Cənubi Qafqazda uzun müddət davam edən və Azərbaycanın möhtəşəm qələbəsi ilə həll edilən münaqişədən sonra regionda yeni reallıq yaranıb. Bu reallıq həm Ermənistanın özü, həm də regionda maraqlı olan xarici dövlətlər tərəfindən qəbul edilib.
Yeni reallıqlar fonunda uzun illər davam edən münaqişənin həlli üçün yaradılan mənasız qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. Söhbət ATƏT-in Minsk Qrupu və onunla yanaşı yaradılan strukturlardan gedir. ABŞ, Rusiya, Fransa kimi dövlətlərin həmsədrliyi ilə fəaliyyət göstərmiş bu qurum artıq fəaliyyətsiz və funksiyasız bir platforma kimi qəbul olunur.
Azərbaycan Prezidenti İlham Əliyev və rəsmi Bakı son aylarda dəfələrlə bu strukturun ləğv edilməsinin zəruriliyini vurğulayıb. 2020-ci il müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi və hərbi reallıqlar fonunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməsi Minsk Qrupunun mövcudluğunu əsaslandıran arqumentləri yoxa çıxarıb.
Azərbaycan sülh sazişinin bağlanması üçün irəli sürdüyü iki şərtdən biri Minsk Qrupunun ləğvidir. Ermənistan da bu çağırışlara qoşulsa da, onun addımı əməli deyil, hələlik sözdədir. İrəvanın konkret hüquqi və diplomatik addımlar atmaması, məsələnin beynəlxalq müstəvidə də qapadılmasını ləngidir.
Məsələ ilə bağlı diqqətçəkən hadisələrdən biri ATƏT-in baş katibi Feridun Sinirlioğlunun İrəvana səfəri oldu. Onun Azərbaycana da səfəri gözlənilir. Türkiyəli diplomatın regional səfəri zamanı rəsmi gündəlikdə Minsk Qrupunun taleyinə dair məlumat verilməsə də, kuluarlarda bu məsələnin müzakirə edildiyi ehtimal edilir. Lakin burada vacib bir hüquqi məqam var: ATƏT baş katibinin Minsk Qrupunun fəaliyyətinə son qoymaq səlahiyyəti yoxdur. Bu qərar yalnız təşkilata üzv ölkələrin razılığı və siyasi iradəsi ilə verilə bilər.
Baş katibin İrəvanda siyasətçilərlə görüşləri, əsasən, sülh sazişi prosesi, sərhədlərin delimitasiyası və bölgədə sabitliyin təmininə yönəlik müzakirələrlə bağlı olsa da, Minsk Qrupu mövzusunun da fon olaraq bu müzakirələrdə yer aldığı ehtimal edilir. Lakin real nəticə üçün daha çox siyasi iradə və xüsusilə Ermənistan tərəfindən konkret mövqe tələb olunur.
Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiya da bu strukturun buraxılmasını dəstəklədiyini açıq şəkildə bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması vəziyyətin köklü şəkildə dəyişdiyini göstərir. Bu səbəbdən, Minsk Qrupuna verilmiş mandat aktuallığını itirib. Zaxarova qeyd edib ki, bu mandatın formal olaraq ləğvi üçün ən uyğun yol Bakı və İrəvanın ortaq bəyanatla çıxış etməsidir.
Bu mövqe Rusiyanın özünün də Minsk Qrupunun siyasi və diplomatik ehtiyaclara cavab vermədiyini qəbul etdiyini göstərir. Əvvəllər Minsk Qrupunu Qərblə əməkdaşlıq platforması kimi görən Rusiya, son illərdə Qərblə münasibətlərində yaşanan gərginlik fonunda bu struktura ehtiyac duymadığını nümayiş etdirir.
Minsk Qrupunun digər həmsədrləri – ABŞ və Fransa – hələlik qurumun taleyi ilə bağlı rəsmi və açıq bəyanat verməyiblər. Lakin Azərbaycan tərəfi bu iki ölkənin, xüsusilə də Fransanın, prosesin rəsmiləşdirilməsinə mane ola biləcəyini istisna etmir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu yaxınlarda verdiyi müsahibədə vurğulayıb ki, Minsk Qrupunun ləğvi ilə bağlı "gizli oyunlar" qurula bilər. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın təklifi ilə razılaşdığını bəyan edə bilər, lakin bu zaman Fransa və ya ABŞ prosesin formal olaraq yekunlaşmasına əngəl törədə bilər. Xüsusilə Fransanın bu məsələdə aktiv şəkildə manevrlər etməsi gözləniləndir.
Fransa uzun müddətdir Ermənistanla yaxın münasibətlərə malikdir və regionda balanslaşdırılmış mövqe tutmaqdan daha çox, müəyyən tərəfləri müdafiə edən siyasət yürüdür. Bu səbəbdən də Minsk Qrupunun ləğvi, Paris üçün həm Rusiyaya qarşı geosiyasi balans, həm də Azərbaycana qarşı dolayısı vasitə kimi saxlanıla bilər.
Bütün bu amillər fonunda ATƏT-in Minsk Qrupu artıq nə siyasi reallıqlara, nə də sülh prosesi dinamikasına cavab verir. Qrup uzun illər boyu münaqişənin həlli üçün əsas diplomatik platforma sayılsa da, faktiki olaraq heç bir nəticəyə nail olmayıb. 2020-ci ilin müharibəsi, 2023-cü ildə birgünlük aniterror əməliyyatı və sonrakı proseslər isə münaqişənin real konfiqurasiyasını kökündən dəyişib – bu gün artıq əsas məsələ Azərbaycan-Ermənistan ikitərəfli münasibətləri və sülh sazişinin imzalanmasıdır.
Minsk Qrupu ləğvi yalnız hüquqi məsələ deyil, həm də simvolikdir. Artıq münaqişənin tarixdə qaldığını və yeni reallıqların yarandığını göstərəcək. Lakin bu addımın gerçəkləşməsi üçün təkcə Azərbaycanın iradəsi kifayət deyil. Ermənistanın konkret mövqeyi, ABŞ və Fransanın isə bu prosesə münasibətdə daha açıq və konstruktiv yanaşması vacibdir.
Qrupun ləğvi yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, həm də beynəlxalq diplomatiyanın səmərəliliyində yeni bir mərhələnin başlanğıcı ola bilər.
Modern Təhlil və Araşdırma Qrupu