Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri tərəflər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşlərdə enerji, nəqliyyat və regional sabitlik məsələləri əsas müzakirə mövzularından olub.
Səfər çərçivəsində Kallas Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib və ölkəmizin etibarlı tərəfdaş olduğunu bildirib. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın 10 Avropa ölkəsini qazla təmin etdiyini qeyd edib. Görüşlərdə həmçinin bərpaolunan enerji və Trans-Xəzər enerji dəhlizi üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Kaya Kallas bildirib ki, Aİ Azərbaycanla ticarət əlaqələrini yeni saziş əsasında genişləndirmək niyyətindədir.
Minaların təmizlənməsi və münaqişədən sonrakı bərpa işlərinə dair Avropa İttifaqının dəstəyi də gündəmdə olub. Xarici işlər naziri Ceyhun Bayramov 9 illik fasilədən sonra baş tutan bu səfəri mühüm fürsət kimi dəyərləndirib. O, Aİ ilə razılaşdırılmış məsələlərin 90 faizi üzrə irəliləyiş olduğunu, lakin praktiki addımların sürətləndirilməsinin vacibliyini qeyd edib.
Səfər zamanı Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişi üzrə müzakirələr də aparılıb. Kaya Kallas sülh sazişinin mətni üzrə razılığın əldə olunmasını müsbət qiymətləndirib və gələcək addımlara ümid ifadə edib. Bu səfər Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Qeyd edək ki, Estoniyanın sabiq baş naziri olan Kallas ötən ilin dekabar ayından Avropa İttifaqında yeni vəzifəyə başlayıb. O, Avropa İttifaqının rəsmisi kimi Bakıya ilk dəfədir səfər edir.
Səfəri Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir.
"Borrel açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edir və bu səbəbdən Bakıya səfər edə bilmirdi. Kaya Kallas isə İlham Əliyev və Ceyhun Bayramovla görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın davamını istəyir. Avropa İttifaqı Azərbaycan üçün əhəmiyyətli bazardır. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı böyük ehtimalla Kaya Kallasın diqqətinə çatdırılıb", - o qeyd edib.
Kaya Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş adlandırıb. “Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaya Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb.
"Bütün bunları Kaya Kallasdan əvvəl bu vəzifəni daşıyan Jozep Borreldən eşitməmişdik. Kaya Kallas minatəmizləmə işlərində Avropa İttifaqının Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaya Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın", - Elxan Şahinoğlu qeyd edib.