimlərin sayını artırması, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda Çinlə hərbi ittifaqı gücləndirməsi Tokionu ciddi narahat edir. Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib. Rusiyanın Çinlə birgə Yaponiya sahillərində hərbi təlimlərin miqyası genişlənib. Kremli Çinin Tayvan adasını nəzarətə götürmək siyasətinə dəstəyini artırıb.

 

Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil. Avropa Müdafiə İttifaqı ideya kimi irəli sürülüb, bunun reallaşması çətindir".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu