Modern.az

Prezident bu mövzudan ilk dəfə açıq DANIŞDI

Prezident bu mövzudan ilk dəfə açıq DANIŞDI

Analitika

9 Aprel 2025, 13:46

“Prezident İlham Əliyevin ADA Universitetindəki forumda Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etdiyi barədə açıqlaması diqqəti cəlb edib. Çünki, bu, dövlət başçısı səviyyəsində ilk dəfəydi səslənirdi. Əlbəttə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə Prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirildi”.

Modern.az-ın məlumatına görə, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Bu vasitəçilik Azərbaycan üçün ona görə əhəmiyyətliydi ki, ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, onlar arasındakı gərginlik ortadan qalxsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Tel-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb», - Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan iki ölkə arasındakı gərginliyin ortadan qaldırılması üçün yenə fəallığını artırıb.

“Bu mənada qısa zaman kəsiyində Prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirib. İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir. Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ Evdə görüşdə Türkiyənin ünvanına söylədiyi fikirlər İsraili Türkiyə ilə qarşıdurmadan çəkindirməlidir. Bakı kimi Vaşinqton da Türkiyə-İsrail gərginliyinin azalmasında maraqlıdır. Bu mənada Ankara ilə Tel-Əviv arasında yenidən dialoq imkanlarının formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini birləşdirə bilərlər”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?