Modern.az

Azərbaycan Şimali Kiprdə səfirlik AÇA BİLƏR

Azərbaycan Şimali Kiprdə səfirlik AÇA BİLƏR

Analitika

14 Aprel 2025, 15:00

Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin etməsi birmənalı qarşılanmayıb.

Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfrans zamanı Şimali Kiprə dəstək ifadə edib. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Antalyada keçirilən diplomatik forumda Azərbaycan Prezidenti Şimali Kipr lideri Ersin Tatarla görüşüb. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

IV Antalya Diplomatiya Forumunda çıxışı zamanı E.Tatar bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirərək qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istəyərdim”.

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT-nin Bakıda və Bişkekdə keçirilən zirvə toplantılarında iştirak edib.

Modern.az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının parlamentinin keçmiş spikeri, deputat Zorlu Töre bildirib ki, Özbəkistan, Qazaxıstan və Türkmənistan  Avropa İttifaqının göstərəcəyi yardıma aldanaraq yunan Kiprində səfirlik açıblar:

“Mən bunu belə təxmin edirəm. Şimali Kipr Türk Respublikasında da mütləq səfirliklərin açılması lazımdır. Biz Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvük. Türk Dövlətləri Təşkilatına daimi üzv kimi alınmadıq. Təşkilata daimi üzv kimi qəbul edilsək, TDT-yə üzv olan digər dövlətlər də Şimali Kipr Türk Cümhuriyyətini de-fakto tanımış olurlar. Onlar yunan Kiprini tanıyırlar. Belə olan halda Türk Dövlətləri Təşkilatı harada qaldı deyə suallar yaranır. Zamanla nə olacaq, görəcəyik. Hazırda hamımız "nə baş verir?” sualına cavab axtarırıq”.

Z.Töre yaxın bir vaxtda Azərbaycanın Şimali Kipr türk Respublikasında səfirlik açmasını gözlədiklərini  qeyd edib:

“Cənab Tatarın çağırışına müsbət cavab veriləcəyini düşünmürəm. Bunun üçün ciddi zəmin yaradılmalıdır. Hazırda lazımi infrastruktur yoxdur. Azərbaycanın yüskək səslə Şimali Kipr Türk Respublikasının, yaında olduğu ilə bağlı açıqlaması var. Biz Azərbaycanın Şimali Kipr Türk Respublikasında, Şimali Kipr Türk Respublikasının da Bakıda səfirlik açmasını gözləyirik. Yaxın bir vaxtda bu baş tutar. Digər türk respublikalarının Şimali Kiprdə səfirlik açması ehtimalı uzaqdır. Digər türk dövlətlərində hazırda müəyyən suallar var”.

Milli Məclisin deputatı Fazil Mustafa isə vurğulayıb ki, Ersin Tatarın çağırışı ətrafında müzakirələrin başlaması mümkündür:

“Əlbəttə bu çağırış beynəlxalq hüquqa uyğun formada öz həllini tapmalıdır. Şimali Kipr məsələsi özəl məsələdir. Ölkə başçısı İlham Əliyev də məsələ ilə bağlı fikirlərini əsaslandırılmış formada bildirib. Qeyd edib ki, problemin həllini istəyən ölkəni kənara qoyub, ona mane olan ölkəni Avropa Birliyinə alırlar. Burada məqsəd Şimali Kipri xəritədən silməkdir. Ancaq bu tərəfli yanaşmadır. Buna Azərbaycan kimi, Türkiyə kimi ölkələr müsbət baxa bilməzlər. Bu baxımdan da məsələ ətrafında müzakirələrin başlaması mümkündür. Müzakirələr də müəyyən nəticələr doğura bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?