Modern.az

Azərbaycan–İran münasibətlərində keyfiyyətcə YENİ MƏRHƏLƏ

Azərbaycan–İran münasibətlərində keyfiyyətcə YENİ MƏRHƏLƏ

Analitika

19 May 2025, 14:36

Azərbaycan–İran münasibətləri son illərdəki gərginliklərdən sonra yenidən canlanmağa başlayıb. İki ölkə arasında qarşılıqlı səfərlər intensivləşib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilin əvvəlindən bu yana iki dəfə Tehrana səfər edib. O, ötən həftə İranın paytaxtında keçirilən "Tehran Dialoq Forumu"nda iştirak edib və burada verdiyi açıqlamalarla iki ölkə arasında münasibətlərin artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyib.

Prezidentin köməkçisi İran mətbutına verdiyi açıqlamada Məsud Pezeşkianı Azərbaycana sədərinin iki ölkə arasında əlaqələrdə yeni bir nəfəs və təkan olduğunu vurğulayıb: "Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.

Gərginlikdən əməkdaşlığa

Azərbaycanla İran arasında münasibətlər son bir neçə ildə gərgin mərhələlərdən keçib. Griginliyin artması xüsusilə İkinci Qarabağ müharibəsindən sonra hiss edilib. 2023-cü ilin əvvəlində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum isə bu hadisələrin kulminasiya nöqtəsi hesab edilir. 

Lakin 2025-ci ilin əvvəllərindən etibarən rəsmi Bakı və Tehran arasında qarşılıqlı anlayışa əsaslanan təmaslar intensivləşməyə başlayıb. Bu ilin ilk rüblərində İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfəri diqqət məkib. Səfər zamanı təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə edilib və tərəflər qarşılıqlı etimadın bərpası istiqamətində mesajlar veriblər.

Bundan az sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehrana işgüzar səfər edib. Bu səfərdə də ikitərəfli münasibətlərin müxtəlif aspektləri, xüsusilə regional təhlükəsizlik və enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Pezeşkianın Bakıya səfəri: münasibətlərdə yeni səhifə

Münasibətlərin normallaşmasında əlamətdar hadisələrdən biri də İran prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri oldu. Bu səfər zamanı Prezident İlham Əliyev və Pezeşkian arasında aparılan danışıqlar tərəflər arasında açıq dialoqun və əməkdaşlıq ruhunun gücləndiyini göstərdi.

Səfər çərçivəsində bir çox sahədə əməkdaşlığın genişləndirilməsinə dair razılaşmalar əldə olundu. Dövlət başçılarının birbaşa müzakirələri ikitərəfli münasibətlərin yalnız diplomatik ritorika ilə deyil, konkret layihələrlə də dəstəkləndiyini nümayiş etdirdi.

Artıq Azərbaycan–İran münasibətləri sadəcə diplomatik protokol çərçivəsində deyil, real əməkdaşlıq formatında inkişaf etməyə başlayıb. Nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri, Araz çayı üzərindəki infrastruktur qurğuları, eləcə də Cənubi Qafqazda sabitliyin təşviqi bu münasibətlərin yeni sütunlarına çevrilir.

Azərbaycan tərəfi regional əməkdaşlıqda İranın iştirakını müsbət dəyərləndirir. Bu baxımdan Zəngəzur dəhlizi, Şimal–Cənub Nəqliyyat Dəhlizi və digər transregional layihələrdə qarşılıqlı maraqların uyğunlaşdırılması gündəmdədir.

Bütün bu proseslər göstərir ki, Azərbaycanla İran arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçıları səviyyəsində qurulan etimad mühiti, yüksək səviyyəli diplomatik səfərlər və qarşılıqlı xoş niyyət, ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün münbit zəmin yaradır.

Hazırda tərəflər üçün əsas vəzifə bu dinamikanı qorumaq, siyasi iradəni praktik layihələrlə möhkəmləndirmək və Cənubi Qafqazda sabitlik və inkişaf naminə birgə çalışmaqdır.

Modern Təhlil və Araşdırma Qrupu

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?